Ziya Məmmədov Cavid Qurbanovu mətnlə “vurdu”
Anar Məmmədovun kurasiyasında olan sayt “Azəryolservis”in direktoruna qarşı ağır təhqiramiz yazı dərc etdi
"xeberinfo.com": Nəqliyyat naziri Ziya Məmmədovla “Azəryolservis”in şefi Cavid Qurbanov arasında münaqişə artıq açıq müstəviyə keçir. Belə ki, Ziya Məmmədovun oğlu Anar Məmmədovun Media Holdinqinə məxsus sayt C.Qurbanov haqqında olduqca ağır təhqiredici material yayınlayıb. Cavid Qurbanovun qadın düşkünü, içkiyə meyilli şəxs kimi təqdim olunan yazıda övladı barədə də təhqiramiz ifadələrə yer verilib. Maraqlıdır ki, Z.Məmmədov bu tip yazıları özü ilə bağlı olmayan başqa saytlarda yayınlamaq imkanına malik olsa da, oğlunun nəzarətində olan saytda edib.
Yazıda Cavid Qurbanovun dövlətin pulunu mənimsəməklə, dövlətə və nəqliyyat nazirinə zərbə vurmaqda suçlanır.
Yazını olduğu kimi təqdim edirik:
Cavid Qurbanovun dağılan, uçan “həyatı”
Son illər Azərbaycanın iqtisadi inkişafını hətta düşmənlər də bəzən etiraf etməyə məcbur olur.
Bu gün Azərbaycanda neft satışından əldə olunan gəlirlər fəal şəkildə qeyri-neft sektorunun inkişafına yatırılır. Ölkə iqtisadiyyatının irəli çəkilməsi baxımından sərmayə qoyuluşu üçün mühüm sahələrdən biri də məhz yol infrastrukturudur.
Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, hər il ölkə büdcəsindən yolların çəkilməsi, təmirinə milyonlarla vəsait xərclənir. Əlbəttə, sərf olunan bu qədər vəsaitin qarşılığında bu gün Azərbaycanın yol infrastrukturunun səviyyəsi ən azından Almaniya kimi inkişaf etmiş bir ölkəyə çatmalı idi.
Lakin gəlin təhlil edək, bu doğurdanmı belədir?
Azərbaycanda yol deyəndə ilk olaraq yada ölkədə yolların çəkilməsinə görə birbaşa cavabdehlik, məsuliyyət daşıyan “Azəryolservis” ASC və onun şefi Cavid Qurbanov yada düşür.
O Cavid Qurbanov ki, Google axtarış sistemində adını yazarkən çox maraqlı yazılarla rastlaşmaq olur: “Cavid Qurbanov üç müğənniyə 150 min pul xərclədi”, “Cavid Qurbanov ölkədən 300 milyon dollar vəsaiti necə çıxardı”, “Cavid Qurbanov çəkiləcək yola ayrılan dövlət vəsaitinin böyük bir hissəsini necə mənimsədi”.
Dövlət məmuru üçün əslində çox “maraqlı” bir dosyedir. Dövlət büdcəsindən çəkilişinə külli-miqdarda vəsaitin ayrıldığı yolların bugünkü vəziyyəti ilə tanış olduqda isə yuxarıda sadalanan xəbər başlıqlarının həqiqətdən heç də uzaq olmadığı qənaətinə gəlmək olar. Elə Azərbaycanın Hesablama Palatasının “Azəryolservis” ASC-də apardığı son auditin nəticələri də bunu deməyə əsas verir.
Belə ki, Palatanın məlumatına görə, Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulması, o cümlədən Siyəzən və Qusar Yol İstismar İdarələrinə ayrılan vəsaitlərlə bağlı maliyyə nöqsanları, qanunvericiliyin tələblərinə uyğun olmayan vəsait xərclənmələri aşkarlanıb.
Hesabatda qeyd olunub ki, “Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulması” obyektinin layihə-smeta sənədlərində “Nəzərdə tutulmayan işlər və xərclər” üçün nəzərdə tutulan vəsait görüləcək işlərin siyahısı tərtib edilmədən birbaşa podratçı təşkilata ödənilib.
Eyni zamanda keyfiyyət zəmanəti üzrə son məbləğ yerinə yetirilən tikinti-quraşdırma işlərinin texniki təminat müddətinə və müqavilə şərtlərinə əməl edilmədən podratçıya ödənilib. Körpünün tikintisi başa çatdırılıb istifadə olunsa da, müvafiq qaydada sınaqdan keçirilməyib və istismara qəbul edilməyib.
