Rövnəq Abdullayev stadionu "su qiyməti"nə satdı
“Şəfa” stadionu Bakının “Inter” klubuna satılıb. “Inter” klubu stadion üçün AFFA-ya 4 milyon 250 min manat ödəyib.
"xeberinfo.com": Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov mətbuata açıqlamasında bildirib. AFFA-nın keçmiş prezidenti Fuad Musayev bu məsələ barədə maraqlı açıqlamalar verib. O, “Futbol+” qəzetinə müsahibəsində deyib ki, stadionun satış məbləği onda şübhə doğurur: “Bu sövdələşmədən ağlım bir şey kəsmədi.Bu boyda arena necə 4 milyon 250 minə satıla bilər? Nə olsun ki, bura stadiondur, ordan ancaq idman məqsədilə istifadə ediləcək?! Sizə adi nümunə göstərim. Eşitdiyimə görə, ”Xəzər Lənkəran"ın stadionu 15 milyon dollara başa gəlib. Iş adamı Mübariz Mənsimov öz cibindən bu qədər pul xərcləyib. Lənkəranda stadionu tikmək baha başa gələr, yoxsa Bakıda? Əlbəttə ki, paytaxtda. Çünki Bakıda torpaq yeri və işçi qüvvəsi qat-qat bahadır.
Belədə “Şəfa”nın 4 milyon 250 minə satılması nə dərəcədə realdır? Bunlar yəqin stadiona qiymət qoyarkən onun neçəyə başa gəlməsini nəzərə alıblar. Etiraf edirəm, “Şəfa”nın araya-ərsəyə gəlməsinə o vaxtkı qiymətlərlə 4 milyon 500 min dollar xərcimiz çıxdı. Daha fikirləşmirlər ki, o vaxtın qiymətlərilə indikini müqayisə etmək düzgün deyil. Bütün bunlar savadsızlıqdan irəli gəlir. Təkcə bir örtüyün azı 500 min dollara dəyişdirildiyini nəzərə alsaq, o boyda stadiona belə ucuz qiymət qoymaq ağılsızlıqdır".
Fuad Musayev əlavə edib ki, bu yaxınlarda Latviyada “Şəfa”ya bənzər stadion tikilib: “Həmin arenanı tikən adamla münasibətim var. Sonuncu dəfə mənimlə danışanda dedi ki, yeni tikdirdiyi arenaya 10 milyon dollar xərcləyib. AFFA rəhbərliyi ictimaiyyəti aldatmasın”.
Şəfa stadionu 2000-ci ildə inşa edilib. 2000-ci ildə 4 milyon 500 min dollara başa gələn stadionun 14 il sonra 4 milyon 250 min manata satılması bu məsələdə ciddi maxinasiyaya yol verilməsi barədə şübhələrə yol açır. Mümkündür ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev stadionu sadəcə bu qiymətə rəsmiləşdirib. Amma real məbləğ bundan dəfələrlə artıqdır. Amma başqa versiya da var. “Şəfa”nı alan “Inter” klubunun sahibi Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevdir. Cahangir Hacıyev hakim ailəyə yaxın şəxsdir. Ola bilər ki, Rövnəq Abdullayev bu səbəbdən “Şəfa”nı su qiymətinə satmağa məcbur olub.