Nuşirəvan Səfərovun işçiləri yaşlı qadını vəhşicəsinə döyüb: RƏZALƏT
Xeberinfo.com: Bu yaxınlarda redaksiyamıza Türkan qəsəbəsində yaşayan 55 yaşlı Əhmədova Fəxrəndə Yediyar qızı tərəfindən şikayət ərizəsi daxil olmuşdur. İrevan-press.com-a müraciət edən şikayətçi bildirir ki, iyul ayının 16-sı gecə saat 1 radələrində qohumunun evindən qayıdarkən Pirallahı rayonunun “ Daş karxanaları” ərazisində “99 YP 489” nömrə nişanlı yol polisi idarəsinin maşını onun oğlunun idarə etdiyi “ 10 GH 273” dövlət nömrə nişanlı 011 – jiquli markalı maşınımızı saxlatdırıb. Qadının sözlərinə görə, onlara yaxınlaşan DYP əməkdaşları sənədləri yoxlayandan sonra bildiriblər ki, sürücü sərxoşluq müayinəsi üçün Zığ ərazisindəki məntəqəyə gedməlidir.
“ Məsələ bu yerə çatanda mən xahiş etdim ki, xəstəyəm məni evə çatdırın, sonra nə işiniz var görün. Mənimlə razılaşmayan DYP əməkdaşları az sonra zor işlətməyə başladılar. Yalvarışlara, ana fəryadına məhəl qoymadılar. Məni sürüyüb maşından yerə saldılar və döydülər. Elə oradaca halım pisləşdi, üstümə təcili yardım çağırıldı. Nəticədə həkim xəsarət almağım barədə rəy verdi. Sonralar öyrəndim ki, həmin gecə maşınımızda olanların hamısını Zığa müayinə məntəqəsinə aparıblar. Müayinə zamanı sürücüdə sərxoşluq aşkar edilməyib”.
Qadın sözlərinin davamında bildirir ki, onları yerə tökən yol polis idarəsinin əməkdaşı təhqiramiz ifadələr işlətdikdən sonra maşını əllərindən alaraq aparmışdır. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Fəxrəndə Əhmədova bir neçə cərimə dayanacağına baş çəksə də, “ 10 GH 273” dövlət nömrə nişanlı maşını aşkar etməyib. Yol polisi tərəfindən döyülən və təhqir olunan 55 yaşlı Azərbaycan xanımı fəryad qoparır və yuxarı təşkilatlardan, eləcə də bir başa Daxili İşlər Naziri Ramil Usubovdan kömək diləyir. ( mövzuya qayıdacağıq)
P.S Ərizədə yazılan faktlara aydınlıq gətirmək məqsədi ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovla telefon əlaqəsi yaratmaq cəhdlərimiz boşa çıxdı. Əməkdaşlarına nəzarət edə bilməyən idarə rəisi jurnalistlərdən gələn zənglərə ciddi nəzarət edir. Təəssüf ki, bu cür nəzarət məsələni araşdırmağa deyil, qələm sahiblərinin diqqətindən yayınmağa doğru yönəlmiş bir addımdır.