Putin azərbaycanlı oliqarxlardan necə istifadə edir?
Qərbin rəsmi Moskvaya sanksiyalar tətbiq etməsi, dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Rusiya prezidenti Vladimir Putinin siyasi çevrəsini əməlli silkələyib. Büdcə kəsirlərinin 20%-ə çatdığı bir dönəmdə Rusiya, çıxış yolu axtarır.
Xeberinfo.com: “Vedemosti”nin xəbərinə görə, Putinin nin siyasəti azərbaycanlı oliqarxlardan da yan keçmir.
Putin Şimali Qafqaza səfəri zamanı azərbaycanlı oliqarx Vahid Ələkbərova “Rosneft” şirkətinin səhmlərinin bir hissəsini almağı təklif edib.
Belə olan halda, Putin, azərbaycanlı oliqarxlardan necə istifadə edir? Azərbaycanlı oliqarxlarımız Putinin işinə necə yarayır?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
“Rusiya 90-cı illərdən sonra neft-qaz ölkəsi kimi xüsusi inkişaf yolunu tapıb. “Lukoil” dünyada çox nəhəng olan şirkətlərdən biridir. Bir neçə gün öncə Şimali Qafqazda keçirilən görüşlər zamanı ən sonda Vahid Ələkbərova “Rosneft”in özəlləşdirməsində iştirak təklifi səsləndirilib. Burada heç nə yoxdur.
Əksinə “Lukoil” ,dünyada özünəməxsus yer tutmaqla karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, yeri bilavasitə, vətəndaşlara çatdırılması yönündə çalışan, fəaliyyət göstərən çox mühüm qurumdur. Fərdi rəsmi gəlirlərin bir hissəsinin “Rosneft”in özəlləşməsinə qoyulması yanlış başa düşülür.
“Putin ətrafında olan korporasiyalardan büdcənin doldurulmasını təmin edir” kimi məlumatlar yanlışdır. Bu layihə etibarı ilə müstəqildir. Bir çox hallarda kənar iradənin məhsulu kimi çıxış edir. Dəfələrlə bu tipli məlumatlar orada yer almaqdadır.
“Sanksiyalardan sonra Rusiya o dərəcədə zəifləyib ki, bunu yalnız müxtəlif oliqarxların zorla əllərindən xərclərin alınması şəklində büdcəni dolduracağı” kimi təqdimat səhvdir. Bir sıra hallarda ayrı-ayrı qüvvələrin informasiya tələlərinə düşürük. Məsələ ondadır ki, bu gün ayrı-ayrı ölkələrin trilyonlarla borcu var. Avropa ölkələri, Amerikanı misal göstərmək olar. Böyük dövlət olmağın böyük də borcları var. Son 5 ildə Ukrayna hadisələri, ardınca Suriya münaqişəsi Rusiyanı müxtəlif sanksiyalara məruz qoyub”.
Deputatın sözlərinə görə, Putinin azərbaycanlı oliqarxlardan istifadə etməsi fikirləri düzgün deyil.
“Mənə elə gəlir ki, “azərbaycanlı oliqarxlarımız Rusiya büdcəsinin kəsirini doldurular” kimi qənaətinə gəlməyimiz çox səhvdir. Əgər “Lukoil” Rusiyada öz imkanlarını genişləndirəcəksə, bu, çox böyük addım olacaq. Nəzərə alın ki, onun törəmə qurumlarının sayı 50-dən artıqdır. İri döngələrə malik olan qüvvələrin soyulmasını, pulların talan edilməsini dövlət tərəfindən bolşevikcəsinə təqdim etmək çox yanlışdır. Düşünürəm ki, Rusiyanın özünəməxsus siyasəti var.
Ölkədən çıxan kapitalın yerini doldurmaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Özəlləşmə bunlardan birincidir. Aqrar sektorun inkişafı ikinci yoldur. Üçüncüsü, üzünü digər məkanlara çevirməkdir. Hətta, bunların içərisində Azərbaycan da özünə yeni bazarlar və məkanlar qazanmaqdadır”.