Anar Məmmədov ABŞ-dakı lobbi təşkilatını bağladı
“Garant Holding” şirkətlər qrupunun rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən 2011-ci ilin mayında Vaşinqtonda təsis edilmiş Azərbaycan Amerika Alyansı bağlanıb.
"Xeberinfo.com": Məlumata görə, bu barədə virtualaz.org saytına mötəbər mənbələrdən məlum olub.
Mənbə bildirib ki, A.Məmmədov biznesində yaranmış maliyyə problemləri səbəbindən ABŞ-dakı lobbiçilik fəaliyyətini dayandırıb. Azərbaycan Amerika Alyansının fəaliyyəti Amerika siyasi isteblişmentinin nüfuzlu nümayəndələrinə, senatorlara, konqresmenlərə və siyasətçilərə təsir etmək yolu ilə Vaşinqtonla Bakı arasındakı münasibətlərin hökumətlər səviyyəsində möhkəmlənməsinə yönəlmişdi.
Bir neçə həftə əvvəl Anar Məmmədov Vaşinqtondakı ofisini bağlayıb, təşkilatın kollektivi rəsmən buraxılıb. Nazir oğlu bir neçə il əvvəl Amerika siyasi çevrələrində qeyri-real ambisiyaları, böyük iddiaları və möhtəşəm planları ilə peyda olmuşdu.
O, Konqresin Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Dan Bartona iş verərək onu sanballı maaşa Amerika Azərbaycan Alyansının icraçı direktoru təyin etmişdi.
A.Məmmədovun təşkilatının fəaliyyəti əsasən Vaşinqtonda hər dəfə 600-700 adamın qatıldığı qala-ziyafətlərlə və təntənəli Azərbaycan gecələri ilə yadda qalmışdı. Bu ziyafətlər üçün ərzaq xüsusi təyyarələrdə Bakıdan daşınırdı, qonaqları Azərbaycanın tanınmış müğənniləri əyləndirirdi. Ziyafətə qatılanlar isə konqresmenlər, senatorlar, səfirliklərin nümayəndələri, diaspor üzvləri, habelə rəsmi şəxslər olurdu.
Ancaq belə görünür ki, Azərbaycana da gəlib çatan qlobal iqtisadi böhran iri oliqarxik şirkətlərə də öz təsirlərini göstərib. Ziya Məmmədovun və oğlunun biznesinin düşdüyü mürəkkəb vəziyyət həmçinin onların şirkətlərinin pis menecmenti ilə bağlıdır.
Həmin mənbələrin məlumatına görə, Anar Məmmədovun böyük borcları yaranıb. Onun biznes işlərinin acınacaqlı vəziyyətə düşməsinin digər oliqarx Hafiz Məmmədovla maliyyə zəminində ayrılmaları ilə əlaqəli olduğu bildirilir. H.Məmmədov nazirin oğlunu maliyyə baxımından qeyri-dürüstlükdə ittiham etməkdədir.
Məmmədovların maliyyə imperiyasının çökməsinin səbəbləri haqda kifayət qədər geniş və uzun-uzadı bəhs etmək olar. Bu zaman oliqarxın 50 milyon dollarlıq şəxsi təyyarə alınmasından tutmuş Bodrumda otel tikintisinə qədər ölçüyəgəlməz şəxsi xərclərini xatırlatmaq olardı.
Ancaq qeyri-peşəkar menecment faktı da ortadadır. Vaşinqtonda Azərbaycanın maraqlarını qorumaq üçün yaradılmış Amerika Azərbaycan Alyansı bağlanb. Senatorları yedirtməyə artıq heç nə qalmayıb...