Mingəçevir olaylarının yeni təfərrüatları
Bəhruz Hacıyev adlı gəncin polis şöbəsində ölümü kütləvi etirazlar doğurdu; saxlanılanlar arasında polis əməkdaşı da var; polis rəisinə şiddətli töhmət verildi; mərhumun atası: “Oğlumu elektroşoklaöldürüblər...”; prezident hadisəni şəxsi nəzarətinə götürdü (2-ci manset)
"Xeberinfo.com": Avqustun 20-də Mingəçevir Şəhər Polis Şöbəsində həyatını itirən 24 yaşlı Bəhruz Hacıyevin ölümündən sonra şəhərdə yaşanan gərginlik səngiyib. Qəzetimizin Mingəçevirə ezam olunan reportyoru xəbər verir ki, həmin gün gecə saatlarında şəhərin küçələrində Post Patrul Xidmətinin əməkdaşları növbə çəkiblər.
B.Hacıyevin yaxınları onun polis tərəfindən işgəncə verilərək öldürüldüyünü iddia edirlər. Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda isə Hacıyevin narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinərək Mingəçevir Şəhər Polis Şöbəsinə gətirildiyi, xidməti otaqlardan birində dindirilərkən qəfildən özünü pəncərədən aşağı atdığı deyilir.
Qeyd edək ki, avqustun 22-də dəfn mərasimində iştirak edən bir qrup şəxs şəhər meydanına gələrək etiraz aksiyası keçirmişdilər. Bu zaman polislə etirazçı kütlə arasında qarşıdurma yaranmış, tərəflər arasında yaralananlar olmuşdu. Rəsmi məlumata görə, polis 21 aksiya iştirakçısını saxlayıb. Lakin hadisə şahidlərindən əldə etdiyimiz məlumata görə, saxlanılanların sayı qeyd ediləndən çoxdur. Toqquşma zamanı polis əməkdaşlarından da yaralananlar olduğu, 1 polis maşınının yararsız hala salındığı deyilir.
B.Hacıyevin yaxınlarının verdiyi məlumata görə, mərhumun bədənində “dubinka” və elektroşok izləri olub, Hacıyev əsas xəsarəti də elektroşok zamanı alıb. Onun qaraciyərinin ciddi zərər gördüyü və bu səbəbdən də öldüyü bildirilir. Əldə etdiyimiz digər məlumat isə B.Hacıyevin necə saxlanılması ilə bağlıdır: B.Hacıyev polis işləyən sinif yoldaşı ilə şəhər meydanında görüşərkən onlara bir avtomobil yaxınlaşıb. Hadisə şahidlərinin dediyinə görə, avtomobildə hüquq-mühafizə orqanlarının əməkdaşları olub. Onlar B.Hacıyevin maşına oturmasını istəyiblər. B.Hacıyev elə öz sinif yoldaşı tərəfindən qolu burularaq maşına mindirilib. Bu zaman B.Hacıyevin yanında başqa dostu da olub.
Onların hər ikisini birlikdə polis idarəsinə gətiriblər. Lakin Mingəçevirdə iğtişaşlar başlayan gün B.Hacıyevin dostu sərbəst buraxılıb. Başqa ilginc məlumat isə B.Hacıyevin intihar etməsi iddiası ilə bağlıdır. Mərhumun valideynləri onun intihar etmədiyini, öldürüldükdən sonra binadan atıldığını deyərək, günahkarların cəzalandırılmasını tələb edirlər.
B.Hacıyevin yaxınlarına onun polis bölməsinə normal şəkildə gətirilməsini əks etdirən görüntülər göstərilib. Lakin onun intihar etməsini, özünü pəncərdən atmasını əks etdirən heç bir görüntü yoxdur. Mərhumun yaxınları Haceyevin intihar etdiyi deyilən yerin kamerlar tərəfindən müşahidə olunduğunu, amma bunu əks etdirən görüntünün olmamasından narazıdır.
Xatırladaq ki, sakinlərin kütləvi etirazından sonra prezident İlham Əliyev məsələni nəzarətə götürüb. Fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır. Müəyyən edilib ki, Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub.
Daxili təhqiqatın yekununa əsasən, daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Eyni zamanda tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyi üçün Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ələsgər Bədəlova şiddətli töhmət elan olunub.
* * * * *
Ən son məlumata görə, Mingəçevirdə polislə toqquşmalarda iştirak edənlərin həbsi davam edib. Həbslər əsasən Mingəçevirin kənd hissəsində həyata keçirilib. Sakinlərin məlumatına görə, ötən gecə saatlarında kəndə üzü maskalı şəxslər zirehli maşınlarla daxil olublar. Saxlanılanların aksiya fəalları olduğu bildirilir. Onların polis şöbəsində olduqları bildirilir. Polis şöbəsindən musavat.com-a saxlanılanların vəziyyəti və sayı barədə məlumat veriləcəyi deyilib. Saxlanılanların yaxınlarına bildirilib ki, izahat alındıqdan sonra onlar sərbəst buraxılacaqlar.
“Əgər mənim rəis olduğum dövrdə 4 ölüm hadisəsi olsaydı, indi məni çoxdan işdən qovmuşdular. 10 il əvvəl burada bir nəfər döyülüb, ona görə 3 nəfər polis həbs olunub. Başqa hadisə olmayıb, yazılan 4 hadisənin nə olduğunu mən bilmirəm”. Bu sözləri “Meydan TV”-nin müxbirləri ilə söhbətində Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov deyib.
Avqustun 23-də Mingəçevir şəhərində çəkiliş aparan “Meydan TV”-nin əməkdaşları şöbəyə dəvət olunublar. Onların suallarını baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhərinə ezam edilən DİN əməkdaşı, general Cavanşir Məmmədov və polkovnik Ələsgər Bədəlov cavablandırıblar.
Rəis bildirib ki, faktla bağlı CM-nin 125-ci maddəsinə uyğun olaraq cinayət işi başlanılıb: “7 dəfə mərhumun atası bu otaqda olub. Bütün tələblərinə əməl etmişik. Ekspertin dəyişdirilməsini istəyib, başqa yerdən gətirmişik. Bundan sonra 50 dəfə gəlsə, yenə qəbul edib, dinləyəcəyik. Özünə də demişik ki, şöbənin içərisindəki kameralar yalnız nəzarət üçündür, qeyd etmir. Ancaq bayırda olan görüntülərlə tanış etmişik. Məsələ ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb, hazırda saxlanılıb. Çünki Şahlar hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib. Mənim özümə də şiddətli töhmət verilib. Çox doğru qərardı, mənim də səhvim olub, nəzarətsiz buraxmışam”.
Cavanşir Məmmədov isə bildirib ki, qarşıdurmanın yaranmaması üçün mərhumun yaxınları ilə görüşüblər. Buna baxmayaraq, qarşıdurma baş verib: “Aksiya zamanı 15 nəfər saxlanılıb. Onların hamısı şöbədədir. Heç biri Gəncəyə aparılmayıb. Onlardan 6-7-nin işi prokurorluğa təqdim olunub, qalanları məhkəmə qərarı ilə yəqin ki, inzibati qaydada cərimələnəcəklər”.
Hazırda şəhərdə tam sakitlik olduğunu deyən Ələsgər Bədəlov qeyd edib ki, videogörüntülərlə aksiyanın keçirilməsinə çağırış edən şəxslər müəyyənləşdirilir.
O, videogörüntülərə düşmüş 3 nəfərin bölməyə gətirildiyini təsdiqləyib: “Aksiya zamanı 10 polis əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Prokurorluğun müstəntiqi isə morqda meyiti müayinə edərkən döyülüb. Faktla bağlı araşdırma başlanıb. Hamı bilməlidir ki, polis də cavab verəcək, vətəndaş da. Hələ heç vətəndaş bilmir ki, polis həbs olunub. Heç kimə ixtiyar verilmir ki, qanunu pozsun. Dövlətin vəzifəsi vətəndaşını qorumaqdır, ona görə də lazım gələndə gücünü göstərməlidir”.
* * * * *
Bu arada avqustun 20-də Bəhruz Hacıyevlə birgə polis şöbəsinə gətirilən Vaqif Hacıyev açıqlama verib. O, musavat.com-un Mingəçevirə ezam olunmuş reportyoru ilə söhbətində Bəhruzla birgə həbs edilməsi anını və sonra baş verənləri danışıb.
Bəhruz Hacıyevlə dost olan Vaqif Əzizov həmin gün bir yerdə olublar. Kənddə görüşən dostların yanında Dilqəm adlı daha bir kənd sakini də olub. B.Hacıyev kənddə olan Samir adlı polisi görüb. B.Hacıyev dostlarından Samirlə görüşmək üçün ayrılıb. Əzizov bundan sonra baş verənləri belə danışıb: “Bəhruz Samirlə görüşməyə getdi. Görüşəndə Samir Bəhruzun qolunu burdu. Başqa bir maşın gəldi. İçində mülki geyimli polislər də var idi. Dilqəmi buraxdılar. Samir dedi ki, məni də tutsunlar. İkimizi bir maşına mindirdilər. Samir də öz maşını ilə şöbəyə gəldi. Məni şöbənin 1-ci mərtəbəsinə, Bəhruzu da 3-cü mərtəbəyə apardılar. Başımı aşağı əymişdilər. Heç nə görmürdüm. Üstümüzü yoxladılar, siqaret və puldan başqa heç nə yox idi. Bir az keçmişdi ki, səs-küy düşdü. Soruşdum ki, nə olub? Dedilər ki, Bəhruz özünü pəncərədən atıb. Mən inanmadım. Dedim ki, o, özünü ata bilməz”.
Polis şöbəsində Bəhruz və Vaqifi narkotik istifadəçisi olub-olmaması barədə sorğu-sual ediblər. Vaqifdən analiz də alınıb. Məlum olub ki, o, narkotik istifadəçisi deyil. Əzizov avqustun 20-də Bəhruz Hacıyevin ölümündən sonra kənd sakinlərinin polis şöbəsinin qarışına yığışmalarından sonra buraxılıb. Ancaq V.Əzizov avqustun 21-də yenidən şəhər prokurorluğuna çağırılıb. O, yenidən eyni ittihamlarla bağlı ifadə verib.
B.Hacıyevin atası Dilsuz Hacıyev də musavat.com-a açıqlama verib. D.Hacıyev günahkarların cəzalandırılmamasından narazıdır. Oğlunun günahsız yerə polis şöbəsinə aparıldığını və orada öldürüldüyünü deyən Dilsuz Hacıyev cəsədi sonra morqa aparılmasının, yarılmasının da qanunsuzluq olduğunu bildirib.
“Oğlumu elektroşokla öldürüblər. Bütün bədəni qaralmışdı. Elektroşokdan ürəyi dayanıb. Öləndən sonra da ya pəncərdən atıblar, ya da gətirib, binanın qabağına qoyublar ki, guya özünü pəncərədən atıb” - deyə B.Hacıyevin atası bildirib.
Ata oğlunu polis bölməsinə aparan şəxslərin, eləcə də Samirin həbs edilməsini tələb edib. O, oğlunun həmin polislər tərəfindən şərləndiyini və sonradan polis bölməsinə aparılaraq, öldürüldüyünə əmin olduğunu deyib.
Musavat.com