Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Türkiyə siyasi rəhbərliyində Putinə xas olan əxlaq yoxdur"

Putin körpüləri yandırdı: Türkiyənin təhqirindən sonra geriyə yol qalmadı

Qabil Hüseynli: “Putinin öz lovğa və təkəbbürlü çıxışı ilə Türkiyənin təhqir etməsi, iki ölkə arasındakı münasibətlərin yaxşılaşması istiqamətindəki bütün səyləri alt-üst elədi”

 

Xeberinfo.com:  Putin yenidən bütün dünyanın diqqətini cəlb etməyi bacardı. Dekabrın 17-də Rusiya prezidenti sayca 11-ci mətbuat konfransını keçirərək, 3 saat 7 dəqiqə canlı yayımda jurnalistlərin suallarını cavablandırdı.  
Bir prezident kimi onun vaxtaşırı jurnalistlər qarşısına çıxması, özünəinamı və çəkinmədən bütün suallara cavab verməsi nümunəvi bir addım olsa da, Putinin bu konfransdakı çıxışında yer alan bəzi məqamlar heç də nümunəvi prezident çıxışı kimi yadda qalmadı. Hətta siyasi şərhçilərin fikrincə, Putin etik normaları da aşaraq, öz imicinə ciddi zərbə vurdu.  
 
Konfransda jurnalistlərin suallarını cavablandıran Rusiya prezidenti bildirdi ki, Rusiyanın Su-24 təyyarəsini vurmaqla, Türkiyə rəhbərliyində təmsil olunanlar ABŞ-a yaltaqlanmaq məqsədi güdüblər. Lakin bu fikrini ifadə edərkən Putin küçə jarqonlarından istifadə etməkdən də çəkinmədi: “Biz bilmirik ki, bu işdə üçüncü tərəf var, ya yox... Lakin Türkiyə rəhbərliyindən kimsə amerikalılara yaltaqlanmaq (əslində, yaltaqlanmaq deyil, daha ədəbsiz ifadə işlədilib) istəyibsə, bunun doğru addım olub-olmadığını bilmirəm. Ümumiyyətlə, bunun amerikalılara lazım olub-olmadığını da bilmirəm”.
 
Putinin işlətdiyi ədəbsiz ifadələr kəskin tənqidlərə məruz qaldı. Lakin təəccüb doğuran bir məqam da odur ki, Türkiyə tərəfindən rəsmi səviyyədə Putinə qarşı  heç bir bəyanat verilməyib.
Baş verənlərin bundan sonra Türkiyə-Rusiya münasibətlərinə necə təsir edəcəyi ilə bağlı fikirlər birmənalı deyil. Ancaq əksər politoloqlar Putinin bütün “körpüləri yandırdığı” qənaətdindədir. 
Musavat.com-a açıqlamasında Rusiya prezidentinin hərəkətlərini pisləyən politoloq Qabil Hüseynli də bildirdi ki, Putinin bu hərəkətləri dünya siyasətinə “dalan əxlaqı” gətirməkdən ibarət oldu: “Dünən Putin jurnalistlərə verdiyi mətbuat konfransında başdan ayağa digər xalqları təhqir etdi, onların liderlərinin ələ saldı, əsas işi diplomatiyadan və etik normalardan uzaq ifadələrlə onları təhqir etməkdən ibarət oldu. Bu, xüsusilə də Türkiyəyə münasibətdə özünü göstərdi. Mənim zənnimcə, normal təfəkkürə malik olan, siyasətdə bişmiş, təmkinli bir insan qətiyyən belə ifadələri işlətməzdi. Əlbəttə ki, Türkiyədən cavab olacaq. Türkiyənin müttəfiqlərinin də cavab verməsinə çox böyük ehtiyac var. Çünki, Türkiyə bölgədə NATO-nun Cənub cinahı rolunu oynayır və Türkiyənin başına gələnlər də Rusiya-NATO qarşıdurmasından doğan bir hərəkətdir. Ona görə də, düzdür, Türkiyə siyasi rəhbərliyində Putinə xas olan əxlaq yoxdur. Onlar daha təmkinli və siyasi müdrikliyə söykənən ifadələrlə cavab verəcəklər. Eyni zamanda, dövlətlərarası münasibətləri provakasiya ilə hərbi qarşıdurmaya çəkmək meyilləri də müşahidə olunmayacaq”. 
Politoloqun fikrincə, Putinin əsas məqsədi Türkiyəni provakasiyaya çəkməklə münasibətləri hərbi müstəviyə daşımaqdır: “Dünən Putin sözün həqiqi mənasında “vur-vurum” psixologiyası ilə hərəkət edirdi və Türkiyəni provakasiyaya çəkmək istəyirdi. Lakin mən düşünürəm ki, Türkiyənin cavabı hərbi qarşıdurma yaratmağa yönəlməyəcək. Putini utandıran və onu beynəlxalq hüquq normalarına riayət etməyə dəvət edən fikirlər olacaq. Mən bir vətəndaş kimi, bir politoloq kimi dünən Putinin yerinə utandım. Özü problemlər içində boğulan bir ölkənin başçısı, ondan xeyli inkişaf etmiş, lakin hərbi gücünə görə aşağı səviyyədə olan xalqı və xalqın siyasi liderlərini bu cür ağır formada, ədəbsiz şəkildə təhqir edir”. 
 