Qusar 7 saylı və Siyəzən 4 saylı Yol İstismar İdarələri tərəfindən qüvvədə olan normativ sənədlərin tələblərinə riayət edilməyərək avtomobil yollarının saxlanılması və cari təmiri üzrə yerinə yetirilən işlərə görə tərtib olunan “İşlərin qəbulu haqqında Akt”lar müqavilə qiyməti ilə tərtib olunub, həmin aktlarda təmir aparılan obyektlərin adı və yerləşdiyi ünvanlar, həmçinin yerinə yetirilən işlərin müqavilə qiymətlərinə təsir edən göstəricilər tam göstərilməyib. Yollara və körpülərə mövsümi xidmət göstərilməsi ilə əlaqədar görülməyən bir sıra işlərin arayışa əlavə olunması nəticəsində işlərin dəyərinin artıq hesablanması hallarına yol verilib.
Bu məlumatları araşdırdıqda aydın olur ki, Cavid Qurbanovun rəhbərlik etdiyi qurum dövlət vəsaitlərinin havaya sovrulması istiqamətində fəaliyyətində bir gün də olsun fasilə etmir.
Hər il dövlət büdcəsindən Azərbaycanın Nəqliyyat Nazirliyinə yolların çəkilişi üçün vəsaitlər ayrılır.
Bu pullar isə birbaşa yol çəkilişinə cavabdeh olan, bu işləri həyata keçirən “Azəryolservis” ASC-nin balansına köçürülür.
Ortada olan faktlar isə budur ki, Cavid bəyin rəhbərlik etdiyi qurum xalqın pulunu mənimsəməklə həm ölkə iqtisadiyyatına, həm də nəqliyyat naziri Ziya Məmmədova zərbə vurmuş olur.
Dövlətin yol çəkilişi üçün ayırdığı vəsaitlərin böyük bir hissəsi mənimsənilərək, Cavid Qurbanovun eyş-işrətinə, pərəstişkarı olduğu müğənnilərə, qadınlara sərf olunur.
Bundan başqa, digər vacib bir məqama diqqət yetirək – yolların bərbad vəziyyətdə çəkilməsi, körpülərin bərbad vəziyyətdə salınması vətəndaşlarımızın həyatına nə qədər təhlükə yaradır! Son vaxtlar mətbuatda ən çox işıqlandırılan xəbərlər məhz elə hansısa bölgədə yeni salınmış körpünün uçması, yeni çəkilmiş yolun təmirə bağlanması ilə bağlıdır.
Və əlbəttə ki, artıq neçə illərdir ki, vətəndaşlarımızı narahat edən bir məsələdən də danışmaq vacibdir. Dəfələrlə müşahidə etmək olar ki, bir müddət əvvəl istismara verilmiş yol qazılaraq, həmin ərazidə kommunikasiya xətlərinin çəkilməsi üçün təmirə bağlanır.
Nəticədə dövlət büdcəsindən ayrılmış pullar göyə sovrulur, açılışından bir ay ötmüş yollar yenidən bərbad vəziyyətə düşür. Bunun ilk səbəbini isə məhz elə “Azəryolservis” ASC-nin səriştəsiz rəhbərliyində görmək lazımdır.
Digər dövlət qurumları ilə münasibətlərin düzgün nizamlanmaması, hətta belə desək, Cavid Qurbanovun yekəxanalığından irəli gələn saymazlığın nəticəsi olaraq, xalqın, dövlətin büdcəsinin vəsaitləri mənasız yerə sərf olunur, dağıdılır, məhv edilir.
Dünyanın istənilən dövlətində, istənilən iqtisadiyyatda əsas mövqeyi məhz yollar tutur. Müxtəlif bölgələrdə müxtəlif zavodlar, sənaye müəssisələri açmaq olar. Lakin onların arasında qan damarı rolunu oynayan yolların olmaması yaxud bərbad vəziyyətdə olması bütün sistemin iflic olmasına gətirib çıxara bilər. Uzağa getmək lazım deyil – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin kəlamlarından biri məhz belə səslənir – Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatdır.
Bəs Cavid Qurbanov bizə necə həyat vəd edir? Dağılmış, uçmaq təhlükəsi ilə üzləşmiş həyat?
Əldə etdiyimiz bəzi məlumatlara görə, Cavid Qurbanov Hesablama Palatasının apardığı son auditdən sonra qorxuya düşüb və əlində olan maliyyə aktivlərini ölkədən çıxartmağa hazırlaşır.
Mənbəmizin bildirdiyinə görə, artıq Cavid Qurbanovun oğlu (Bakının qlamur dairələrində playboy Şamik kimi tanınan) sahibi olduğu “Şarm El Sheykh” restoranını satıb. Əldə etdiyimiz məlumata əsasən bu restoranın təmirinə 400.000 manat pul xərclənmişdir.
Qeyd edək ki, bu restoran paytaxtın ən məşhur yerlərindən biri sayılır və kifayət qədər yüksək qiymətləri ilə fərqlənir. Dövlət büdcəsindən oğurladığı vəsaitlər barədə aparılan araşdırmalardan qorxuya düşən “Azəryolservis” şefi indiyədək mənimsədiyi külli-miqdarda vəsaitlərin xilası üçün yollar aramağa başlayıb.
“Azəryolservis” şefinin özbaşınalıqları haqqında araşdırmalarımız davam edəcək.(marka.az)
Mövzunun davamı olacaq