Valideynlərin məktəb qayğısı
"Xeberinfo.com": Bir neçə gündən sonra dərs ili başlayır. Kimi sevinir, kimini isə qəhər boğur. Çünki məktəb ləvəzimatları ildən-ilə bahalaşır. Ailədə bir neçə məktəbli olan valideynin bu problemi qarşılamağa maddi imkanı çatmır.
Valideynlərin məktəb dərdi
Ötən gün paytaxtın bir neçə ünvanına baş çəkib qiymətlərlə maraqlandıq. Metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Zəka” kitab evində çantalar 20-50 manat arasındadır. Sözügedən ünvanda karandaşlar 2 manatdan başlayır. Xətkeş, qələm isə 20 qəpikdən başlayıb 1 manat 50 qəpiyə manata qədər davam edir.
Övladları ibtidai sinifdə oxuyan valideynlər onlar üçün su qabı almaq eşqinə düşərsə formasından, materialından, üzərindəki şəkildən asılı olaraq 4 manatdan 20 manata qədər pul saymalıdır. Rəsm dəftərləri də burada ucuz deyil. Nazik vərəqli, üzü sadə olan rəsm dəftərləri 80, daha yaxşıları isə 3 manat 50 qəpiyədir. Çötkələr isə 4-11 manat arasındadır.
Bizimlə söhbət edən valideynlər qiymətlərin bahalaşmasındasn narazılıq edirlər. Onların sözlərinə görə, bir məktəblinin dərs ləvəzimatları 150-200 manata başa gəlir: “Bunun geyimi, hazırlığa getməyi var. Bütün bunları hesablayanda ilə ən azı 2-3 min manat lazımdır. Bu isə imkan xaricindədir. Müəyyən güzəştlər edilsə, yaxşı olar. Məsələn, Bakı Tikiş Evi ailədə üç məktəbli olana qiymətlərdə endirim edirdi. Bu yaxşıdır. Ancaq evində iki şagird olan valideyn üçün də problemi həll etmək asan məsələ deyil”.
Qiymətlər ildən-ilə artır
“Elmlər Akademiyası” yaxınlığında olan məktəbli dükanlarına da daxil oluruq. Orada da qiymətlər ucuz deyil.
Satıcılardan öyrəndik ki, ötən illə müqayisədə qiymətlərdə artım var. Məsələn, sadə qələmlər 4-6, dəftərlər 4-10, rəsm dəftərləri, rəngli qələmlər 10-15 qəpik, məktəbli çantaları isə 3-6 manat bahalaşıb.
Birinci sinif şagirdləri üçün 12 vərəqli dəftərin bir ədədi 10, ancaq daha keyfiyyətli dəftərlər isə 20 qəpikdir. 20 vərəqli dəftər 20, 40 vərəqli 25-30, 100 vərəqli isə 60-70 qəpiyə satılır. Qələmlərin qiyməti də növündən asılı olaraq, 20 qəpik-4 manat arasında dəyişir. Sadə qara karandaşın bir ədədi 10-20 qəpikdir. 6 və 12 ədəd karandaş dəstlərinin qiyməti 60 qəpik-3 manat arasındadır. 24 ədəd rəngli karandaşın qiyməti isə keyfiyyətindən asılı olaraq, 5-8 manat arasında dəyişir. Şəkil albomlarının qiyməti isə ölçüsü və kağızın keyfiyyətindən asılı olaraq, 50 qəpikdən 4 manata qədərdir. Eyni flomaster dəstini də sayından və keyfiyyətindən asılı olaraq, 2 manatdan 10 manata qədər almaq olar. Plastilinin ən ucuzu 40 qəpik, bahası isə 3 manatdır. Pozanların qiyməti 20-80 qəpik arasındadır. Ən ucuz su qabı Çin istehsalıdır ki, onun qiyməti 2, Türkiyə, Dubay istehsalı olanlar isə 6-13 manatdır.