Sabiq bankirdən maliyyə nazirinə yeni həmlə
Həbsdəki sabiq bankirin bacısı onlardan alınan 184 milyonluq səhmin mənimsənildiyini açıqladı
Xeberinfo.com: Azərbaycan Beynəlxalq Bankının həbsdə olan rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva Azərbaycan Maliyyə Nazirliyini və bankın hazırkı rəhbərliyini məhkəməyə saxta sənəd təqdim etməkdə ittiham edib. O, ölkə başçısına yazdığı müraciətində bildirir ki, ABB 2015-ci ilin iyul ayında onların ailəsinə məxsus səhmlərin alqı-satqısı üzrə sövdələşməni həyata keçirsə də, onlara heç bir pul ödənməyib.
“Buna görə də biz məhkəməyə müraciət etməyi qərara aldıq. ABB rəhbərliyi Maliyyə Nazirliyinin həssas rəhbərliyi altında məhkəməyə bizim saxta imzalarımız olan sənədləri təqdim edib. Mənim saxtalaşdırılmış imzam və tarixin qeyd olunduğu saxta məxaric orderini sizin diqqətinizə təqdim edirəm. Təhrik edilməmiş gözlə görmək olar ki, ”30" tarixi və eləcə də mənim imzam saxtadır. Əlbəttə ki, biz burada olan Məhkəmə Ekspertiza Mərkəzinə və xaricdə olan müstəqil ekspertlərə müraciət edəcəyik. ABB rəhbərliyi Maliyyə Nazirliyinin başçılığı ilə qardaşım Cahangiri sübuta yetirilməmiş və əsaslandırılmamış pul mənimsəməsində günahlandıraraq və qanunun bütün normalarını aşaraq sənədləri saxtalaşdırmış və bizim pullarımızı mənimsəyiblər. Ortaya belə bir sual çıxır: kim kimdən oğurlayıb? ABB digər fiziki şəxslərdən səhmləri toplayaraq məhz onların kreditini bağlayıb. Bəs nə üçün bizim səhmlərlə Cahangirin kredit kartı üzrə olan borclar bağlanmayıb? Bizim pullarımız kimlərin cibinə gedib? Maliyyə Nazirliyinin bədgüman və düşmən münasibəti bizə aydındır, lakin bəs nə üçün Ədliyyə Nazirliyi qərarın bizim əleyhimizə qəbul olunmalı olduğunu diktə edərək məhkəməyə təzyiq edir? Bu cür əsassız fikir onlarda haradandır?"
Ə.Hacıyeva Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın da məsələsinə toxunub: “Zamirənin 4 milyonluq kredit kartı üzrə borcu olub ki, o, səhmlərlə bu məbləği ödəyib. Lakin borc hələ də bağlanmayıb. Bəs onda bəzi mətbu orqanlarda deyilən 18 milyon məbləğ haradan götürülüb?”
Ə.Hacıyeva prezidentə müraciət edərək, günahsız insanları məhkum etməyə icazə verməməsini xahiş edir.
Yada salaq ki, bu, Ə.Hacıyevanın ölkə başçısına 2-ci müraciətidir. Ötən müraciətində də Ə.Hacıyeva bir çox məqamları sadalamış, qardaşının həbsinin doğru olmayan məlumatlara əsaslandığını qeyd etmişdi.
C.Hacıyevin vəkili Aqil Layıcov isə bildirmişdi ki, müvəkkili özünə və ailə üzvlərinə məxsus olan 184 milyon manatlıq səhmi təhvil verməklə ehtimal edilən zərərlərə yönəldilməsini istəyib. Amma bu baş tutmayıb.
C.Hacıyev 2015-ci ilin dekabr ayında həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər əməllərdə ittiham edilir. Cinayət işinin istintaqı yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində icraata verilib.(Musavat.com)