Etibar Pirverdiyev 1 milyon ziyana düşüb
«Azərenerji» prezidenti xarici audit şirkətləri ilə niyə müqavilə bağlayıb?
Xeberinfo.com: “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev təxminən 1 milyon manat xərcə düşüb. Redaksiyamıza daxil olan məlumata görə, “Azərenerji”ni böhranlı vəziyyətdən çıxarmaq üçün hökumət Dünya Bankına minnətçi düşüb. Lakin Dünya Bankı qurumla bağlı verilən rəyi qəbul etməyib. Bundan sonra Etibar Pirverdiyev iki xarici audit şirkəti ilə müqavilə bağlayıb.
Həmin şirkətlər “Azərenerji”nin maliyyə vəziyyətini araşdırmalı və nə qədər kredit lazım olduğunu müəyyən etməlidir. Bildirilir ki, həmin şirkətlərə 970 min 560 manat xidmət haqqı ödənilib. Iyunun 29-da işə başlayan şirkətlər iyulun 12-də işlərini yekunlaşdırmalıdır. Lakin Dünya Bankının onların hazırladığı rəyi qəbul edib etməyəcəyi bəlli deyil.
Qeyd edək ki, bu ilin yanvarında “Standard & Poor’s” (S&P) agentliyi məlumat yaymışdı ki, “Azərenerji” ASC-nin borclarının 81 faizi valyuta risklərinə məruz qalır.
Məlumatda bildirilirdi ki, dövlət şirkətinin kapitalının strukturu dayanıqlı deyil. “Düşünürük ki, ”Azərenerji” cari maliyyə böhranı vəziyyətində Azərbaycan hökumətindən effektiv dəstək alacaq. Buna baxmayaraq, biz “Azərenerji”yə olan dəstəyi yenidən qiymətləndirə bilərik. Dövlət nəzarətinin və inzibati dəstək mexanizmlərinin zəiflədiyini görsək, daha zəif dövlət dəstəyi müəyyənləşdiricisini təyin edəcəyik”, – deyə məlumatda qeyd olunurdu.
Agentlik ekspertlərinin fikrincə, “Azərenerji” dövlətin ən böyük enerji təminatçısı olduğundan, dövlət dəstəyinin qiymətləndirilməsində əsas rol hökumətin üzərinə düşür:
“Düşünürük ki, dövlətin iqtisadi inkişafı etibarlı və əldə olunan elektrik enerjisi təminatına imkan verir və növbəti üç il ərzində də bu təminat davam edəcək. Dövlət ”Azərenerji”nin borclarının təxminən 40 faizini ödəyir. Şirkətin kredit portfelinin təxminən 60 faizini isə birbaşa dövlətdən alınan borclar təşkil edir. Hökumətin “Azərenerji” üçün tarifləri artıracağını gözləmirik, lakin “Azərenerji”nin borclarını ödəməklə, istiqraz emissiyasını həyata keçirməklə və ya SOCAR-a olan borcları nəzarətə götürməklə dövlət şirkətə dəstək ola bilər”.(Azadliq.info)