Baş Prokurorluq ilə Rusiya İstintaq Komitəsi arasında saziş imzalandı
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Rusiya Federasiyası İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
"Xeberinfo.com": Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 15-də Rusiya Federasiyası İstintaq Komitəsinin nümayəndə heyəti Fəxri xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb. Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilib.
Görüşdə iki ölkə arasında hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror ölkəmizin son illər ərzində sosial-iqtisadi və ictimai-siyasi sahələrdə ardıcıl və sürətli inkişafa zəmin yaradan məhkəmə-hüquq islahatlarının həyata keçirildiyini vurğulayıb. Dövlətlərimizin başçılarının siyasi iradələri və qarşılıqlı səfərləri nəticəsində ölkələrimiz arasındakı münasibətlərin daha da genişləndiyini qeyd edən Z.Qaralov bu müsbət inkişafın hüquqi sahədə əməkdaşlıqda da müşahidə olunduğunu bildirib.
A.Bastrıkinin 2008-ci ildə Azərbaycana səfəri və həmin səfər çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətləri diqqətə çatdıran Baş prokuror həmin görüşün məntiqi nəticəsi kimi 2010-cu il sentyabrın 28-də tərəflər arasında imzalanmış “Əməkdaşlıq Proqramı”nın hər iki ölkənin hüquq mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyini, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.
Rusiyanın Azərbaycanla hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən A.Bastrıkin iki ölkənin istintaq orqanları arasında əlaqələrin inkişafına təkan verildiyini, münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulayıb.
Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Müzakirələrin nəticəsi olaraq iki dövlət orqanı arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən “Əməkdaşlıq haqqında saziş” imzalanıb.
Saziş cinayətkarlıq və terrorçuluğa qarşı mübarizə, xüsusən də onun mütəşəkkil formaları, korrupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlər və cəmiyyət üçün ciddi təhlükə təşkil edən digər cinayətlərin qarşısının alınmasında birgə əməkdaşlığı, informasiya və təcrübə mübadiləsini, hüquqi yardim və digər sahələri əhaətə edir. Saziş mövcud münasibətlərin yeni səviyyəyə qaldırılması, ölkələrimizin tərəfdar olduğu beynəlxalq əməkdaşlığa dair sənədlərin icra olunmasının ikitərəfli səviyyədə təsdiqlənməsi, tərəflər arasında qarşılıqlı etimadın bir daha bəyan edilməsi və bir-birinin milli qanunvericiliyinə hörmətin ifadə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.