“Aqrolizinq” fermerləri necə aldadır?
İstifadəyə yararlı olmayan kombaynlar on illik kreditə verilir, yeni kombaynlar isə gizlədilir, fermerlər çətin durumda…
"Xeberinfo.com": Bir neçə gün əvvəl ölkəyə yeni kombaynların gətirildiyi xəbəri yayılıb. Hətta kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilmiş 147 ədəd kombaynın təqdimatı olub.
Kombaynlardan 80 ədədi Belçika istehsalı olan “New Holland”, 60 ədədi Almaniya istehsalı olan “Class” və 7 ədədi Finlandiya istehsalı olan “Sampo” kombaynlarıdır. Bildirilir ki, texnikaların göstəriciləri və istismar qaydalarını mənimsəyən, kursları bitirən mexanizatorlara sertifikatlar verilib. Həmçinin bir qrup sahibkara kombaynların açarları təqdim olunub.
Ötən mövsümdə ölkədə ciddi kombayn çatışmazlığının yaranması məhsul itkisinə də səbəb olmuşdu. Rayon yerlərində məhsulu yığmaq üçün texnika çatışmırdı. Ancaq nədənsə mövsüm sona çatandan sonra kombayn alınmasına vəsait ayrıldı. Taxılyığan kombayn almaq üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrıldı. Ekspertlər isə bildirirlər ki, bu vəsaitin əksər hissəsi aqrar sektor boslarının cibinə axacaq. Həmçinin ekspertlər alınacaq 147 kombaynın da kifayət etmədiyini vurğulayırlar.
Əldə etdiyimiz məlumata görə isə fermerlərə yeni kombaynlar yox, uzun illər işlədilmiş və istismara demək olar ki, yararsız kombaynlar verilir. Ciddi təmirə ehtiyacı olan bu kombaynlar fermerlərə baha qiymətə satılır.
Bildirilir ki, bu, bütün rayonları əhatə edir və vəziyyət çox ciddidir. Kombaynları məcbur olub alan fermerlər isə onlara əlavə xərc çəkərək təmir etdirməli olurlar. Oğuz rayon sakini Vaqif Davudov da bu cür problemlə qarşılaşdığını bildirir. Onun sözlərinə görə, qardaşı Yamən Davudova “Aqrolizinq” bu cür yararsız kombayn satıb. Kombayn Bəxtiyar İsmayılov adlı şəxsin adına alınıb. “2006-cı ildə Azərbaycana ”Aqrolizinq”in xətti ilə kombayn gətiriblər. Onların qiyməti 43-47 min manat arasıdır. Kombaynlar səkkiz il istismar edildikdən sonra qurumun rayon şöbələrinin nəzdindən çıxarılıb fermerlərə satılır. Kombaynı fermerə 30 min manata satırlar.
Onlar tam köhnədir, işlənmişdir. Qardaşım bu il aldığı kombaynın təmiri üçün 7 min manat vəsait xərcləyib. Almasa da, olmur, ayrı əlac yoxdur. Taxılı yığışdırmaq üçün texnika yoxdur. Həmin kombaynları 8 ildə biçin normasından artıq işlədiblər, həmçinin dövlətə ödənməli olan vəsait mənimsənilib. “Aqrolizinq” dövlətə köçürməli olan vəsaitin kiçik bir hissəsini ödəyib, qalanını mənimsəyiblər. İndi də sahibkarlara həmin işlənmiş kombaynları on illik kreditə verərək baş qatırlar, həm də daha çox qazanırlar. Fermer isə taxıl biçini zamanı yenə əlacsız vəziyyətdə qalacaq. Özlərinin ödəməli olduğu vəsaiti indi fermerlərin boynuna yükləyiblər”. Onun sözlərinə görə, “Aqrolizinq” yeni aldığı kombaynları gizlədir və fermerlərə təmirə ehtiyacı olanları paylayır.
Bildirilir ki, ölkəyə 8 il əvvəl gətirilən hər kombayna görə “Aqrolizinq” 8 il ərzində cəmi 13 min manat dövlətə vəsait ödəyib. Bu, hər ilə 1600 manat ödənilmə deməkdir. Gündəlik minimum biçin normasının 10 ha olduğunu nəzərə alsaq, 1 hektarın qiyməti 30 manata başa gəlir. Mövsüm ərzində azı 450 hektar sahə biçmək mümkündür. Bu da 13000 manat edir. Ən azı, hər il “Aqrolizinq”ə 5000- 6000 manat ödənildiyi bildirilir, deməli, hər kombayna görə bir ildə 4400 manat yeyinti olub. Bu, lizinq rəhbərliyi tərəfindən mənimsənilmənin təxmini hesabıdır.