Filippində Maravi bölgəsini işğal edən Maute terror təşkilatının lideri İsnilon Hapilon öldürülüb.

Yenixeber.org: Xarici mediaya istinadən xəbərə görə bu hadisə ilə may ayından bəri Filippin ordusu ilə davam edən müharibədə bu günə qədər ən ciddi nəticə əldə edilib. Ordu qüvvələrinin təşkilatın digər əsas şəxslərindən olan Ömər Xəyyam Mauteni öldürdüyü də bildirilir.

İŞİD-in Filippin qolu olan Maute ilə müharibənin yaxın günlərdə yekunlaşacağı ehtimal edilir.

Qeyd edək ki, Hapilon ABŞ tərəfindən axtarılan şəxslər sırasında ilk yerlərdə qərarlaşıb. Federal Tədqiqatlar Bürosu Hapilonun tutulması üçün informasiya verəcək şəxsə 5 milyon dollar vəd etmişdi.

Onu da qeyd edək ki, Filippin və ABŞ ordusu tərəfindən may ayından bəri Mauteyə qarşı keçirilən əməliyyatlar zamanı 813 terrorçu öldürülüb. Qarşıdurmalarda 47 mülki şəxs və 162 əsgər də dünyasını dəyişib. 200 min nəfər mülki şəxs isə yaşadıqları yeri tərk etmək məcburiyyətində qalıb. 

Maute 1991-ci ildən Malaziya və Filippin arasında yerləşən adalarda fəaliyyət göstərən Əbu Səyyaf təşkilatının bir qoludur. Yaxın dövrlərdə isə İŞİD-ə bağlı olduğunu elan etmişdi. Təşkilatın məqsədi Mindanao və Sulu bölgələrində müstəqil dövlət qurmaqdır. Şiddət, adam qaçırma kimi hadisələrin təşkilatçısı olan terrorçu qrup son illərdə turistlərin başını kəsərək dünyanı dəhşətə gətirmişdi.

Əbu Səyyaf ötən ilin avqust ayında 18 yaşlı əsirin başını kəsmiş, bu hadisədən sonra Filippin prezidenti Rodriqo Duterte təşkilatı məhv etmək barədə əmr vermişdi.(qaynar)

Gülşən