Horadizdə Xocalı soyqırımı abidəsi açılıb-FOTO
Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidənin açılış mərasimi olub.
Yenixeber.org: Tədbir iştirakçıları abidənin önünə əklil və tər çiçək dəstələri qoyub, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
İctimaiyyət nümayəndələrinin, əmək kollektivlərinin, gənclərin, Qarabağ müharibəsi veteranlarının, N saylı hərbi hissənin əsgər və zabitlərinin iştirak etdiyi tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, 26 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. Bildirib ki, Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsi bəşər tarixinin xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirib, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb. Dinc əhaliyə qarşı qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirir.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, 1992-ci il fevralın 26-sı Azərbaycan və dünya, bəşər tarixinə insanlıq əleyhinə ən qanlı cinayət kimi yazılıb. 26 ildir ki, xalqımız, o cümlədən xocalılılar bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində, həyatında daşıyır, bu günü unutmur.
Bahar Muradova qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətini, dünya dövlətlərini bu soyqırımına biganə qalmamağa, beynəlxalq hüququn prinsiplərinə əməl edərək, ona siyasi və hüquqi qiymət verməyə çağırır. Bununla əlaqədar beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin, parlamentlərin qəbul etdiyi sənədlər olsa da, Xocalı soyqırımını həyata keçirən qaniçən erməni cəlladlarını, əli günahsız insanların, uşaqların qanına batmış qatilləri beynəlxalq məhkəmə qarşısına çıxarmaq mümkün olmayıb. Gün gələcək insanlıq əleyhinə cinayət törədənlər mühakimə olunacaqlar. Onlar heç zaman bu qanlı ləkəni üzərlərindən silə bilməyəcəklər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında Xocalıda dinc, günahsız insanlara qarşı törədilən kütləvi qırğın, ağır cinayət əməllərindən bəhs edib. Bildirib ki, Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Fuad Hüseynov Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulayıb. Diqqətə çatdırıb ki, 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə mühüm işlər görülür. “Azərbaycan” internet portalı yaradılıb, “Qarabağ həqiqətləri” adlı toplu dünyaya çatdırılıb. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, foto sərgilər təşkil edilir, kitablar, bukletlər hazırlanır. Xocalı faciəsi artıq bir sıra ölkə parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınıb, bu barədə müvafiq qətnamələr qəbul edilib.
Komitə sədrinin müavini bildirib ki, digər işğal olunmuş rayonlar kimi, Xocalıdan olan məcburi köçkünlər də dövlətimizin qayğısı ilə əhatə olunub. Xocalıdan olan 1857 ailə yeni mənzillərlə təmin edilib.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və N saylı hərbi birliyin komandir müavini Elşad Əbilov Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə abidə ucaldılmasını yüksək qiymətləndiriblər. Bildirilib ki, Azərbaycan Ordusu şəhidlərimizin qisasını almağa, işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır və buna qadirdir.
Sonda tədbir iştirakçıları məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsm sərgisinə baxıblar.Azərtac