Qabil Hüseynli NATO ölkələrindən Türkiyəyə dəstək gözlədiyini də vurğulayıb: “Mən daha çox ABŞ-dan cavab gözləyirəm. Almaniya, Fransa, Böyük Britaniyadan da ciddi  cavab gözləyirəm. Çünki, onlar NATO-nun əsas lokomotivləridir. Yəni, rus təyyarəsinin vurulmasında da sözsüz ki,  NATO-nun təkidləri də rol oynayıb. Üstəlik də, təyyarə vurulandan sonra bu ölkələrin hamısı günahın Rusiya tərəfində olduğunu söyləmişdilər. Bu gün təhqir olunan, ələ salınan təkcə Türkiyə deyil, bütün Avropa ölkələrinin rəhbərliyidir, Obamanın özüdür.
 
Mənə belə gəlir ki, Türkiyə təyyarəni vurmaqla, Rusiyaya bir dəfə göz dağı verdi. Putin isə hədəqəsindən çıxmış, heç bir əxlaqi normanı gözləməyən bir insandır. Belə olan halda mən bu gün Putinə qarşı bütün NATO ölkələrinin rəhbərlərinin hamısından qınaq bəyanatlarını gözləyirəm. Əgər, kimlərsə dünyanın “cəngəllik qanunları” ilə idarə olunmasını, müharibələrin əsiri olmasını istəyirsə, onda Putinin bu təhqirlərinə dözməlidirlər. Bu məsələdə Amerikanın da adı çəkilir.
Əlbəttə, həmin dövrdə Amerikanın və digər dövlətlərin təhrikedici çıxışları olmuşdu. Bu baxımdan təyyarənin vurulmasında NATO rəhbərliyi və ilk növbədə də Amerikanın rolu olub. Daha bir biədəb söz Türkiyənin Amerika ilə münasibətlərinə aid məsələdə işlədilib. Bunu nəzərə alaraq hesab edirəm ki, Amerika bu məsələdə yarıbayarı məsuliyyət daşıyır və Türkiyənin bu dar günündə o məsuliyyətin minimum 50 faizini öz üzərinə götürməlidir. Bütün bunları nəzərdə tutaraq mən hesab edirəm ki, Putinin lovğa və təkəbbürlü çıxışı ilə Türkiyənin təhqir etməsi, iki ölkə arasındakı münasibətlərin yaxşılaşması istiqamətindəki bütün səyləri alt-üst elədi”. 
Siyasi ekspert Türkiyə-Rusiya münasibətlərində geriyə dönüşün olmadığını vurğuladı: “Bu münasibətlərin yaxın zamanlarda qaydasına düşəcəyini söyləmək o qədər də asan deyil. Əgər təyyarə olayından sonra münasibətlər gərgin idisə, Putinin dünənki çıxışından sonra daha da gərginləşdi və sağalmaz bir yaraya çevrildi. Mən dünyaya Putin əxlaqının gəldiyinə görə, təəssüf edirəm. Putin kimi bir şəxsin Rusiya kimi böyük bir ölkənin başçısı olmasına görə təəssüf edirəm. Və dünyanın bu cür bir insanın davranışlarına dözməsinə təəssüf edirəm”. 
Politoloq Rasim Ağayev də musavat.com-a açıqlamasında Putinin bu çıxışla öz imicinə zərbə vurduğunu qeyd etdi: “Dünən mən həm çox təəccübləndim və həm də təəssüfləndim ki, Putin özünəməxsus olmayan şəkildə danışdı və görünür artıq əsəblərini cilovlaya bilməyib və bu cür xoşagəlməz ifadələr işlədib. Çünki, Putin dünyada reytinqli siyasətçilərdən biridir. Təkcə ölkəsində deyil, xaricdə, hətta Amerikada da Putinin reytinqi Obamadan yüksəkdir. O gərək öz reytinqinə xələl gətirməyəydi. 
