Mübariz Mənsimov hansı məmurları ittiham edib?
İş adamının Kəmaləddin Heydərov və Rövnəq Abdullayevlə üz-üzə gəldiyi ehtimal olunur
Xeberinfo.com: “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun bir neçə gün əvvəl ANS-ə verdiyi müsahibə gündəmə bomba kimi düşdü. Mübariz Mənsimov həmin müsahibədə Azərbaycan məmurlarını sərt şəkildə ittiham etmişdi. Indiyə qədər iş adamı məmurlar haqqında bu sayaq danışmayıb. Mübariz Mənsimovu hiddətləndirən isə bəzi mətbuat orqanlarında onun barəsində gedən yazılar olub.
Həmin yazılarda iş adamı baş nazirin keçmiş birinci müavini Abbas Abbasovla, IŞID-lə işbirliyində ittiham olunurdu. Mübariz Mənsimovu həmin yazıları “qara piar” adlandırıb və bildirib ki, bu, bir neçə məmurun sifarişidir: “Bizim içimizdə bir qısqanclıq var. Bu gün bu qısqanclıqları aşmalıyıq. Əgər bir azərbaycanlı iş adamı varsa, ona dəstək olmaq lazımdır. Ucuz sifarişlərlə, qara piarlarla məşğul olan insanları sadəcə gülərək keçirəm. Bu cür işlərlə məşğul olanlar bu gün Azərbaycan prezidentinin yürütdüyü siyasətə zidd hərəkət edən və sərbəst rəqabətin qarşısını kəsən insanlardır.
Bu gün mənə və şirkətimə qarşı yönələn ittihamlar sadəcə olaraq bir neçə Azərbaycan məmurunun qara piarıdır. Mən çox gözəl bilirəm bunlar kimlərdir? Təəssüf ki, onlar çirkin oyunlar oynayır. Amma unutmasınlar ki, bu gün onlar əsassız sözlərlə məni ittiham edirlərsə, sabah mən əlimdə olan beynalxalq media resurslarla onların çirkin işləri haqqında real sənəd və dəlilləri ortaya çıxara bilərəm. Sözsüz ki, mən belə çirkin oyunlar oynamıram, amma hər şeyin də bir həddi var”.
Göründüyü kimi Mübariz Mənsimov ad çəkmədiyinə görə onun konkret hansı məmurları ittiham etdiyini söyləmək çətindir. Lakin bəzi mülahizələr irəli sürmək olar.
Azərbaycanda Mübariz Mənsimova məxsus “Palsüd” şirkəti fəaliyyət göstərir. Bu şirkət süd məhsullarının istehsalı ilə məşğuldur. Mübariz Mənsimov həmçinin “Xəzər Lənkəran” futbol klubunun sahibi idi. Iş adamının süd məhsulları ilə bağlı biznesində rəqibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Nazirin də eyni məhsullar istehsal edən şirkəti var. Mümkündür ki, bu məsələdə tərəflərin maraqları toqquşsun.
“Xəzər Lənkəran”a gəlincə, klub bir müddət əvvəl fəaliyyətini dayandırıb. Bu məsələ isə Mübariz Mənsimovun Azərbaycan Dövlət Neft Şirkətinin, eyni zamanda AFFA-nın prezidenti Rövnəq Abdullayevlə üz-üzə gələ bilər.
Azadliq.info