Rövnəq Abdullayevin qarşısına hansı şərtlər qoyulub?
SOCAR-la bağlı baş verən qalmaqal Türkiyə hakimiyyətinin gündəmindədir.
Xeberinfo.com: Ərdoğan baş verənə sərt münasibət göstərib. Bunu onun son açıqlamaları da sübut edir. Ərdoğan bundan sonra Gülənçilərə dəstək verən şirkətlərin rəsmən terrora yardımçı olan şirkət kimi qiymətləndiriləcəyini bəyan edib.
Ankarada Beynəlxalq Investorlarla Yüksək Səviyyəli Iqtisadi Dialoq toplantısında iştirak edən SOCAR prezidenti Rövnəq Abdullayevin ÿtədbirdən sonra Türkiyə prezidenti və enerji naziri Berat Albayrakla görüşməsi mühüm əhəmiyyət daşıyır.
Nazirlə görüşdə SOCAR-ın investisiya layihələrinin qrafikə uyğun şəkildə icra olunduğu, Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələrin işlərin gedişinə mane olmadığı və bütün layihələrin əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirildiyi bildirilib.
15 iyul hadisələrindən sonra Türkiyədə bir sıra şirkətlərdə, o sıradan “Petkim”də dövlət orqanlarının apardığı bəzi tədbirlərlə bağlı məsələlərə də toxunulub, bunun SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, yalnız Türkiyədəki son hadisələrdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyi vurğulanıb.ÿ
Güman ki, dövlət başçısı ilə görüşdə də qalmaqallı məsələyə toxunulub.
Bəs, Türkiyə SOCAR və Azərbaycan rəhbərliyindən hansı addımların atılmasını tələb edə bilər?
«SOCAR ona tutulan iradları bu dəfə də qulaqardına vursa, adı terrora dəstək verən şirkət kimi hallanacaq»
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vurğuladı ki, SOCAR prezidenti Türkiyədə dövlət çevrilişinə cəhddən sonra bu ölkəyə səfər edən və görüşlər keçirən ilk dövlət rəsmisidir. Bu, sıradan bir səfər deyil. SOCAR-da ciddi həbslərin həyata keçirildiyini deyən E.Şahinoğlu vurğuladı ki, Azərbaycanın ən böyük investisiya yatırdığı şirkətin rəhbərliyi həbs olunub: “Aydındır ki, bununla bağlı ciddi fikir mübadiləsi olmalıydı. Enerji naziri ilə görüşdə bəyan olunub ki, Türkiyə SOCAR-la əməkdaşlıqdan məmnundur və PETKIM-dəki olayların bu əməkdaşlığa aidiyyəti yoxdur. Amma nəzərə almaq lazımdır ki, bu yalnız mətbuat üçün deyilənlərdir. Türk rəsmiləri və diplomatları söz oynatmağa profesionaldırlar. Düşünürəm ki, qapalı görüşdə Rövnəq Abdullayevlə çox ciddi müzakirələr gedib. Çünki birinci dəfə deyildi ki, Azərbaycana bu cür xəbərdarlıqlar edilirdi. Ərdoğan neçə dəfə Bakıya səfər edərək, hakimiyyətə siyahı təqdim etmişdi. Ərdoğana yaxın ”Sabah” qəzeti və başqa KIV-lər SOCAR-da baş verənlərlə bağlı neçə-neçə məqalələr dərc ediblər. Məqalədə vurğulanırdı ki, həm Bakıda, həm də Türkiyədəki şirkətdə Gülənlə bağlı adamlar çalışır. Təsəvvür edin ki, Azərbaycan bir dövlət kimi gözünü neftə dikib. Amma məlum olur ki, bu terrorçu şəbəkə çoxdan neftdən gələn gəlirləri nəzarətə götürübmüş”.
E.Şahinoğlu vurğuladı ki, bu dəfə də SOCAR rəhbərliyi ona tutulan iradları, verilən mesajları qulaqardına vursa, onun adı terrora dəstək verən şirkət kimi hallanacaq. “Türkiyə Azərbaycanın strateji müttəfiqidir. SOCAR özü də daxilində təftiş həyata keçirməlidir. Necə olub ki, SOCAR-ın Türkiyədəki bütün rəhbər heyəti Gülən şəbəkəsinə bağlı imiş. Bu, sıradan bir hadisə deyil. Hətta bunu Azərbaycan parlamenti də müzakirəyə çıxarmalıdır ki, bu hadisə niyə baş verib? Azərbaycanda parlament və ya başqa qurumlar səviyyəsində komissiya yaradılmalıdır”, deyə E.Şahinoğlu vurğuladı.
«Azərbaycandan tələb olunacaq ki, təkcə PETKIM-də deyil, ümumiyyətlə, dövlətdə Gülənçilərdən təmizləmə işi aparılsın»
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Türkiyənin Azərbaycandan ola biləcək tələbləri artıq konkret və aydındır. S.Əkbərin sözlərinə görə, Türkiyə SOCAR-ın Gülənçilərlə olan bütün əlaqələrinin kəsilməsini istəyir: “Yəqin ki, Azərbaycandan tələb olunacaq ki, təkcə PETKIM-də deyil, ümumiyyətlə, dövlətdə Gülənçilərdən təmizləmə işi aparılsın. Düşünürəm ki, qəti və kəskin şəkildə bu cür tələb qoyulacaq. Bəlkə də artıq bu tələb irəli sürülüb”.(Azadliq.info)