Baş prokurorluğun qarşısında kəfən geyindi: “Ərimi “Akula Akif” tutdurub...”
Bu gün Baş prokurorluğun qarşısında bir qrup şikayətçi aksiya keçirib.
Xeberinfo.com: Şikayətçilər qrup halında toplansalar da hərəsinin ayrı dərdi var. Onlardan bəziləri kəfən geyiniblər və bununla da müxtəlif instansiyalara etdikləri şikayətlərin eşidilməməsinə etiraflarını ifadə ediblər. Kəfən geyinən şikayətçilərdən biri də Sevda Süleymanovadır.
Qadın virtualaz.org saytına deyib ki, onun başına gələnlərlə bağlı etdiyi müraciətlərə laqeyd yanaşıldığı üçün bu addımı atıb. “Həyat yoldaşım Qüvvətəli Süleymanov “Afina” MMC-in direktoru olub, MTN tərəfindən həbs edilib. Onu dələduzluqda ittiham edirlər. Mənim həyat yoldaşımı həbs etdirən, bizi bu günlərə salan “Akula Akif”dir. “Afina” MMC-nin payçısı Nail Şahverdiyevin də bu işdə əli var. 20 dekabr 2015-ci ildə yoldaşımla görüşəndə özü dedi ki, məni məcbur ediblər, qol çəkdiriblər, ailəmi, uşaqlarımı öldürməklə hədələyiblər. Rüstəm Usubovun qəbulunda olduq, bizi dinlədi. Hər şeyi olduğu kimi danışdım. Polisdə döyülməyimlə, 6 gün həbsdə saxlanılmağımla bağlı da hər şeyi dedim, araşdıracağına söz verdi”-Sevda Süleymanova deyir.
Qeyd edək ki, Q.Süleymanovun işi hazırda məhkəmə baxışındadır. Ancaq ittiham olunan şəxs hələlik ifadə verməyib. Söhbət bir mənzilin bir neçə nəfərə satılması şəklində həyata keçirilən dələduzluq əməlindən gedir. Q.Süleymanov bundan əvvəl başqa cinayət əməli üzrə təqsirli bilinib və hazırda həbsdədir. Həbsdə olduğu müddətdə ona yenidən dələduzluq maddəsi ilə, bu dəfə ayrı epizod üzrə ittiham irəli sürülüb və bu iş üzrə məhkəmə prosesi başlayıb. Q.Süleymanovun həyat yoldaşı isə deyir ki, onun ərini şərləyiblər və törətmədiyi əməli zorla boyuna qoyublar.
Xatırladaq ki, “Akula Akif” kimi tanınan iş adamı Akif Mustafayev keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən yaxın adamı hesab olunurdu. E.Mahmudov vəzifədən uzaqlaşdırılan kimi “Akula” Bakıdan qaçıb, hazırda onun Fransada olduğu bildirilir. Virtualaz.org saytı “Akula”nın Bakıdan necə qaçdığına dair geniş araşdırma dərc etmişdi.