Sabiq rektor ağır vəziyyətə düşdü
Aslan Qəhrəmanlı ağır vəziyyətə düşdü-Qan lazımdır
"xeberinfo.com":Azərbaycan Universitetinin keçmiş rektoru Aslan Qəhrəmanlının vəziyyəti ağırlaşıb.
Sosial şəbəkələrdə yayılmış məlumatda keçmiş rektorun təcili qana ehtiyacı olduğu bildirilib: “Azərbaycan Universitetinin keçmiş rektoru Aslan Qəhrəmanlı üçün təcili qan lazımdır. Bütün qan qrupundan olan şəxslər qan verə bilər. Sabah saat 11-də Aslan müəllimə artıq qan köçürülməlidir. Buna görə də həmin vaxta qədər ən azı 2-3 nəfər qan verə bilsə, yaxşı olar”.
Elanda həmçinin məlumatı daha çox insana ötürmək xahiş olunub. Hazırda Aslan Qəhrəmanlının 1 saylı Şəhər Kliniki Xəstəxanasında yatdığı qeyd edilib.
Aslan müəllimin həyatı haqqında qısa məlumat...
Aslan Qəhrəmanlı 1939-cu il sentyabr ayının 14-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır.
1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur. Hazırda təqaüdə çıxmışdır və yaradıcılıqla məşğuldur.
Aslan Qəhrəmanlı bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən nəşrə başlamış "Azərbaycanın Vergi Xəbərləri" jurnalının həmin ildən 2010-cu ilə qədər baş redaktoru olmuşdur.
Yazıçı kimi özünü 1967-ci ildə "Gənclik" nəşriyyatında çıxan "Gənc qələmlər" almanaxında dərc olunmuş "Dağların mahnısı" adlı ilk hekayəsi ilə sınamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Spektr", "Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" və sair telepyesləri Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. Azərbaycan televiziyasının "Müasirlərimiz" devizi ilə 1986-cı ildə keçirdiyi ən yaxşı televiziya pyesləri müsabiqəsində "Ürək" pyesi 2-ci mükafata layiq görülmüşdür (birinci mükafat verilməmişdir).
Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" adlı üçhissəli telepyeslərin müəllifidir. Əsas rollarda Firəngiz Mütəllimova və Yaşar Nurinin çəkildikləri bu tamaşa hələ də sevilə-sevilə baxılır.
Onun radio üçün yazdığı "Daşa dönmüşlər şəhəri", "Şeytan", "Ceyran əfsanəsi", "Tutuquşu" və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilmişdir.
Aslan Qəhrəmanlı 2010-ci ildə "Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)" yubiley medalı ilə təltif edilmişdir.
ALLAH ŞƏFA VERSİN!