Bakıda bütün otel nömrələri o gün üçün bron edildi
Bir zamanlar turist azlığından gileylənirdiksə, indi turist bolluğundan, özəlliklə də ərəb turistlərin çoxluğundan şikayətlənirik. Amma unuduruq ki, turizm sahəsinin inkişafı, turist bolluğu ölkə büdcəsinə birbaşa təsir edən amildir
Yenixeber.org: Bu sözləri turizm sahəsi üzrə ekspert Bahadur Bilalov ölkəmizdə turizmin vəziyyəti təhlil edərkən deyib.
Statistik göstəricilərə görə, dünya üzrə ümumi daxili məhsulun 10 faizinin, ixracatın 8 faizinin beynəlxalq turizmin payına düşüyünü vurğulayan ekspert göstərilən xidmətlərin təqribən üçdə birinin beynəlxalq turizm vasitəsilə həyata keçirildiyini bildirib:
“Uzun müddət idi ki, Azərbaycanda yalnız birmövsümlü turizm istiqaməti inkişaf etməkdə idi. Bu da hər zaman tənqid hədəfi olurdu ki, niyə Azərbaycanda yalnız yay – çimərlik turizmi inkişaf edib. Və bununla bağlı olaraq ölkə vətəndaşları da qış aylarında xarici ölkələrə üz tuturdular. Amma artıq 4 ilə yaxındır ki, ölkədə qış turizminin inkişaf etdirilməsi ilə bağlı ciddi addımlar atılır. Bildiyiniz kimi, Qəbələ rayonu da daxil olmaqla, bir sıra regionlarda qış turizmi ilə bağlı istirahət mərkəzləri istifadəyə verilib. Bununla da Azərbaycanın turizm sektorunda mövsümilik amili yavaş-yavaş aradan qaldırılır. Əvvəllər Azərbaycanda turizm yay mövsümünə iyun ayının ortalarından başlayıb, sentyabrın ortalarında bitirdisə, artıq indi ölkə turizmi həm yerli, həm də xarici turistlərə il boyunca aktiv xidmət fəaliyyəti göstərməkdədir. Və ölkə vətəndaşları qış aylarında turist səfərləri üçün xarici ölkələrə üz tutmurlar. Eyni zamanda bu məqsəd ilə də Azərbaycana davamlı turist axını müşahidə olunur. Məndə olan məlumata görə, yeni il ilə bağlı artıq Azərbaycanda olan bütün otellərin nömrələri bron edilib.
Bir zamanlar ölkədə turist azlığından gileylənirdiksə, indi turist bolluğundan, özəlliklə də ərəb turistlərin çoxluğundan şikayətlənirik. Amma unuduruq ki, turizm sahəsinin inkişafı, turist bolluğu ölkə büdcəsinə birbaşa təsir edən amildir”.
B.Bilalov onu da əlavə etdi ki, əhalinin bütün təbəqələrinin tələbatını qarşılamaq üçün üç və daha az ulduzlu otellər şəbəkəsinin inkişafı sürətləndirilməlidir:
“Yay turizmi ilə bağlı qiymətlər müxtəlifdir. Xüsusilə də bir çox məqamda əhalinin büdcəsinə uyğun gəlmir. Çünki əsasən də paytaxt otellərinin böyük əksəriyyəti beşulduzlu otellərdir. Bu da orta azərbaycanlı üçün uyğun deyil. Dünya praktikasına görə, turizmi inkişaf etdirmək üçün üç və daha aşağı ulduzlu otellər şəbəkəsi genişlənməlidir. Əhalinin bütün təbəqələrinin tələbatını ödəyən otellər olmalıdır. Sevindirici haldır ki, bununla bağlı son dövrlər Bakı və ətraf regionlarda hostellər şəbəkəsi də inkişaf etməyə başlayıb”.