Dağlıq Qarabağa qeyri-qanuni turist səfərlərinə qadağa
“28-29 may tarixlərində BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurası təklif etdiyimiz “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı qətnamə ilə bağlı qərar qəbul etməsinə Ermənistan ciddi şəkildə müqavimət göstərdi”.
"Xeberinfo.com": APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.
Ə. Qarayev bildirib ki, Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatının 2014-cü ilin oktyabrında Səmərqənddə keçirilmiş 99-cu iclasına “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” məqsədilə qətnamə layihəsi təqdim edib: “Şura həmin iclasda qərara alıb ki, məsələ Dünya Turizm Etikası Komitəsi tərəfindən tövsiyə şəklində növbəti 100-cü sessiyaya təqdim edilsin. Qeyd edim ki, Səmərqənddə çox qızğın müzakirə keçirilirdi. Bu il 28-29 may tarixlərində Xorvatiyanın Rovin şəhərində keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyasında bu məsələ müzakirə edildi. Mən tədbirdə çıxış edərək sənədin əhəmiyyəti barədə məlumat verdim. Məsələ geniş müzakirə olundu və Şura üzvlərinin dəstəyi ilə Azərbaycanın təqdim etdiyi qərar mətni qəbul olundu. Qərarda deyilir ki, bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etika Kodeksinə, BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etika prinsiplərinə uyğun həyata keçirilməlidir. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən turistin başına bir iş gəlsə, buna kim cavab verəcək? Artıq bu sənəd bizə imkan verəcək ki, biz beynəlxalq sərgilərdə Qarabağı öz torpaqları kimi təqdim edən ermənilərin ora turist səyahətləri təşkil etməsinin qarşısını alaq”.
Nazir qeyd edib ki, bu sənədin qəbulu ilə Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin beynəlxalq turizm sərgilərində və digər tədbirlərdə təbliğinin qarşısının alınması üçün çox mühüm beynəlxalq üstünlük əldə edilib: “Bu qərar münaqişəli ərazilərin, Azərbaycan üçün Ermənistan tərəfindən işğal edilmiş ərazilərin xarici turizm sərgilərində və digər yollarla təbliğinin qarşısının alınması üçün istinad ediləcək beynəlxalq sənəddir. Qərar bilavasitə Turizm üzrə Qlobal Etika Kodeksinə, BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının bütün etika prinsiplərinə əsaslanır. Turistlərin təhlükəsizliyi, ölkələrin suverenliyinə hörməti təşviq edir. Bundan sonra qəbul edilmiş qərarı BMT Ümumdünya Turizm Təşkilatının bütün üzv ölkələrin xarici işlər, turizm sahəsinə məsul nazirliklərinə, beynəlxalq turizm sərgilərinin təşkilat orqanlarına, ölkəmizin xaricdəki və xarici ölkələrin ölkəmizdəki səfirliklərinə göndərəcəyik. Bu qərara xüsusi izahedici sənədlər də əlavə olunacaq ki, həmin sənədlərdə Turizm üzrə Qlobal Etika Kodeksinin müvafiq prinsipləri göstəriləcək”.