Bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı və tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və bizdə mina sahələrinin xəritələri yoxdur.
Yenixeber.org: Bunu Prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Eyni zamanda, mina problemini 1 nömrəli məsələ elan edib.
Bəs Ermənistanı həmin xəritələri verməyə necə məcbur edə bilərik? Məsələn, Azərbaycanın ələ keçirdiyi 62 erməni terrorçunu təhvil verib minalanmış ərazinin xəritəsini almaq mümkündürmü? Erməni tərəfi neçə vaxtdır dəridən-qabıqdan çıxır, beynəlxalq təşkilatlara ard-arda müraciətlər göndərir ki, onları geri alsın. Çünki onlar 10 noyabr üçtərəfli sənədin təsiri altına düşmürlər. Ona görə Azərbaycan onları qeyd-şərtsiz təhvil verə bilməz. Ancaq mina məsələsi daha vacib olduğu üçün bəlkə də buna gedilə bilər.
Başqa yandan, görəsən Türkiyədən Azərbaycana gətirilən 20 ədəd minatəmizləyən texnika bizə minaları təmizləməyə hara qədər kömək edəcək?
Hərbi ekspert, polkovnik Şair Ramaldanov musavat.com-a açıqlamaasında azad olunmuş ərazilərdə minalı sahələrin ən böyük təhlükə mənbəyi olduğunu bildirib:
“Minalar ilk növbədə insanların həyatına təhlükə yaradır, həm texnikaya təhlükədir, həm də infrastruktrun bərpasına mənfi təsir göstərir. Çoxsaylı minalı sahələr təmizlənməmiş orada hər hansı bir bərpa işlərinin aparılması mümkün deyil.
Biz bilirik ki, birinci Qarabağ müharibəsində ərazilər minalanıb. Ərazilər o zaman həm Ermənistan, həm separatçılar, həm Azərbaycan tərəfindən minalanırdı. İndi ərazidə o zamandan köhnə mina sahələri qalır. Eyni zamanda ikinci Qarabağ müharibəsindən öncəki dövrlərdə və müharibə başladıqdan, həmçinin müharibə başa çatdıqdan sonrakı vaxtlarda da ərazilər ermənilər tərəfindən minalanıb. Əvvəl olan təmas xəttində 30 il ərzində separatçı rejim mülki insanlar cəlb etməsi ilə də minalanma həyata keçirilib. Mən bunları o məqsədlə xatırladıram ki, mən inanmıram ermənilərdə bütün minalanmış ərazinin dəqiq işlənmiş xəritəsi var. Yəni reallığı tam əks etdirən bir xəritənin, sənədin olduğu inandırıcı deyil. Praktiki cəhətdən baxsaq hətta ermənilər bizə hansısa sənədlər versə belə, buna tam inanmaq, arxayınlaşmaq olmaz. Çünki həmin sənədlərin bütün reallığı əks etdirəcəyi sual altındadır. Beynəlxalq konvensiyalarda da təzyiq mexanizmi yoxdur ki, qarşı tərəfi mina sahələrinin xəritələrini, özü də real xəritələrini verməyə məcbur eləsinlər.
Odur ki, minaları Azərbaycan özü tam təmizləməlidir. Bu bir qədər uzun vaxt aparsa belə, yalnız özümüz həyata keçirdiyimiz təmizləmələrə arxayın ola, özümüz zəmanət verə bilərik. Bu, çox ciddi məsələdir. Bu işi heç bir xəritə filan olmadan Azərbaycan özü sona çatdırmalıdır ki, sonrakı təhlükəsizliyə zəmanət verə bilsin”.
Hərbi ekspert Türkiyədən uzaqdan idarə olunan mina təmizləyən maşın alınmasının mina təmizləmə işini sürətlənirəcəyini deyib:
“Bundan başqa, minanı kənardan aşkar edən müasir cihazlar da gətirilib, xüsusi təlim görmüş itlər cəlb olunub. Beynəlxalq qurumlara da mina təmizləməklə bağlı müraciət olunub. Bütün bunların da prosesə müsbət təsir edəcəyi məlumdur. Azərbaycan öz gücü, dost ölkələrin və beynəlxalq təşkilatların köməyi vasitəsilə bu problemi həll edəcək”.