Ekspedisiyanın rəhbəri İlyas Babayev deyib: "Bu vaxta qədər burada 28 sütun altlığı tapılıb. Görünür, burada 100-dən çox sütun altlığı var. Sarayın 8 metr enində, 25 metr uzunluğunda giriş hissəsi olub, onun arxasında 675 kvadratmetrdə audiensiya zalı yerləşir, ətrafında isə dəhlizlər və böyük zallar var. Burada tapılan maddi mədəniyyət nümunələri azdır, ancaq elitardır. Gil qablar çox azdır. Halbuki saray olmasaydı, gil qablar çoxluq təşkil edərdi. Ən maraqlısı isə burada mixi yazıların olmasıdır".
Hazırda ekspedisiya saraya aid edilən 5-ci sahə adlanan ərazinin qazıntısını aparır. Beynəlxalq ekspedisiyanın tərkibində almaniyalı arxeoloqla yanaşı, milliyyətcə yapon olan, Ankara Universitetinin magistrantı Masumi Uehara da iştrak edir.
Masumi Uehara bildirib ki, 10 gün davam edən qazıntılarda kərpic tikililər və onun bərabərində zibil çökəklikləri aşkarlanıb, keramika və küp parçaları, daş alətlər tapılıb.
Qeyd edək ki, saray və onun divarla əhatələnmiş hissəsinin ərazisi 20 hektardır. Hələlik bu sarayın yalnız giriş zalı və özünün bir hissəsi qazılıb. Sarayın e.ə. V əsrin birinci yarısında, 2480 il bundan əvvəl tikildiyi güman edilir.