O, adətən mətbuat konfransını çox soyuqqanlı şəkildə aparırdı. Bu səviyyədə auditoriya qarşısında, canlı yayımda prezidentin özünü belə aparması heç bir normaya sığmır. Başqa bir tərəfdən Rusiya –Türkiyə münasibətləri böyük bir təhlükə altındadır. Bunun səbəblərindən biri də odur ki, heç bir ölkə vəziyyətin gərginləşməsinə səbəb olan məsələləri yumşaltmağa çalışmır. Siyasi icmalçılarda belə bir düşüncə var idi ki, Türkiyə üzrxahlıq etsəyi, bu münaqişə aradan qalxardı. Ancaq Türkiyə tərəfi üzrxahlıq etməkdən qətiyyətlə imtina etdi və hər iki tərəf qarşıdurmanı tamamilə gərginləşdirmək yolunu seçiblər. Ancaq Rusiya sanksiyalar tətbiq edərkən dövlət səviyyəsində olan layihələrə, atom elektrik stansiyasına və digərlərinə toxunmadı, yalnız orta və xırda biznesmenlərin vəziyyəti gərginləşdi, turizm aradan qaldırıldı”. 
Rasim Ağayev hər iki tərəfin müharibəyə hazır olmadığını və belə bir ehtimalın gözlənilmədiyini qeyd etdi:“Belə münasibətlərin heç bir ölkə üçün persperktivi yoxdur. Bunun sonu iki ölkə arasındakı münasibətlərin tamamilə kəsilməsi ola bilər. Çünki, müharibəyə getməyə onların nə imkanları, nə də istəkləri var. Məsələnin yeganə həlli yolu hər iki prezindetin bəyanat yayaraq bir-birindən üzrxahlıq etməsi ilə ola bilər. Müharibə olması variant isə aktual deyil. Türkiyə cavab verəcək və bununla da mübahisə bitəcək. Bu məsələni şişirtməyin axırı yoxdur. Putin təhqiramiz ifadələr işlədib. Bunun əvəzində Moskvanı bombalamaq olmaz ki... Bu çıxış elə Putinin öz əleyhinə işlədi. Hamı bilir ki, Türkiyə NATO-nun Cənubi cinahıdır və onun dediyini edir. Rusiyanın da Qərblə, NATO ilə münasibətləri sıfır həddindədir. Putin bu səbəbdən təhqiramiz ifadələr işlədib. Türkiyə kəskin bir bəyanatla Putinə yerini göstərə bilər və bununla da məsələ yekunlaşar”. 
Politoloq Razi Nurullayev də bu məsələyə münasibət bildirərək, böyük bir dövlətin prezidentinə belə ifadələrin yaraşmadığını qeyd etdi: “Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında Türkiyənin ünvanına təhqirlər yağdırıb. Dövlət başçısının bu davranışını qətiyyətlə pisləyir və böyük bir dövlətin prezidentinə belə ifadələrin yaraşmadığını bilidirirəm. Həmin ifadələr çox pis təhqirdir və belə ifadələri heç bir mədəni dövlət başçısı özünə yaraşdırmazdı. Belə görünür ki, Putin vəziyyətin daha da gərginləşməsində maraqlıdır. Amma bu gərginlik Türkiyə üçün çətin olsa da, bir o qədər də Rusiya üçün problem yaradır. Hazırda Rusiya dünyada təklənmiş durumdadır və yerdə qalan dostlarını da itirmək Putin hakimiyyəti üçün daha da acınacaqlı olacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam