Evi və avtomobili yandırılan baş redaktor Ramil Usubovla görüş istədi
Asif Mərzili: «Mənzilimin yandırılmasından 4 ay, maşınımın yandırılmasından isə 20 günə yaxın vaxt keçir, hiss edirəm ki, «daş dağa rast gəlib» və bu iki cinayətin açılması məhz nazirdən asılıdır…»
Xeberinfo.com: Azərbaycan KİV-lərində yayılan məlumatlardan və Daxili İşlər Nazirliyinin, FHN-nin rəsmi açıqlamasından məlum olduğu kimi, 2016-cı ilin martın 14-də, gecə saat 03:00 radələrində naməlum şəxslər «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin ailəlikcə yaşadığı mənzilini, 2016-cı ilin iyulun 9-da isə jurnalistin şəxsi avtomobilini benzin tökərək yandırmışlar. Hər iki cinayət hadisəsi üzrə toplanmış material əsasında Xətai rayon Polis İdarəsində cinayət işi başlanılmış, bir gün sonra cinayətin ağırlıq dərəci nəzərə alınaraq həmin cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin icraatına verilmişdir… Lakin bu günədək jurnalistə qarşı ardıcıl olaraq törədilmiş bu sui-qəsd cinayətinin nə icraçıları, nə də sifarişçiləri tapılmamışdır.
Bəs hazırda məlum cinayət işinin istintaqı nə yerdədir? Jurnalist Asif Mərzili «Azadlıq»ın əməkdaşının bu sualına belə cavab verdi:
-Təəssüflər olsun ki, hələki müsbət nəticə yoxdur. Halbuki ortada kifayət qədər tutalqalar var, istintaq sirri olduğundan bəzi detallara toxuna bilmirəm. Şübhələndiyim real şəxs və ya şəxslər barədə istintaqa hələ birinci sui-qəsd cinayəti baş verəndə məlumat vermişəm. Hətta həmin dövrdə Baş Prokuror Zakir Qaralova yazılı ərizə ilə müraciət etmişdim ki, şübhələndiyim şəxsin hüquq mühafizə orqanları ilə sıx bağlılığı vardır, ona görə də bu cinayət işinin istintaqını şəxsi nəzarətinə götürsün. Bu müraciətdən sonra Baş Prokurorluq bu ərizəyə münasibətini bildirdi və Bakı şəhər prokuroru Əziz Seyidov məni qəbul etdi, aidiyyəti tapşırıqlar verdi, istintaqın gedişini şəxsi nəzarətinə götürdü… Lakin nəticə olmadı və cəzalandırılmayacaqlarına tam əmin olan cinayətkarlar iyulun 9-da, gecə saat 03:15 radələrində daha ağır formada cinayət törətdilər, bu dəfə mənzilimin pəncərəsinin qarşısında avtomobilimi yandırdılar… Sonuncu cinayət işinin istintaqı da Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində istintaq edilən 160110484 saylı cinayət işinə birləşdirilərək istintaq edilir. Təəssüflər olsun ki, təkrar edirəm, hələ də müsbət nəticə yoxdur. Bəs bu dəfə bizə qarşı hansı cinayət törədiləcək? Hiss edirəm ki, artıq «daş dağa» rast gəlib… Necə ola bilər ki, hətta ən qəliz cinayət hadisələrinin üstü bir gün sonra açılır, amma bu dəfə iki, özü də eyni saat və üsulla, eyni cinayətkarların birgə törətdikləri cinayət hadisəsi hələ də bağlı qalmaqdadır? Ən pisi odur ki, hər iki cinayət benzindən istifadə edilməklə törədilib və sonuncu hadisə İstambulda çoxsaylı insanların ölümü ilə nəticələnən, ictimai asayişi pozmağa hesablanmış terror hadisəsi törədilən gün baş vermişdi… Əgər mənim avtomobilimin yanmasından dərhal duyuq düşməsəydik və yanğın maşının yanacaq bakına keçsəydi, təsəvvür edin ki, həyətdəki 30-40 avtomobilin partlaması ilə paytaxtda hansı hadisələr baş verə bilərdi. Deməli, bu cinayətin sifarişçisi Bakıda ictimai sabitliyin bu formada pozulmasının fərqində olmayıb, onlar hüquq mühafizə orqanları rəhbərlərinə meydan oxuyurlar. Mən bütün bunları nəzərə alaraq nazir cənab Ramil Usubova iki gün əvvəl teleqram vurmuşam, həmçinin yazılı ərizə ilə də müraciət etmişəm ki, məni qəbul etsin, təqdim ediləcək sübutlarım, deyiləcək sözlərim vardır… İnanıram ki, nazirlə görüşümüz bəhrəsini verəcək. Çünki hazırda redaksiyanın fəaliyyəti faktiki dayandırılıb, əməkdaşlarımız işə gəlməyə ehtiyat edirlər. Çünki əvvəl evimizi, sonra maşınımızı yandıranlar təbii ki, redaksiyamızı da yandıra, əməkdaşlarımıza qarşı istənilən cinayəti törədə bilərlər. Sonuncu sui-qəsd cinayəti baş verəndə DİN-də kollegiya iclası keçirilirdi və daxili işlər nazirinin birinci müavini cənab Vilayət Eyvazov bildirdi ki, respublikada cinayətkarlığa qarşı sərt mübarizə aparılır, ağır cinayətlər isti izlə açılır… Bəli, mən də hesab edirəm ki, cənab nazir müavininin söylədikləri həqiqətdir, amma eyni zamanda jurnalistə qarşı, özü də qısa vaxtda eyni üsul və sifarişlə təkrar sui-qəsd cinayəti törədilirsə, deməli, düşünməyin və sərt addım atmağın vaxtıdır. Odur ki, cənab nazir Ramil Usubovla görüşümüz bu cinayətin üstünün açılmasına bir açar ola bilər, çünki nazirin qəti mövqeyi hamıya məlumdur. Ən vacibi, bu cinayət hadisəsinin üstü açılmasa, təssəvvür edin, Azərbaycanda tənqidi və araşdırma jurnalistikasının sonu deməkdir, jurnalist həmkarlarımın son dövrlərdəki yazılarından artıq bunu hiss edirəm…