İcra başçısı bələdiyyə və oliqarxlarla torpaq davasına çıxdı
Səbayelin icra başçısı rayon ərazisində satılmış torpaqları yenidən satmaq istəyir; İH Badamdarda torpaq alan məmurların adını açıqlayacağını bəyan etdi
Xeberinfo.com: Redaksiyamızın elektron poçtuna Səbayel Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Vüqar Məmmədovun açıqlaması göndərilib. Açıqlamada V.Məmmədov rayonun Badamdar qəsəbəsindəki qanunsuz tikililərin saxta sənədlərlə tikildiyini etiraf edir. Sitat:
“Badamdar qəsəbəsində uzun illərdən bəri saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, qanunsuz aparılan tikintilərin sökülməsi işlərinə başlanıb və bu işlər sürətlə həyata keçirilir. Bəzi insanlar var ki, qeyri-sağlam şəxsi ambisiyalarını realizə etmək üçün bu ərazidə vaxtilə böyük torpaqlar zəbt edib, saxta sərəncamlarla buraları özlərinin qeyri-rəsmi biznesinə çeviriblər. İndi də əllərində olan saxta sərəncamları köhnə tarixlərlə vətəndaşlara satmağa çalışırlar. Təbii ki, biz də bunun qarşısını alırıq”.
Şöbə müdiri mətbuatda bəzi qüvvələr tərəfindən icra hakimiyyətinə qarşı kampaniya aparıldığını bildirib:“Hər dəfə biz bu işlərə başlayanda, onlar icra hakimiyyətini mətbuatda qaralamağa çalışırlar. Bunları da əsasən kim edir, biz bilirik. Bilirsiz, artıq vaxtı çatıb. Bu praktika əvvəl olub, amma bu gün qəti şəkildə qarşıya məqsəd qoyulub ki, bu qanunsuzluqlara son qoyulsun. Və əlbəttə ki, belə olan halda bu işlər həmin şəxslərin maraqlarına toxunur və onlar mətbuatda öz mənafelərinə uyğun yalan məlumatlar yayırlar. Bu proses dövlət tərəfindən nəzarətlə həyata keçirilir. Elə şəxslər var ki, yamaclarda, digər sürüşmə zonası sayılan ərazilərdə iaşə obyektləri, mağazalar tikiblər. Təbii ki, belə hallar yolverilməzdi. Bir daha qeyd edirəm ki, bu ərazilərdə dövlət proqramına uyğun olaraq yaşıllıq sahələrinin salınması nəzərdə tutulur və bu proses artıq gedir. 30 hektar ərazidə damcı üsulu ilə ağaclar əkilib, yaşıllıqlar salınıb. Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində daha 6 hektar yer təmizlənib və orada zeytun ağacları ilə eyni qaydada yaşıllıq salınması işləri gedir. Artıq bu məsələlərin gündəmdən çıxarılmasının vaxtı çatıb və biz yəqin ki, Badamdar qəsəbəsində mətbuat konfransının nümayəndələri ilə açıq mikrofon keçirərək ictimaiyyətə də məlumat verəcəyik. Araşdırmalar tam başa çatdıqdan sonra lazım olsa, konkret adları təqdim edə bilərik. Və açıq müzakirələr aparmaq olar. Burada elə sənədlər var ki, şəxsin öz adına yox, başqa şəxslərin adına alınıb”.
İcra hakimiyyəti rəsmisi deyib ki, bütün məsələlər qanunvericiliyə uyğun olaraq həll olunmalıdır: “Əks təqdirdə, bu insanlar qanun qarşısında cavab verəcəklər. Hazırda bu ərazilərdə araşdırmalar davam edir”.
Bu məlumatın yayılması Səbayelin icra başçısı Eldar Əzizovun bir müddətdir Səbayel və Badamdar bələdiyyələrinin sədrləri ilə apardığı gizli mübarizəni açıq müstəviyə keçirməsindən xəbər verir.
Eldar Əzizov icra başçısı olduğu yerlərdə (Bakının Nizami rayonu, Gəncə və Sumqayıt çəhərlərində) torpaqları necə gəldi satmaqda, hətta ondan əvvəlki dövrdə əhaliyə paylanmış, satılmış torpaqları təkrar satmaqda, belə demək mümkünsə, peşəkarlıq nümayiş etdirib. O, Səbayel rayonuna icra başçısı vəzifəsinə gəldikdən sonra xeyli müddət gəlir mənbələri müəyyənləşdirməli olub. Çünki bu rayondakı obyektlərin sahibləri sıradan bir adamlar deyillər və başçının onlardan “haqq” alması mümkün deyil. Odur ki, E.Əzizov Səbayelə gəldiyi ilk vaxtlardan daha çox torpaq satışına diqqət yönəldib. Onun icra başçısı təyin olunduqdan sonra Səbayel və Badamdar bələdiyyələrinin sədrlərini gözümçıxdıya salması haqda informasiyalar ara-sıra sızırdı. İcra başçısı rayon ərazisində keçirdiyi “açıq mikrofon” tipli tədbirlərdə də bələdiyyə sədrlərini hədəfə alıb.
İddia edilir ki, icra başçısı son vaxtlar Səbayel rayonundakı, xüsusilə Badamdar ərazisindəki torpaq sahələri ilə bağlı araşdırmalar aparıb və bəlli olub ki, bələdiyyə sədrləri ondan xəbərsiz xeyli torpaq sahələrini müxtəlif oliqarxlarla əlbir olaraq zəbt edilmiş sahəyə çevirir və sonra sənədləşdirib satırlar. Həmin yerlərdə isə obyektlər tikilib və ya tikilir. Bu pullardan isə Eldar Əzizova çatmır və icra başçısı bundan qeyzlidir.
Səbayel bələdiyyəsi azı 10 ildir ki, adı qanunsuzluqlarda hallanmış, icra hakimiyyətini saymayan bir qurum kimi ad çıxarıb. Bu bələdiyyənin əvvəlki sədrləri fəaliyyəti dövründə saxlanılıb, məsuliyyətə cəlb olunublar.
İlk həbs 2009-cu ilin iyun ayında baş vermişdi. O zaman bələdiyyə sədri Əhməd Hüseynov barəsində Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə cinayət işi açılmışdı.
İkinci həbs isə 2011-ci il martın 31-də baş verib. Səbayel bələdiyyəsinin sədri Mübariz İbrahimov, bələdiyyənin hüquqşünası Arif Əlizadə və bələdiyyənin Ərazi Tikinti Torpaq Komissiyasının sədr müavini Cavid Həsənov həbs olunmuşdular.
Bələdiyyənin hazırkı sədri Firdovsi Cəbrayılovdur. Onun da fəaliyyəti qənaətbəxş hesab olunmur və ən əsası, Eldar Əzizova biət etməməsi başçını hövsələdən çıxarır.
Eynilə Badamdar bələdiyyəsinin sədri Həbib Əsədovun da Eldar Əzizovun sevmədiyi persona olduğu bildirilir.
Görünən odur ki, E.Əzizov rayonunu tamamilə öz nəzarətinə keçirməyə çalışır. İddia olunur ki, o, vaxtilə bələdiyyələrin satdığı torpaqların, həmin ərazilərdəki tikililərin sənədlərini qanunsuz, həmin ərazilərin icra hakimiyyətinə aid olduğunu elan etməklə, bu torpaqları yenidən satacaq. Bu prosesdə yenə də bələdiyyə sədrlərinin həbsinin baş verəcəyi istisna deyil. (Musvat.com)