Generalın qohumu türmədə niyə “sındırıldı”?
Generalın qohumunun təcridxanada əlində süpürgə fotolarının yayılması haqda keçmiş məhbuslardan maraqlı versiyalar; rəis işdən uzaqlaşdırıla bilər...
Xeberinfo.com: Bir qrup idmançı ilə yanacaqdoldurma məntəqəsində törətdiyi məlum hadisəyə görə inzibati həbs cəzası alan general Məhərrəm Əliyevin qohumu İsa Əzizovun yayılan həbsxana fotoları gündəmdən düşmür. Əlində süpürgə ilə məhbusun yayılan fotoları ictimaiyyət arasında heç də birmənalı qarşılanmayıb.
Şəkillərin məqsədli şəkildə mətbuata ötürüldüyünü deyənlər çoxluq təşkil edirlər. Bunun bir növ İ.Əzizovu “sındırmaq” məqsədindən doğduğunu düşünənlər var. Həbsxanada telefondan, fotoaparatdan istifadənin yasaq olduğu hər kəsə məlumdur. Generalın qohumunun fotolarının necə çəkildiyi müəmmalıdır. Heç şübhəsiz ki, bu, bir neçə gündən sonra azadlığa çıxacaq İsa Əzizova ən böyük zərbədir.
Həbsxanada məhbusun hansı hallarda “sındırılması”nın mümkün olmasını araşdırdıq. Bunun üçün tanınmış keçmiş siyasi məhbuslarla söhbət etdik.
2003-cü ilin oktyabr hadisələrinə görə həbsxana həyatı yaşamış ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, məhbusun “sındırılması” termini düzgün deyil: “Oğru aləmində bir sıra qadağan olunmuş işlər var. Onu görənlər oğru aləminin üzvü ola bilməzlər. Həbsxanada bir sıra texniki işlər var. Onu “üzdəniraq”lar görürlər. Bu işləri görənlərə, həbsxana rəhbərliyi ilə əməkdaşlığa gedənlərə “sındırılmış” şəxslər kimi baxırlar. Məhbusun bu hala salınmasının bir sıra növləri var. Məhbusun əl-qolunu bağlayırlar, hündür yerdən qarnının üzərinə hoppanırlar. Bu zaman məhbus özünü tərpədirsə, bu, onun “sındırılması” anlamına gəlir. O, hörmətli şəxs hesab olunmur. Həbsxanada çalışırlar ki, oğru aləminin üzvlərinin sayını azaltsınlar. Bu, hörmətli şəxslər hesab olunanlar tərəfindən həyata keçirilir. Onların bəzən özləri də sındırılır. Bu zaman intihar edirlər”.
ADP sədri generalın qohumunun oğru qanunları ilə yaşamadığını qeyd etdi: “Həbsxanada məhbuslar iki qismə ayrılır: oğru aləmindən olmayanlar və daimi sakinlər. Daimi sakin olanlar tez-tez həbsxanaya düşənlərdir. Onlar oğru aləminə daha çox meylli olurlar. Amma oğru aləmindən olmayanlara “sındırılma” damğasını vurmaq düzgün sayılmır. Bu, ancaq oğru qanunları ilə yaşayanlara aiddir. İsa Əzizov oğru aləminə aid olmadığına görə, onun küçə süpürməsi “sındırılma” kimi qəbul edilə bilməz. O şəxs demir ki, cinayətkar aləmə yaxınam, yaxud onun qanunları ilə yaşayıram. Mətbuata yanlış ifadə çıxıb. Sadəcə bu şəxsin şəxsiyyətini alçaldıblar. Məhbus haqqında qanun var. Hərbidə, internat məktəblərində həyəti süpürmə kimi hallar var. Normal bir şərtdir. Sovet dövründən sonra həbsxanalarda “üzdəniraq” deyilən homoseksualları ayırdılar. Təmizləmə işinə onlar baxırlar. Bunun əvəzində onlara müəyyən şərait yaradırlar. Barakları fərqli olur. Əzizovun həyəti süpürməsi həbsxana qanunlarına uyğundur. Görünür, kimsə qərəzli şəkildə bu işi ona gördürüb”.
Keçmiş məhbus həbsxana görüntülərinin yayılmasının cinayət olduğunu bildirdi: “Ola bilsin ki, hansısa məhbusun əlində telefon olub. Həbsxanada nəzarətin güclü olmaması səbəbindən İsa Əzizovu əlində süpürgə çəkib. Həbsxana rəhbərliyinin bu fotolardan xəbəri ola da bilər. İstənilən halda cinayətdir. Həbsxana rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Çünki həbsxana daxilində telefondan və fotoaparatdan istifadə qanunla qadağandır. Məhbusun küçə süpürməsində qanun pozuntusu yoxdur. Amma onun çəkilib mətbuata göndərilməsi qanuna ziddir. Respublika Prokurorluğu bununla bağlı cinayət işi qaldırmalıdır”.
2011-ci ilin aprel hadisələrinə görə həbs edilmiş, dəfələrlə generalın qohumunun “sındırıldığı” təcridxanada olmuş “AĞ blok”un təsisçisi Tural Abbaslı günahsız məhbuslara qarşı belə hərəkətlərin edilmədiyini söylədi: “Həbsxanada oğru aləmində əsas ədalət anlayışıdır. Hətta biri digərinə qarşı səhv addım atarsa, özü pis vəziyyətdə qalır. Adətən belə “sındırılmalar” müəyyən orqanların sifarişi ilə həyata keçirilir. Kütlənin psixologiyasına hesablanmış addım olur. Müvəqqəti Saxlama Təcridxanası ilə cəzaçəkmə müəssisələrindəki münasibətlər arasında ciddi fərqlər var. Qanunvericiliklə həyət süpürmə alçalma deyil. Amma oğlanın əlindəki süpürgə çox kiçikdir. Bununla təmizlik aparmaq olmaz. Şəkli çəkilib, ictimailəşdirilib. Qapalı tipli müəssisələrdə bu hallar qadağan edilib. Şəkil çəkmək, səs yazmaq olmaz. Zamanında belə bir hadisə törədilmişdi. Bir qrup siyasi gəncin fotoları yayılmışdı. Əks-səda doğurmuşdu. Nəticədə hakimiyyət təcridxana rəisini işdən çıxarmışdı. Ondan sonra da dəfələrlə həmin müəssisədə olmuşam. Oranın işçiləri ilə söhbətimə görə, bu məlumatı dəqiq bilirəm. İşçilər mənə həmin hadisə ilə bağlı demişdilər ki, kamera gətirib, həmin siyasi gənclərin foto-videolarını çəkdilər. Sadəcə rəisin üzərinə atıblar. İndi də həmin qayda tətbiq olunmalıdır. Kimliyindən asılı olmayaraq, insan hüquqları pozulub. İndiki rəisin kimliyi mənə maraqlı deyil. Bundan öncəki təcrübəli rəis işdən çıxarılırsa, hazırkı təcrübəsiz rəis niyə də azad olunmasın? Bu rəisin dönəmində də təcridxanada olmuşam. Məhbuslarla rəftarı bilmir”.
P.S. Qeyd edək ki, İ.Əzizovun vəkili Gülşən Salmanov şəkildə görünən süpürgəli şəxsin İ.Əzizov olmadığını deyib.
Musavat.com