“Youthvision”a 150 min manat xərclənəcək – RƏSMİ
“2013-2014-cü illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev adına Sarayda “Univiziya” tələbələrin I beynəlxalq mahnı yarışması keçirilib. Həmin yarışma ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında baş tutub. Bu ildən müsabiqənin əhatə dairəsi genişləndirilib və bura 14-35 yaş arası gənclər cəlb olunub və müsabiqənin adı “Youthvision” adlandırılıb”.
Xeberinfo.com: Bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bu gün keçirilən brifinqdə deyib.
S. Məmmədovanın sözlərinə görə, müsabiqənin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur: “Yarışma İttifaqla birgə Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək. Artıq müsabiqə ilə bağlı youthvision.az saytı yaradılıb. Müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim ediblər”.
Mətbuat katibi əlavə edib ki, Təşkilat Komitəsi tərəfindən seçilən ən yaxşı ifaçılara müsabiqədə iştirak üçün dəvət məktubu göndərilib: “Müsabiqədə iştirakçı münsif onları müşayiət edən şəxs qismində 72 nəfər nümayəndənin gəlişi gözlənilir. Müsabiqədə Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya, Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan dövlətlərinin gənc ifaçı və münsifləri iştirak edəcək. Müsabiqədə ilk dəfə səslənən və ya tanınmış mahnılar ifa edilə bilər. Müsabiqədə hər ölkəni öz münsifi təmsil edir. Ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla, digər ölkələrin təmsilçilərini hər birinə 1, 2, 3, 4, 5, 6, 7, 8, 10 və 12 bal verə bilər. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi olacaq. İlk üç yerin qalibi pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar”.
S. Məmmədova qeyd edib ki, müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir: “Müsabiqənin keçirilməsinə 150 min manat xərclənməsi nəzərdə tutulub. Bura iştirakçıların və münsif üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər, roliklərin çəkilişi və s. daxildir. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Müsabiqənin tərəfdaşları qismində bir neçə dövlət və özəl şirkətlərin iştirakı da nəzərdə tutulur” (APA).