DYP RƏİSİ İKİNCİ VİLLANIN TİKİNTİSİNİ DAYANDIRDI
Xeberinfo.com: Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi (BDYP) polkovnik Nuşirəvan Səfərov “AzPolitika.info” saytında dərc olunmuş ifşaedici yazıdan sonra (Bax: “Nuşirəvan və boy-boya düzülən villaları” yazısına) Bakının milyonçular məhəlləsində ikinci villasının tikintisini dayandırıb. Bunu ərazidə müşahidə aparan əməkdaşlarımız qeydə alıblar.
“AzPolitika”nın apardığı araşdırma nəticəsində məlum olub ki, BDYP rəisi Nuşirəvan Səfərovun Bakının milyonçular yaşayan prestijli rayonunda – Badamdar qəsəbəsi 2-ci yeni massiv, ev 156 ünvanında yerləşən villasının real bazar dəyəri 15 milyon dollardan artıqdır. BDYP rəisi, təxminən 1 hektar ərazidə hazırda ikinci villasının tikintisini həyata keçirir. Əməkdaşlarımız müşahidə etmişdilər ki, bu tikintiyə əraziyə 90—300 dövlət nömrə nişanlı xidməti avtomobillə gələn DYP əməkdaşları nəzarət edirlər. Lakin bir neçə gündür bu tikintidə işlər tamamilə dayanıb.
Qeyd edək ki, Bakının DYP rəisi ilə bağlı araşdırmamız geniş rezonans doğurub. Saytımıza daxil olan yeni məlumatlardan belə məlum olur ki, 15 milyonluq villası, rəsmi maaşı 1000-1500 manat olan DYP rəisinin var-dövlətinin hələ cüzi bir hissəsidir. Lakin bu sərvətin mənbəyi naməlum olaraq qalmaqdadır. Məsələn, təqdim etdiyimiz aşağıdakı videoda görünən al-verlə DYP rəisinin boy-boya düzülən villalarının, yan-yana sıralanan istilikxanalarının, restoran-barlarının uzaqdan-yaxından hər hansı bağlantısının olub-olmadığı sirr olaraq qalmaqdadır. Lakin şübhəsizdir ki, bu “sirrin” çözüləcəyi gün də gələcəkdir.
“Nuşirəvan və boy-boya düzülən villaları” araşdırma yazısına sosial şəbəkə istifadəçilərinin də münasibəti kəskin olub. “AzPolitika”nın “Facebook” səhifəsinin izləyiciləri sözügedən xəbərin altında N.Səfərova, sözün əsl mənasında nifrət püskürüblər.
Maraqlıdır ki, adi tənqidi yazıya görə “AzPolitika”nı məhkəməyə çəkib, cəzalandırılmasına nail olan polkovnik Səfərov, dəyəri milyonlarla ölçülən villası barədə araşdırmaya susmaqla münasibət bildirib. Halbuki, DYP rəisi vaxtilə “mənəvi dünyasında rüşvətə geniş meydan verilmiş polis zabiti”, “savadsız”, “kobud” sözlərinə görə, “fırtına qoparmış”, təhqir və böhtana məruz qaldığını iddia edərək, əlində “qırmızı diplom”la məhkəməyə üz tutmuşdu. Məhkəmədə isə, DYP rəisinin vəkili iddia etmişdi ki, N.Səfərov bu tənqid və ittihamlara görə güclü sarsıntı keçirib, günlərlə özünə gələ bilməyib, ailəsinin, yaxınlarının üzünə baxa bilməz olub.
Amma nə işdirsə daha “sarsıntı” keçirmir və susur. Belə görünür ki, 1500 manat maaşla belə xarüqələr yarada bildiyinə görə, heç yaxınları da artıq onu “qınamır”.
DANIŞ RƏİS, DANIŞ!
AzPolitika.info