Rusiya mediası Lənkəranskinin qatillərini tapdı
Rövşən Lənkəranskini kürdlər öldürüblər.
Xeberinfo.com: Bu barədə informasiyanı Rusiyanın “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb.
İddiaya görə, Rövşən artıq çoxdan İstanbulda məskunlaşaraq, bu şəhərdə özünü təhlükəsizlikdə hiss edib. Üstəlik, özünün İstanbuldakı qonaqlarını xüsusi təmtəraqla qarşılayan Lənkəranski onlara İstanbulun sahibi olduğunu göstərməyə çalışırdı:
“Belə bir şübhə var ki, Lənkəranski cinayətinin iştirakçıları kürdlərdir. Onlar çoxdan Ded Xasana görə intiqam almaq istəyirdilər. Kürdlərə bu işə görə qanuni oğrular yaxşı pul vermişdilər. Bu pul isə Laşa Şuşanaşvili (Laşa Rustavski), Yuri Piçuqin (Piçuqa), Vasili Xristoforov (Vasya Voskres) və Nadir Sələfovdan (Lotu Quli) kürdlərə daxil olub”.
Mənbə Zaxariya Kalaşovun həbsindən sonra 2016-cı ildə İtaliya həbsxanasından azadlığa çıxmış Merab Canqveladze və Rövşən Lənkəranskinin aktivləşdiyini bildirib. Həbsdən çıxan Canqveladze də Rövşən kimi Türkiyədə yaşayıb, amma Lənkəranskidən fərqli olaraq o, daimi yaşayış məntəqəsi kimi İstanbulu yox, Antalyanı seçib:
“2016-cı ilin iyulunda Lənkəranskinin briqadası Georgi Sorokini ələ keçirib, döyürlər. Onun oğru olmadığı elan edilir. Sorokin həm də İrəvan sxodkası zamanı onların qanuni oğru adından imtina edilməsini göstərən məktubun altına qoyduğu imzaya görə cəzalandırılır. Bundan sonra Sorokinə Piçuqaya salam aparması məsləhət görülür və deyilir ki, növbə Piçuqadadır. Bunu eşitdikdən sonra Piçuqa Laşa Şuşanaşvili ilə əlaqəyə keçir. Şuşanaşvili hazırda Yunanıstanda yaşayır, amma kriminal aləmdə ən güclü qanuni oğrulardan hesab edilir. Zaxar Kalaşov həbsdə olduğu müddət ərzində Şuşanaşvili əsas lider hesab edilir. Şuşanaşvili çoxdan Rövşən Lənkəranski, Merab Canqveladze və Tariel Oniani ilə düşmən idi. Piçuqa ilə Vasya Voskres isə Şuşanaşvilinin təsir dairəsinə daxil olmuşdular. Rövşənlə bağlı müzakirələrə bunlarla bərabər, Lənkəranskinin bir nömrəli düşməni hesab edilən Nadir Sələfov da qoşulur. Bu müzakirələrdən sonra cinayəti həyata keçirəcək şəxslər aranır və onlar kürdlərin simasında tapılır.
Müharibə bununla bitməyəcək. Lənkəranskidən sonrakı hədəf böyük ehtimalla Merab Canqveladze olacaq. İtaliyadan Rusiyaya ekstradisiya olunması gözlənilən Cemo Mikeladze də bu siyahıda var”.
Qeyd edək ki, Rövşən Lənkəranskiyə qarşı sui-qəsd dünən təşkil edilib. O aldığı 5 güllə yarasından sonra həlak olub. Lənkəranskinin nəşi doğma Lənkərana gətirilib. Onun tabutunu minlərlə insan qarşılayıb.