Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MTN generalının “Quantanamosu” - ŞOK

 

Akif Çovdarovun gizli həbsxana saxladığı üzə çıxdı; Akif Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub; Elçin Behbudov: “3 metr yerin dərinliyində, havasız, sanitar qovşağı olmayan dəhşətli bir yer idi” 

 

 
Xeberinfo.com:   2 gün əvvəl tutduğu vəzifədən azad olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun gizli həbsxana saxladığı haqda məlumat var. Adı 2 jurnalistə qarşı sui-qəsddə hallanan A.Çovdarovun MTN binasından kənarda yerləşən gizli həbsxanasından onlarla vətəndaşın keçdiyi iddia olunur.
 
Strateq.az saytı yazır ki, indiyədək həbs olunan MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu birbaşa general-mayor Çovdarovdan aldıqları haqda ifadələr veriblər və artıq onun həbsi üçün kifayət qədər dəlil-sübutlar toplanıb. Eyni zamanda təhlükəsizlik məqsədi ilə adları hələlik cəmiyyətə açıqlanmayan xeyli sayda iş adamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif Çovdarovun onlara hədə-qorxu gələrək, milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər. 
Məlumata görə, həm bu adamların, həm də həbs olunan MTN əməkdaşlarının dindirilməsi zamanı ortaya sensasiya sayılacaq başqa bir mühüm fakt da çıxıb. Bəlli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub. Məlum olub ki, MTN-dəki məlum dəstə pul almaq məqsədilə keçirdikləri əməliyyatlar barədə informasiyanın kənara sızmaması üçün xeyli sayda adamı - xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə qohumluq əlaqələri olan imkanlı şəxsləri məhz MTN binasından kənarda yerləşən bu gizli həbsxanaya gətirərək, əvvəlcədən dinləmə və izləmə vasitəsilə  topladıqları rüsvayedici kompromatları nümayiş etdirir, sonra da qarşılığında külli miqdarda pul tələb edirmişlər.
 Həmin şəxslər də dinməzcə tələb olunanı verib canlarını qurtarır, hara gətirildikləri, hansı qurum tərəfindən saxlandıqları barədə belə nəinki hər hansı məlumata, hətta cüzi təsəvvürə də malik olmurmuşlar. 
Əldə edilən məlumatlara görə, Çovdarova bu işlərin görülməsində təkcə MTN-dəki dəstəsi yox, Rusiya və Gürcüstanın “cinayət aləmi”ndəki şəbəkəsi də böyük köməklik göstərib və faktiki, onlar bütün bu qaranlıq işlərdə əlbir fəaliyyət göstəriblər.
 
Azərbaycanda zaman-zaman gizli həbsxanaların varlığı haqda iddialar ortaya çıxıb. Həmin iddialardan təsdiq olunanları da var. Məsələn, hazırda ömürlük məhbus olaraq MTN-də saxlanılan DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Keşlə qəsəbəsində yerləşən villasının həyətində belə bir həbsxana saxlayıb. H.Məmmədovun məhkəməsində məlum olub ki, oğurlanan şəxslər zirzəmidə yerləşən həmin gizli həbsxanada saxlanılıblar. Orada saxlanılanlardan birinin qulağı kəsilərək atasına göndərilib. 
 
Bundan başqa, Xüsusi İdarənin rəisi olmuş Elman Qəmbərovun da gizli həbsxana saxladığı haqda məlumatlar vardı. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 1995-ci ildə həmin həbsxanada saxlanılmışdı.   
 
E.Behbudov A.Çovdarovun gizli həbsxana saxlamasını mətbuatdan öyrəndiyini deyir: “Gizli həbsxana dövlətin nəzarətindən kənar, Baş Prokurorluğun icazəsi olmadan qanunazidd saxlama yeridir. Akif Çovdarovun belə bir həbsxana saxlamasını mətbuatdan oxumuşam. Vaxtilə mənim özüm də belə bir həbsxanada olmuşam. Xüsusi İdarənin rəisi Elman Qəmbərov məni ora işgəncə vermək üçün saldırmışdı. Həmin gizli həbsxana Xüsusi İdarənin zirzəmisində idi. 3 metr yerin dərinliyində, havasız, sanitar qovşağı olmayan dəhşətli bir yer idi. İşıq düşmürdü, nəmişlik iyindən boğulurdum. Ora işgəncə dəzgahı idi. İnanmıram ki, deyilən yer MTN-dədir. MTN-də gizli həbsxana yoxdur. Ola bilər ki, haradasa kənar bir yerdə olub. Əgər belə bir yer saxlayıblarsa, bu, vəzifə səlahiyyətlərini aşma, insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaqdır. Bu böyük bir cinayətdir. Mən saxlanıldığım Xüsusi İdarənin gizli həbsxanasından azad olunandan sonra ora dəfələrlə baş çəkmişəm. Oranın qapısı möhürlənmiş vəziyyətdə olub. Ora dəhşət idi”.
 
E.Behbudov deyir ki, belə bir həbsxananın saxlanılması özbaşınalıqdır və əgər belə bir fakt mövcuddursa, həmin gizli həbsxananı yaradan buna görə qanun qarşısında cavab verməlidir: “Belə bir gizli həbsxananın yaradılması heç kimi, dövlətin qanunlarını saymamaqdır. Özbaşınalıqdır, vəzifə səlahiyyətlərini aşmaqla insanlara işgəncə verilmək üçün nəzərdə tutulan bir yerdir. Oranı başqa niyyətlə yaratmayıblar. Belə bir yer olubsa, işgəncə yuvası kimi istifadə edilib”.
E.Behbudov A.Çovdarovun gizli həbsxana saxlaması haqda məlumatlar təsdiqlənəcəyi halda beynəlxalq təşkilatlara təqdim edəcəyi hesabatlarda bu haqda qeydlərin olacağını da söyləyib. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam