“Eldar Mahmudovun komandası ölkəni çapıb-talayıb”
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun postundan uzaqlaşdırılmasından günlər keçsə də, məsələ ilə bağlı cavabsız suallar və şübhələr öz həllini tapmır. Bütün diqqət Baş Prokurorluğun hadisə ilə bağlı yayacağı məlumata dikilsə də, bu açıqlamadan sonra kələfin ucu görünməz oldu...
"Xeberinfo.com": Həbs edilən vəzifəlilərin adlarının rəsmən açıqlanmaması mətbuatda dezinformasiyaların daha çoxalmasına rəvac verdi. Yazılanlardan belə məlum oldu ki, ölkənin güc strukturunun işi, əslində iri sahibkarların fəaliyyətini məhdudlaşdırmaqdan ibarət olub. Nazirliyin bir çox əməkdaşlı “al gülüm-ver gülüm” prinsipi ilə, necə deyərlər, qaz vurub-qazan doldurublar. İndi isə cavab vaxtıdır. Bunu biz yox, ölkə başçısı deyib: “Hər kəs etdiyi qanunsuzluqlara görə cavab verəcək”.
Ölkədə sahibkarlığın inkişafına imkan verilmədiyi sirr deyil və prezident İlham Əliyev də Nazirlər Kabinetinin sonuncu iclasında bu məsələni xüsusi vurğulamışdı. Məsələ burasındadır ki, ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların şikayəti daha çox vergi müfəttişlərindən olur. Hazırda yaranan situasiya isə “MTN olayı” fonunda Vergilər Nazirliyinin diqqətdən yayındığını göstərir.
Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, tanınmış iqtisadçı-ekspert Oqtay Haqverdiyev Modern.az saytına bildirib ki, Eldar Mahmudovun komandası ölkəni çapıb-talamaqla məşğul olub:
“Vergilər Nazirliyi hər zaman öz sistemində islahatlar aparır. Orada bir çox işlər elektron sistemdə icra olunur. Nazirlik sahibkarlarla təmasa girməmək üçün yeni üsullara müraciət edir. Hər halda, sahibkarların normal fəaliyyətini təmin etməyə çalışırlar.
Amma milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun komandası çapıb-talamaqla məşğul olub. Onların, ümumiyyətlə, sahibkarların fəaliyyətinə qarışmaq ixtiyarı yoxdur. Çünki nazirliyin fəaliyyəti tamam başqa istiqamətdədir. Kəşfiyyat, əks-kəşfiyyat, dövlətin təhlükəsizliyinin təmin olunması və s. Əgər hansısa sahibkar qanunsuz silah istehsal etsəydi, o zaman Milli Təhlükəsizlik Nazirliyi məsələyə qarışa, onun tapılması, ifşa edilməsini həyata keçirə bilərdi. Bizdə isə silah istehsal edən sahibkar yoxdur. MTN-nin yerdə qalanlarla təmasa girməyə hüququ belə yoxdur”.
Oqtay Haqverdiyev ölkədəki nazirliklərin heç birinin işini qənaətbəxş hesab etmədiyini bildirib:
“İndiki halda nəinki vergilər, ümumiyyətlə, heç bir nazirliyin işini qənaətbəxş hesab etmirəm. Çünki təkmilləşmə daimi prosesdir. 1990-cı illərlə 2015-ci ili müqayisə etsək, çox böyük dəyişikliklər olduğunu görərik. Mövcud problemlər tədricən həll olunacaq, amma bu, 1-2 günün işi deyil. Dünyada mövcud olan demokratik ölkələrin hamısı yüz illərin inkişafı nəticəsində bu səviyyəyə gəlib çatıblar. Bizim tariximiz formalaşır. Nəsillər də, düşüncələr də dəyişəcək, hər şey öz yerini tutacaq. Biz də hamı kimi bu yolu, keçid dövrünü keçməliyik. Bunlar inkişafın yazılmamış qanunlarıdır”.