"BÜTÖV AZƏRBAYCAN OCAQLARI"NDAN BƏYANAT
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı 13-cü zirvə toplantısı ilə əlaqədar Bütöv Azətbaycan Ocaqları bəyanat yayıb.
Xeberinfo.com: Bəyanatda deyilir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2016-cı ilin aprel ayında İstanbulda təşkil olunan 13-cü Zirvə Toplantısının 15 aprel tarixində qəbul edilmiş nəticə bildirişində müsəlman ölkələrinin İran ilə əlaqələrinin yaxşı qonşuluq prinsipləri əsasında olması ehtiyacına, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində daxili işlərinə qarışılmaması, aradakı ziddiyyətlərin İƏT, BMT və beynəlxalq konvensiyalar əsasında sülh yolu ilə həll edilməsi, eləcə də zorakılıq və ya təhdidə yol verilməməsi lazım olduğuna diqqət çəkilir.
Bəyannamədə Tehran və Məşhəddə yerləşən Səudiyyə Ərəbistanının diplomatik korpuslarına (səfirlik və konsulluq) edilmiş hücum və İranın S.Ərəbistanında icra edilmiş məhkəmə hökmlərinə reaksiya verməsi şiddətlə qınanıb və bu S.Ərəbistanının daxili işlərinə açıq aşkar qarışmaq kimi dəyərləndirilib.
Digər bənddə İranın region ölkələrinin və İƏT-in üzvü olan Bəhreyn, Suriya, Yəmən, Somali kimi dövlətlərin daxili işlərinə qarışması və terrorizmi himayə etməyə davam etməsi pislənib.
Bütöv Azərbaycan Ocaqları İƏT-in bu qərarları ilə tam razı olduğunu, onları dəstəklədiyini diqqətə çatdırmaqla yanaşı, qeyd edir ki, bu ölkənin təxribatlarından əzab çəkən ölkələrdən biri də Azərbaycan Respublikasıdır. İran sözdə Azərbaycanın ərazi bütövlüyün dəstəklədiyini bildirsə də, gerçəkdə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana hər cür maddi və mənəvi dəstək verir. Bu azmış kimi, digər qonşu müsəlman ölkələrində etdiyi kimi ölkəmizdə də məzhəblərarası gərginlik yaratmağa və sabitliyi pozmağa cəhd göstərməkdən də əl çəkmir. Bütün bunların arxasında məzhəb örtüyünə bürünmüş fars imperializminin məkrli planları gizlənir.
Bütöv Azərbaycan Ocaqları müsəlman ölkələrinin diqqətini eyni zamanda İran rejimi tərəfindən İranda yaşayan və sayları milyonlarla olan digər müsəlman xalqların - türklərin, ərəblərin, bəlucların, türkmənlərin, lorların, giləklərin və s. zorla farslaşdırılması siyasətinə də çəkməyi lazım bilərək bəyan edir ki, təşkilatımız Türkiyə, Pakistan və Səudiyyə başda olmaqla, bütün müsəlman ölkələrinin ərazisində fəaliyyət göstərən və fars şovinizmindən əziyyət çəkən həmin müsəlman xalqların mədəni inkişafında maraqlı olan, onları fars imperializminin zülmündən xilas etməyə və dəstəkləməyə hazır olan və sivil mübarizə aparan bütün təşkilatlar ilə əməkdaşlığa hazırdır.
BAO İnformasiya Xidməti