Azərbaycan və Braziliya xarici işlər nazirlərinin görüşü keçirilib
Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Azərbaycanda rəsmi səfərdə olan Braziliyanın xarici əlaqələr naziri Aloysio Nunes Ferreira ilə görüşüb
Yenixeber.org: Görüşdə iki ölkə arasında qurulmuş siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə edilib və ikitərəfli əməkdaşlığın keyfiyyətcə daha yuxarı müstəviyə qaldırılması üçün qarşılıqlı səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər salıblar.
E. Məmmədyarov A. Nunesin səfərinin Azərbaycanla Braziliya arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edib.
A. Nunes bildirib ki, səfəri ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına verdiyi dəyərin göstəricisir və Braziliya Azərbaycanın yürütdüyü praqmatik və balanslaşdırılmış xarici siyasəti təqdir edir.
Nazirlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin, eyni zamanda, Azərbaycanla Braziliya iqtisadi-ticari əlaqələrin təşviqi baxımdan Birgə İşçi Qrupunun fəaliyyətinin intensivləşdirilməsinin önəmini qeyd ediblər.
Tərəflər ikitərəfli münasibətlərdə parlament diplomatiyasının xüsusi yer tutduğunu və bu xüsusda, hər iki ölkə parlamentində yaradılmış dostluq qruplarının üzvləri arasında təmasların artırılmasının əhəmiyyətini vurğulayıblar.
Görüşdə tərəflər arasında baxılmaqda olan sənəd layihələrinə nəzər salınıb, bu əsnada müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin, ikitərəfli münasibətlərdə mühüm platforma olan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətinə toxunulub.
Nazirlər iki ölkə arasında humanitar və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər kənd təsərrüfatı, enerji, kimya, yeyinti sənayesi, turizm, elm-təhsil sahəsində, o cümlədən universitetlər arasında əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.
E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışdı və BMTTəhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Nazir Braziliyanın münaqişənin BMT TŞ-nın qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasına dair mövqeyinin yüksək qiymətləndirildiyini qeyd edib.
O, paytaxt Bakının "EXPO-2025"-in keçirilməsinə namizəd şəhər olduğunu bildirərək, bu tədbirə ev sahibliyi etmək niyyəti ilə Azərbaycanın insan kapitalının inkişafı ilə bağlı məqsəd və məramları barədə məlumat verib.
Görüşdə beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən BMTTəhlükəsizlik Şurasında islahatlara dair fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA universiteti və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyinin Rio Blanco İnstitutu arasında diplomatların treyninqi ilə bağlı qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunu Azərbaycan tərəfdən ADA Universitetinin rektoru Hafiz Paşayev, Braziliya tərəfdən xarici işlər naziri Aloysio Nunes Ferreira imzalayıblar.