Sabiq prokuror: "Buna getmək olmaz!"
“Azərbaycan Respublikası Konstitusiyasında dəyişiklik edilməsi haqqında”referendum aktı layihəsinə ilk növbədə Konstitusiyanın mahiyyəti baxımından qiymət vermək lazımdır.
Xeberinfo.com: Məlumdur ki, Konstitusiya məhz öz mahiyyət əlamətlərinə görə normativ hüquqi aktlar sistemində xüsusi yer tutur; məhz Konstitusiya milli müstəqilliyi əks etdirən ən yüksək hüquqi aktdır; məhz Konstitusiya xalqı siyasi sistemin yeni nümayəndəsi kimi, yeganə suveren səviyyəsinə qaldıran hüquqi sənənddir; məhz Konstitusiya hakimiyyətin bütün qolları, vətəndaşlar, ictimai birliklər, cəmiyyətin siyasi sisteminin həlqələri üçün rəhbər başlanğıclar, ümumi sosial tələblər kimi ümumi hüquqi prinsipləri müəyyən edir; məhz Konstitusiyada siyasi hakimiyyətin formaları və onun hədləri, cəmiyyətin təşkilinin hüquqi prinsipləri müəyyən edilir. Bu prinsiplərdən doğan tələblər isə dəyişilmək prosedurası asan olan digər normativ aktlarda müfəssəl olaraq nəzərdə tutulur.
Bu fikirləri biz 2009-cu ildə Konstutusiyaya dəyişiklik və əlavələr edilməsi barədə referendum aktının müzakirəsi vaxtı da söyləmişdik. Lakin çox təəssüf ki, onlar nəzərə alınmadı, sahəvi qanunvericilik aktlarında (heyvanat aləmi haqda qanunda, Milli Məclisin daxili nizamnnaməsində və s. və i.) nəzərdə tutulan müddəalar Konstitusiyaya köçürüldü və beləliklə də, onun mahiyyətinə ziyan vuruldu. Qısası, bir növ, Konstitusiya sahəvi qanunvericilik səviyyəsinə endirildi.
Məsələn, Konstitusiyada “15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər”(17-ci maddənin V hissəsi) müddəası əks etdirilməməlidir. Bu, sahəvi qanunlarda – Əmək Məcəlləsində nəzərdə tutulmalıdır. Və yaxud Milli Məclisin sessiyalarının qapalı və açıq iclaslarının keçirilməsi də Konstitusiyada göstərilməli deyil (88-ci maddə). Bu, Milli Məclisin daxili Nizamnaməsində onsuz da nəzərdə tutulub. Belə misalları çox çəkmək olar…
Çox təəssüflər olsun ki, bu yanlış yanaşma yenə – sentyabrın 26-da müzakirəyə çıxarılacaq referendum aktında da müşahidə edilir. Məsələn, 36-cı maddəyə IV hissə əlavə edilməsi təklif olunur. Həmin maddədə deyilir:“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır”.
Əvvəla, bu maddəni ingilis dilini bilənlərdən başqa (belələri isə, demək olar ki, çox azlıqdadır) heç kim başa düşə bilməz. Qanunlar (xüsusilə də Əsas Qanun olan Konstitusiya) hamının başa düşdüyü Azərbaycan dilində yazılmalıdır. Üstəlik, dövlətin ən ümdə vəzifəsi Ana dilin inkişafını təmin etməkdir (Konstitusiyanın 21-ci maddəsi). Lakin onu başa düşülməyən, xarici dillərdən götürülmüş terminlərlə doldurmaq, ilk növbədə, Konstitusiyanın öz mahiyyətinə ziddir.
Digər tərəfdən, məzmunu fəhlələri öz tələblərindən geri çəkilməyə məcbur etmək məqsədilə onların kütləvi şəkildə işdən çıxarılması və müəssisələrin bağlanmasından ibarət olan lokaut sözü Konstitusiyada deyil, sahəvi qanunvericilik aktında əks olunmalıdır.
Layihədə təklif olunur ki, Konstitusiyanın 24-cü maddəsinə “insan ləyaqəti qorunur və ona hörmət edilir” məzmununda əlavə edilsin. Düşünürəm ki, buna heç bir lüzum yoxdur. Axı Konstitusiyanın müxtəlif maddələrində həmin müddəa bu və digər şəkildə nəzərdə tutulub. Məsələn, 12-ci maddədə deyilir: “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.
