YENİ TƏHSİL NAZİRİ TƏYİN OLUNUBMU? –Müəmma (Yenilənir)
Yenixeber.org: Prezident İlham Əliyev Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyevin Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin olunması haqqında Sərəncam imzalayıb. Bu barədə Prezident Administrasiyasına yaxın “Movqe.az” saytı məlumat yayıb, lakin təxminən 1 saatdan sonra da məlumatı silib. Sayt bununla bağlı heç bir izahat verməyib.
“Movqe.az”a istinadla xəbəri tirajlamış digər saytlar da nazir təyinatı haqda xəbəri siliblər. Nə baş verdiyini aydınlaşdırmaq çətindir. Lakin çox böyük ehtimalla, bu xəbər tam əsassız deyil. İstisna deyil ki, məlumat vaxtından əvvəl – qəti qərar verilməmiş mediaya sızıb.
YUSİF MƏMMƏDƏLİYEV KİMDİR?
Yusif Məmmədəliyev 1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbini bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə qeyd olunan institutda bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati İdarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsini alıb.
1997-ci ildə 18 yaşlı Y.Məmmədəliyev Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb.
2002-2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.
2003-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Leyla Əliyevanın rəhbərliyi ilə “İlhamla İrəli” şüarı altında gənclərin təşəbbüs qrupunun tərkibində İlham Əliyevin seçkiqabağı kampaniyasında iştirak edib.
2005-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib vəzifələrində çalışıb.
2009-2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.
2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra Daimi Nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini alıb.
2013-cü il 1 may – 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışıb, ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib.
2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində iş fəaliyyətini davam etdirib.
2017-ci il 1 iyun tarixində Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin edilib.
Y.Məmmədəliyev akademik Yusif Məmmədəliyevin nəvəsidir.(azpolitika)