Rəsulzadənin təhqir olunması parlament müzakirəsində
Fazil Mustafa MM və YAP rəhbərliyini reaksiya verməyə çağırdı; Ziyafət Əsgərov aydınlaşma üçün “Yeni Müsavat”la Naqif Həmzəyevin görüşünü təklif etdi
Xeberinfo.com: Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa M.Ə.Rəsulzadəni təhqir edən həmkarı Naqif Həmzəyevin hərəkətlərini qınadı. O bildirdi ki, tarixi şəxsiyyətlər haqqında ziddiyyətli fikirləri hər kəs deyə bilər, amma elə personalar var ki, bunlar dövlətin qurucularıdır:“Dövlətin qurucusu olan şəxs haqqında Azərbaycan vətəndaşı hansısa neqativ fikir səsləndirirsə, deməli, o, bu dövlətin vətəndaşı olmaqdan məmnunluq duymur. Çünki onun qurduğu dövlətdir. Biz 1918-20-ci ildə mövcud olan dövləti bərpa etmişik, onun varisiyik. Hər kəsə qarşı tənqidi fikir söyləmək olar, amma təhqiramiz fikir söyləmək, hörmətsiz yanaşmaq qətiyyən yolverilməzdir. Deputat etikası var, Milli Məclisdə ən azı rəhbərlik səviyyəsində münasibət bildirilməlidir ki, gələcəkdə təkrarlanmasın”.
F.Mustafa Rəsulzadənin Gəncədəki büstünün üzərindən çuvalın götürüldüyün də xatırlatdı: “Bu, sevindirici haldır. Ən azı, burda müəyyən tənqidlərin olmasından sonra belə bir addım atılması çox vacib haldır. Biz AXC-də olanda indiki hakimiyyətə, Heydər Əliyevə qarşı çox kəskin, barışmaz mübarizə aparmışıq. Amma Əbülfəz Elçibəy rəhmətə gedəndə Heydər Əliyev gəlib onun məzarının başında duranda inanın ki, cəbhəçilərin böyük əksəriyyətində onun şəxsiyyəti ilə bağlı 180 dərəcə fikir, düşüncə dəyişdi. O masştabda olan adam bilirdi ki, Azərbaycan prezidenti olmuş bir şəxsin siyasi mövqeyini qəbul etməmək, hansısa mövqeyini müsbət qiymətləndirməmək olar, amma hörmətsiz yanaşmaq olmaz. Ölkə prezidenti İlham Əliyevin bəlkə də ən böyük addımlarından biri eks-prezidentlərin statusu haqqında qəbul etdiyi qanunun təşəbbüsü olacaq. Azərbaycanın eks-prezidenti Mütəllibova kiminsə münasibəti müsbət olmaya bilər. Amma təsəvvür edin ki, Azərbaycan prezidenti olmuş bir şəxs xaricdə dünyasını dəyişəydi, bu, Azərbaycan üçün hansı imic yaradardı? Dövlətin prezidenti, qurucusu olmuş şəxslərə hörmətsiz yanaşmaq yolverilməzdir və mən bunu qınayıram və istərdim ki, həm YAP həm Milli Məclis bu məsələyə münasibətini bildirsin”.
Ziyafət Əsgərov isə cavabında belə dedi: “Fazil bəy siz hüquqşünassınız. Bir məsələ haqqında mövqe bildirəndə məsələni araşdırmaq lazımdır. Mən Naqif müəllimin müsahibəsini oxudum, o deyir ki, mən belə söz deməmişəm. Hər halda, bu məsələ araşdırılmalıdır, müsahibə götürənlə müsahibə verən arasında. Məsələ araşdırılandan sonra nəsə demək olar. Müxbir deyir deyib, bu kişi də deyir deməyib. İndi biz nə münasibət bildirək?