Konstitusiyanın 16-cı maddəsində də bu müddəa təkrar olunaraq deyilir:“Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır”.
Yaxud Konstitusiyanın 46-cı maddəsinin II hissəsində oxuyuruq: “Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur…”
Bir də ki, təkcə hüquqşunaslar deyil, özünə hörmət edən hər bir şəxs yaxşı başa düşür ki, insanın hüquq və azadlığının fəlsəfi əsasını məhz insan ləyaqəti təşkil edir. Hüquq və azadlıqlar olmayan yerdə insanın ləyaqətindən söhbət belə gedə bilməz. Belə olan halda insan ləyaqətinin qorunması və ona hörmət edilməsi haqda müddəanın Əsas Qanunda yenidən təkrar olunmasına nə ehtiyac var?
Konstitusiya aktında təklif olunur ki, 60-cı maddənin II hissəsi aşağıdakı redaksiyada verilsin: “Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın”.
Bu nə deməkdir? “Ağlabatan” anlayışı hüquqi termin deyildir və anlaşılmazlıq yaradır. Bu söz maddədən çıxarılmalı, ancaq prosessual qanunvericilikdə müəyyən edilmiş konkret müddətlər göstərilməlidir.
Referendum aktında nəzərdə tutulan dəyişikliklərdən biri də Konstitusiyanın 89-cu maddəsinə edilən təklifdir. Təklifə görə, deputatlar onlar üçün müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda öz mandatlarından məhrum oluna bilərlər.
Əvvəla, etik davranış qaydaları qiymət verilən anlayışdır, onların yerinə yetirilməsi isə ictimai fikrin gücü ilə təmin edilir. Hüquq normalarının həyata keçirilməsi etik normalarda olduğu kimi, bu normaları pozan şəxslər barəsində yaradılmış mənfi fikirlə deyil, dövlət məcburiyyəti ilə təmin edilir. Dövlətin məcburi tədbirləri etik normaların təmin edilməsində heç bir rol oyanaya bilməz, oynamamalıdır.
Üstəlik, “kobud şəkildə pozmaq” müddəası da qiymət verilən anlayışdır, onu nə qədər geniş izah etsək də, etik normaların pozulması dövlətin məcburi tədbirlərinə səbəb olmamalıdır. Bu təklifin qəbul edilməsi deputatların passivliyinə gətirib çıxara bilər. Sədrlə Zahid Oruc arasında baş verən mübahisədə olduğu kimi, parlament rəhbərilə dialoqa “cəsarət” edən hər bir deputatın hərəkəti etik normaların kobud şəkildə pozulması kimi qiymətləndirilə və beləliklə, deputat mandatdan məhrum oluna bilər. Odur ki, bu təklifin qəbul edilməsinə heç bir vəchlə yol verilməməlidir. Bu təklif deputatları asılı vəziyyətlərdə təzyiq altında saxlamaq üçündür.
Onu da nəzərə almaq lazımdır ki, “etik normaları kobud şəkildə pozanlar” Milli Məclisə deputat seçilə bilərlər, amma ağır cinayətlər törədənlərin isə belə bir hüququ yoxdur.
Referendum aktında təklif olunur ki, 9-cu maddədə “başqa silahlı qüvvələr”sözləri çıxarılsın. Ancaq 36-cı maddədə “silahlı birləşmələr” ifadəsi saxlanılır. Digər tərəfdən, təklif olunur ki, 25-ci maddənin III hissəsinin birinci cümləsində “milli mənsubiyyət” sözü “etnik mənsubiyyət” sözüylə, ikinci cümlədəki “milli” sözü“etnik” sözüylə əvəz edilsin. Lakin, nədənsə, 107-ci maddənin III hissəsindəki “milli” sözü saxlanılır.
Layihədə təklif olunur ki, 68-ci maddənin adı aşağıdakı redaksiyada dəyişdirilsin:“Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ”. Maddənin qüvvədə olan redaksiyadakı adı isə belədir: “Zərərin ödənilməsini tələb etmək hüququ”. Mövcud olan ad maddənin məzmununa tam uyğundur. Təklif edilən ad isə bu məzmuna qətiyyən uyğun gəlmir.
Digər tərəfdən, vicdanlılıq həmişə məsuliyyətlə bağlıdır. Yəni, bir şəxs xalq və cəmiyyət qarşısında məsuliyyət daşımalı, öz fəaliyyətinə əxlaqi baxımdan qiymət verməlidir. Mənəvi əzab, xəcalət çəkmək, peşman olmaq – bu, qiymətin təzahür formalarıdır. 68-ci maddənin məzmununda isə zərərçəkmiş şəxsin hüquqlarından söhbət gedir.
Daha sonra təklif olunur ki, həmin maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin: “Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyətdaşıyır”.
Nə üçün dövlət qulluqçuları göstərilən əməllərinə görə yalnız mülki məsuliyyət daşımalıdır? Axı insan hüquq və azadlıqları mürəkkəb anlayışlardır – iqtisadi, siyasi, maddi, mənəvi aləmi əhatə edir və onların pozulması da bu obyektlərə ziyan vurur. Bu ziyana görə cinayət qanunvericiliyində çoxsaylı cinayət əməlləri və onlara uyğun cəzalar nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin XXI fəsli (154-169-cu maddələr) “İnsan və vətəndaşların Konstitusiya hüquq və azadlıqlarının əleyhinə olan cinayətlər” adlanır və bu fəsildə həmin əməllərə görə, azadlıqdan məhrumetmə növündə cəzalar nəzərdə tutulur. Qanunvericilikdə hətta həmin hərəkətlərin “vəzifəli şəxsin öz qulluq mövqeyindən sui-istifadə etməklə” törədilməsi cinayətin ağırlaşdırıcı halı hesab edilir. Ona görə də Konstitusiyanın 68-ci maddəsində dövlət qulluqçularının qanuna zidd əməlləri nəticəsində insanın hüquq və azadlıqlarına vurulan ziyana görə ancaq mülki məsuliyyətin nəzərdə tutulması həmin şəxslərin Konstitusiya səviyyəsində cinayət məsuliyyətindən azad edilməsi deməkdir.
Layihədə Konstitusiyaya Azərbaycan Respublikasının vitse-prezidentləriadlanan yeni – 103.1. müddəasının əlavə edilməsi nəzərdə tutulur və göstərilir:“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad edilirlər”. Habelə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 3 ay ərzində Azərbaycan Respublikasının Prezidentliyinə növbədənkənar seçkilər keçirilir, yeni Prezident seçilənə qədər isə onun səlahiyyətlərini Birinci vitse-prezident yerinə yetirir.Bu, mümkün olmadıqda isə həmin səlahiyyətləri Azərbaycan Respublikasının Baş naziri icra edir.
Beləliklə, xalq tərəfindən seçilməyən, ondan mandat almayan hər hansı bir şəxsin prezident vəzifəsini icra etmək imkanı yaranır. Bu da Konstitusiyanın 1-ci maddəsinə ziddir. Orda deyilir: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”.
Düşünürəm ki, xalq tərəfindən seçilməyən hər hansı şəxs (nə Birinci vitse-prezident, nə də Baş nazir) Prezident vəzifəsini icra etməməlidir. Biz heç vaxt Eldar Mahmudov fenomenini unutmamalıyıq. Bu tip şəxslər də Prezident tərəfindən qeyd edilən vəzifələrə təyin oluna və onun səalhiyyətlərini icra etmək hüququ qazana bilərlər. Bu isə, sözün əsl mənasında, fəlakət olardı.
Digər tərəfdən, qeyd etmək yerinə düşərdi ki, Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövlətinin demokratik respublika olduğu təsbit edilib. Bu o deməkdir ki, bu dövlət xalqın iradəsilə yaranıb fəaliyyət göstərməlidir. Bu dövlətdə dəqiq müəyyən edilmiş və hamı tərəfindən etiraf olunan qaydalara uyğun olaraq, hər bir şəxsin manesiz olaraq öz mövqeyini, maraqlarını ifadə etməyə, bildirməyə imkanı olmalı, dövlət funksiyasının daşıyıcıları da qanunla müəyyən olunmuş qaydada və müddətdə seçilməli və öz seçiciləri – xalqın qarşısında məsuliyyət daşımalıdır. Axı cəmiyyətdə baş verən hər hansı dəyişikliyin legitimliyinin təbii, inandırıcı, başlıca əsası və mənbəyi məhz insanların iradəsi, razılığıdır. Odur ki, gələcəkdə Prezident səlahiyyətlərini icra edəcəyi gözlənilən Birinci vitse-prezident, ABŞ-da olduğu kimi, Prezidentlə bərabər seçki yolu ilə müəyyənləşməlidir.
Təkrar-təkrar vurğulamaq istəyirəm: xalqdan mandat almayan şəxs Prezident səlahiyyətlərini icra etməməlidir! Xalq tərəfindən seçilməyən şəxs və onun ailəsi dövlət tərəfindən təmin edilməməlidir! Onun və ailəsinin təhlükəsizliyi xalqın vəsaiti hesabına fəaliyyət göstərən xüsusi mühafizə xidmətləri tərəfindən qorunmamalıdır!
Düşünürəm ki, əlavə xərclər tələb edən digər vitse-prezidentlər institutunun da yaradılmasına heç bir lüzum yoxdur. Prezident Administrasiyası ilə yanaşı, Nazirlər Kabinetinin mövcudluğu təkcə əlavə tələfxərclik deyil, həm də bir-birini təkrarlayan lüzumsuz bürokratik əngəllər yaradır. Odur ki, ABŞ-da olduğu kimi, Prezident icra hakimiyyətinin başçısı olaraq, hökumətin fəaliyyətinə özü birbaşa rəhbərlik etməlidir.
Referendum aktında Prezidentə Milli Məclisi buraxmaq hüququ verilir. Bu təklif də hüquqi dövlət konsepsiyası baxımından qəbuledilməzdir. Biz Konstitusiyamızda hüquqi dövlət qurmağı bütün dünyaya elan etmişik. Bu dövlətin isə iki xarakteristik xüsusiyyəti var: qanunun aliliyi və hakimiyyətin bölünməsi.
Hakimiyyət üç qola – qanunvericilik hakimiyyəti, icra hakimiyyəti və məhkəmə hakimiyyətinə bölünür Hakimiyyətin hər bir qolu da müstəqil və ancaq qanuna tabe olmalıdır. Hakimiyyət qollarının effektli fəaliyyəti üçün də “çəkindirmə və qarşısınıalma” prinsipi tətbiq olunur. Yəni hakimiyyətin hər bir qolu digərini qeyri-qanuni fəaliyyətdən çəkindirməli, nəticə etibarilə vəztəndaşlar qazanmalı, onların hüquq və azadlıqları təmin olunmalıdır. Məsələn, Milli Məclisin qəbul etdiyi qanuna Prezidentin veto qoymaq səlahiyyəti var və beləliklə də, xalqın mənafeyinə qulluq etməyən qanunlar fəaliyyət göstərə bilmir. Eyni şəkildə məhkəmə hakimiyyəti tərəfindən yol verilən nöqsanları azaltmaq üçün Prezident əvf verir, Milli Məclis isə aministiya aktı qəbul edir və s. və i.
Nazirlər Kabinetinə etimasızlıq göstərmək, Prezidentin təqdimatı əsasında Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Mərkəzi Bankın İdarə heyətinin üzvlüyünə namizədləri vəzifəyə təyin etməmək Milli Məclisin yuxarıda qeyd olunan “çəkindirmə və qarşısınalma” prinsiplərindən doğan hüququdur ki, Prezidentin fəaliyyətində olan nöqsanları aradan qaldırsın. Bu imkanın həyata keçirilməsinə yol verilməməsi və Milli Məclisin buraxılması, təkrar edirəm, hüquqi dövlət konsepsiyasına ziddir.
Üstəlik, o da nəzərdən qaçmamalıdır ki, referenduma çıxarılan bu təklifdə Prezidentlik səlahiyyətləri xalq tərəfindən seçilməyən Birinci vitse-prezidentə keçdiyi zaman xalqdan mandat almayan bir şəxsin xalqın mandat verdiyi Milli Məclisi buraxa bilməsi imkanını doğura bilər. Bu isə heç bir hüquqi və siyasi arqumentlə əsaslandırıla bilməz.
Referendum aktında Konstitusiyanın 85-ci maddəsinin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözlərinin “seçkidə iştirak hüququna malik olan” sözləriylə əvəz edilməsi təklif olunur. Başqa sözlə, parlament seçkilərində iştirak etmək üçün yaş həddi 25-dən 18-ə endirilir. Bu dəyişikliyi müdafiə etmək üçün hakimiyyət nümayəndələri Şah İsmayılı, Makedoniyalı İskəndəri və Napoleonu misal göstərirlər. Düşünürəm ki, yersiz müqayisədir. Azərbaycanda mahiyyət etibarilə monarxiya üsulunu başqa formada bərpa etmək istəyənlərdən başqa şey gözləməyə dəyməz. Təkcə onu qeyd etmək yerinə düşərdi ki, Makedoniyalı İskəndəri dünyada məşhur yunan filosofu Ərəstun tərbiyə edib gələcək hakimiyyətə hazırlayırdı.
