Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəmə iclası davam etdirilib
Yenixeber.org: Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elnur Məmmədov suallara cavab verib.
O bildirib ki, ona dəymiş ziyandan 144 min dollar qaytarılıb: "Digər pulları da qaytarmağa cəhd edir, amma ölkədən çıxmaq şərti ilə. Rövşən ölkədən çıxandan sonra pulları ödəyəcəyini deyir".
E.Məmmədov şikayətçi olduğunu və 68 min dollar dəyərində mülki iddiasının təmin edilməsini istəyib.
R.Heybətov qeyd edib ki, bizneslə əlaqədar olaraq E.Məmmədovdan 200 min dollar götürüb Türkiyəyə gedib: "Elton Məmmədovdan da xeyir-dua aldım. Ona həmin pula cavabdeh olduğumu dedim. Hazırda araşdırmışam, Türkiyədə məni vurub, pulları götürüblər. Əgər dələduzluq etsəydim heç geri qayıtmazdım. 20 min dollar bir, 25 min dollar da bir vermişəm. Pulu yavaş-yavaş qaytaracam".
Təqsirləndirilən şəxs ona vaxt verilməsini istəyib: "Elton müəllimə də demişəm. Moskvaya gedim, 1 həftəyə qalıb pulu da gətirim. Hətta onların vəkili ilə gedə bilərəm. Amma Elnur buna razı deyil. Bildirir ki, guya mən qaçaram. Yenə deyirəm, bilirəm ki, həmin pulu Türkiyədə məndən götürdülər. Hadisə ilə bağlı jandarma məndən ifadə aldı. Pulların yoxa çıxması barədə onlara bildirdim, lakin dedilər ki, pulu maşında axtarın".
R.Heybətov ifadəsində vurğulayıb ki, 200 min dollara Türkiyədən tütün almaq istəyib: "Mən deməmişəm ki, pulu Türkiyədə otelin seyfinə qoyacam. Elnur mənə icazə vermədi ki, şikayətçi olum. Dedi ki, "atam Türkiyədə oranın millət vəkilləri ilə danışacaq". Mən də ona görə şikayətçi olmadım".
O qeyd edib ki, E.Məmmədov ona 200 min dollardan əlavə 10 min dollar da beh pulu verib. R.Heybətov bildirib ki, Türkiyəyə gedən 200 min dollar ölkədən qeyri-qanuni yolla çıxıb: "Mənə pulu orada verdilər".
Məhkəmənin növbəti iclası fevralın 9-na təyin edilib.
Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs qismində sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov tanınır.
E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, R.Heybətovun onun etibarından sui-istifadə edərək külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R.Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.
İttiham aktına görə, E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R.Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.
İttihama görə, R.Heybətov E.Məmmədovun 210 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.
Xatırladaq ki, E.Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.