İcra başçısının "söküntü" əməliyyatı haqda yazılanlar təsdiqləndi
Səbayel Rayon İcra Hakimiyyəti rayon ərazisində aparılan söküntü işləri ilə bağlı yayılan məlumata reaksiya verib.
"Xeberinfo.com": RİH-dən lent.az-a daxil olan məlumatda bildirilir ki, bir qədər əvvəl müəyyən sosial problemlərin qalmaqda olduğu 20-ci yaşayış sahəsinin infrastrukturunun yenilənməsi və sosial inkişafına dair nəzərdə tutulan genişmiqyaslı işlər haqqında mətbuata məlumat verilib: “Hazırda isə rayonda qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlərə başlanıb. Dəfələrlə rayonun Badamdar qəsəbəsi və Şıx ərazisindəki «Dostluq parkı» yaxınlığında torpaq sahələrinin zəbt olunması, qeyri-qanuni tikintilərə yol verilməsi halları ilə bağlı narazılıqlar olub. Rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında bu ərazilərdə torpaq sahələrinin inventarizasiyası, burada bir qrup işbaz tərəfindən qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin müəyyənləşdirilməsi və qanunsuz tikililərin aparılmasının qarşısının alınması ilə bağlı reydlərə başlanıb.
Keçirilən reyd zamanı Badamdar qəsəbəsinin yeni yaşayış massviləri və ona bitişik olan «Dostluq parkı» ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanıb və qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aparılan 40-dan çox fakt aşkarlanaraq burada tikinti işləri dayandırılıb, boş sahələrin hasarları sökülərək ərazi təmizlənib”. RİH-dən bildirilib ki, reydin nəticələri ilə bağlı sənədlərin toplanmasına başlanılıb və qanunsuzluqlara yol verən şəxslər barədə materiallar yaxın vaxtlarda rayonun hüqüq-mühafizə orqanlarına göndəriləcək. Eyni zamanda qəsəbədə vətəndaşlar tərəfindən müvafiq mülkiyyət və tikinti aparılmasına icazə verən layihə sənədləri əsasında fərdi yaşayış evlərinin inşası davam etdirilir və onlara heç bir maneə törədilmir: “Səbayel rayonunda qanunsuz olaraq torpaq sahələrini zəbt edən, qeyri-qanuni tikinti işlərinə cəhd edən işbazların müəyyənləşməsi və onların qanuna zidd əməllərin qarşısının alınması ilə bağlı reydlər gələcəkdə də davam etdiriləcək və ərazilərə nəzarət gücləndiriləcək”.
Xatırladaq ki, dünən yerli KİV-lərdə Səbayelin yeni icra başçısı Eldar Əzizovun bəzi obyektlərin sökülməsi barədə tapşırıq verdiyinə dair xəbər yayılmışdı.