O da unudulmamalıdır ki, bu misallar qədim və orta əsrlərə aiddir. O zamanlar isə demokratik dövlət anlayışı təşəkkül tapmamışdı. Dünya təcrübəsində azyaşlı uşaqların vərəsəlik yoluyla hakimiyyətə gətirilməsi, lakin dövlətin qəyyumlar tərəfindən idarə olunması faktları məlumdur.
Ali təhsili belə olmayan 18 yaşlı gəncləri Milli Məclisə doldurmaq bu hakimiyyət qolunu zəiflətmək, toplantılarını komsomol iclaslarına çevirmək və onu nüfuzdan salmaqdan başqa heç bir nəticə verməz. Ali qanunvericilik fəaliyyəti hüquq və elmin digər sahələrinə hərtərəfli və dərin bilik, həyat təcrübəsindən gələn müdriklik tələb edir.
Prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması da Suriya təcrübəsini xatırladır. Suriyanın keçmiş prezidenti Hafiz Əsədin ölümündən sonra onun yerinə oğlu Bəşər Əsədi seçmək istəyənlər də Konstitusiyanı dəyişdirərək 35 yaş məhdudiyyətini aradan qaldırdılar. Xalqın cəmi 10%-ni təşkil edən ələvilərin hakimiyyətini əldə saxlamaq üçün diş həkimi işləyən Bəşər Əsədi prezident etdilər.Nəticə isə göz qabağındadır – ölkə viran olub, xarabalığa çevrilib, xalq didərgin düşüb, məhv edilir.
İstərdim ki, Konstitusiyada bu yaş senzinin aradan qaldırılması konkret şəxslər üçün nəzərdə tutulmasın və onun aqibəti də Bəşər Əsədin aqibətinə çevrilməsin.
Prezidentin 5 il deyil, seçki məhdudiyyəti qoyulmadan 7 il müddətinə seçilməsi təklifi də Misirin yolu ilə getmək deməkdir. Bu, bir növ, monarxiyaya aparan yoldur ki, hakimiyyətin bir nəfər tərəfindən zəbt olunması təsəvvürü yarada bilər.
Bütün dünyada qəbul olunan “hakimiyyətin bir və bir neçə şəxs tərəfindən zəbt olunması yolverilməzdir” prinsipi, yalnız qeyri-demokratik cəmiyyətlər üçün xas olan dövlət başçılarının müddətsiz seçilməsini bu və ya digər formada qanuniləşdirən normalar yaratmağı istisna edir. Ona görə də ABŞ, Avropada mövcud olan demokratik ölkələrin Konstitusiyalarında bu prinsip ciddi şəkildə qorunur və prezidentin iki müddətdən artıq seçilməsi imperativ şəkildə qadağan edilir. Biz də bu prinsiplərə hörmətlə yanaşmalıyıq. Əgər Prezidentin 7 il müddətinə seçilməsi norması qəbul olunarsa, o zaman Konstitusiyadan Prezidentin müddətsiz seçilməsini təmin edən norma çıxarılmalıdır.
Ümumiyyətlə, Konstitusiya dəyişikliklərində qeyri demokratik, Suriya, Misir kimi dövlətlərin təcrübələrindən istifadə olunması və demokratiyanın məhdudlaşdırılmasına yönələ biləcək müddəaların əsaslandırılması üçün qədim və orta əsrlərin tarixindən qaynaqlanan nümunələrdən istifadə olunması qətiyyən hazırkı Konstitusiyanın preambulasında qeyd olunan və sonrakı bölmələrdə inkişaf etdirilən demokratik prinsiplərlə ziddiyyət təşkil edir.
Nəhayət, çox istərdim ki, ölkədə demokratiyanın inkişafı üçün referendum aktına proporsional seçki sisteminin də siyasi həyatımıza qaytarılması təmin olunsun…
İlyas İSMAYILOV
Hüquq elmləri doktoru,
Ədalət Partiyasının sədri
Strateq.az