“Düşmən yerinə oturdulub”
“Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törədib”.
Xeberinfo.com: APA-nın məlumatına görə, bunu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib. Dövlət başçısı deyib ki, təmas xəttində yerləşən mövqelərimizə hücum olub, yaxınlıqdakı yaşayış məntəqələri atəşə tutulub: “Bu silahlı təxribat nəticəsində itkilərimiz olub, hərbçilərimiz və mülki şəxslərimiz həlak olub”.
Təxribata cavab olaraq aparılan hərbi əməliyyat nəticəsində böyük hərbi qələbə qazandıq. Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm
Prezident həlak olanların qohumlarına səbr arzulayıb, yaralananlara şəfa diləyib:“Nazirlər Kabinetinə həlak olanların ailələrinə maddi yardımlar göstərmək üçün təkliflər hazırlamağı tapşırıram, Müdafiə Nazirliyi isə döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş hərbçiləri təltif etmək üçün mənə təkliflər təqdim etsin”.
Dövlət başçısı qeyd edib ki, Ermənistanın bu cür təxribatlara əl atması ilk dəfə deyil: “Bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində Qazax istiqamətində oxşar təxribat törədilib. Mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkib və bu hücum nəticəsində 2 hərbçimiz həlak olmuşdu. Düşmənə layiqli cavab verilib, düşmən yerinə oturdulub”.
Prezident bildirib ki, bu təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür: “Bu təxribat ordumuz tərəfindən layiqincə cavablandırıldı”.
Dövlət başçısı deyib ki, düşmənə böyük zərbələr vurulub, düşmən böyük itkilər verib: “Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu. Bununla bərabər, qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Təxribata cavab olaraq aparılan hərbi əməliyyat nəticəsində böyük hərbi qələbə qazandıq. Bu münasibətlə ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq, düşmənə layiqli cavab veriləcək. Azərbaycan ordusu buna qadirdir, Azərbaycan övladları öz doğma torpaqlarını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi ürəyimizdə əbədi yaşayacaq”
Dövlət başçısı deyib ki, Ermənistan sülh, işğal etdiyi torpaqlardan çəkilmək istəmir: “ Ermənistanın bu hərəkətlərinin səbəbi mənim üçün sirr deyil. Dəfələrlə həm Azərbaycan ictimaiytəinə, həm bu məsələlərlə ağlı vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan bütün səylərini ona yönəldib ki, maksimum status-kvonu saxlaya bilsin. Bunun kifayət qədər çox sübutları var. Danışıqlar prosesi 20 ildən çoxdur ki, aparılır. Bu 20 il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atır, daim təmas xəttində Ermənistan tərəfdən gərginlik yaradılır. Eyni zamanda keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan anlaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər. 2014-cü ildə Fransa prezidenti Fransua Olland Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmişdi və görüş çox konstruktiv şəraitdə keçmişdi. Görüşün nəticəsi ümidverici idi. Görüşdə eyni zamanda təmas xəttində təhlükəsizlik, etimad tədbirlərinin gücləndirilməsi barədə danışırdıq. Ancaq o görüşdən 2 həftə keçməmiş Ermənistan işğal edilmiş torpaqlarda, Ağdam rayonunun ərazisində özlərinin dediyi kimi, 48 min şəxsi heyətin iştirakı ilə hərbi təlimlər keçirməyə başlamışdı. Bu, sırf təxribat xarakterli bir addım idi. Xüsusilə Parisdə uğurlu sayılan görüşdən sonra bunun nə mənası vardı?! Bir neçə gün Azərbaycan özünü çox təmkinli apardı, mən də göstəriş vermişdim ki, təxribatlara uymayaq. Ancaq ondan sonra düşmən daha da azğınlaşmış, mövqelərimizə hücum çəkmişdi, hərbi helikopterləri işə salmışdı.
Azərbaycan ordusu da hərbi helikopterlərdən birini məhv etmişdi. Bu, Ermənistana lazım idi. Ermənistana lazım idi ki, desinlər, Azərbaycan atəşkəsi pozur, özünü aqressiv aparır. Son təxribat da eyni məzmunludur. Yenə də mövqelərimizə hücum çəkirlər, əsgərlərimiz, zabitlərimiz həlak olur. Ondan sonra da Azərbaycan ordusu onların başını əzir. İndi isə dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Biz atəşkəsi pozmamışıq, sadəcə, təxribata layiqli cavab vermişik”.
Prezident İlham Əliyev bildirib ki, nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan ordusu bundan sonra da onları cəzalandıracaq.