"Azərbaycanı ciddi demoqrafik təhlükə gözləyir"
Kəmalə Ağazadə: “Abort olunan uşaqlar lazımsız əşyadır?”
Mehriban Zeynalova: “Qız uşaqlarının selektiv abort edilməsi ölkə üçün ciddi bəla yaradacaq”
"Xeberinfo.com": Son illər ölkədə yeni doğulan oğlanların sayı qızların sayından xeyli çoxdur. Statistikaya görə, ötən il doğulan 170,5 min körpənin 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. Yeni doğulan uşaqlar arasında oğlanlar əksəriyyət təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da bu tendensiya müşahidə olunur. Ekspertlər bildirirlər ki, normada hər doğulan 106 oğlana 100 qız uşağı doğulmalıdır. Amma son illər bu norma pozulub, bununla bağlı yaranan həyəcan siqnalı yenidən gündəmə gəlib.
Ekspertlər qız uşaqlarının sayının azalmasını əsasən, uşağın cinsiyyəti bəlli olandan sonra selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması ilə əlaqələndirirlər. Qız uşaqlarının arzuolunmaz hesab edilməsi əsas amillərdən sayılır.
Bu gün Azərbaycanda hər 12 oğlana 5 qız düşür. Beynəlxalq standartlara əsasən, hər qıza 3 oğlan düşməlidir. Bildirilir ki, uşaqlar yetkinlik yaşına çatanda qızlarla oğlanlar arasında saylar uyğun gəlməyəcək, bu isə demoqrafik partlayışa səbəb ola bilər. Gələcəkdə, yəni təxminən 20 ildən sonra evlənmək yaşına çatan oğlanlar ailə həyatı qurmaq üçün azərbaycanlı qız tapmayacaqlar və daha çox məcburiyyət qarşısında qalaraq, əcnəbi qızlarla izdivac quracaqlar. Bu isə etnik tərkibdə ciddi dəyişikliyə səbəb ola bilər.
Bəs görəsən, bu tendensiyanın səbəbi və səbəbkarı kimdir? Yeni doğulan uşaqların balansını tarazlaşdırmaq üçün hansı tədbirlər həyata keçirilməlidir?
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bu barədə musavat.com-un əməkdaşına açıqlama verib. Onun sözlərinə görə, dövlət yaranmış problemin həlli üçün xeyli gecikib: “Əslində bu problemi həll etmək üşün çoxdan tədbirlər görülməli idi. Qadınlar qız uşaqlarını abort etdirməyə başlayanda artıq həyacan siqnalı çalınmalı idi. Hamilə qadınlar müayinə olub, uşağın cinsiyyəti qız olduğuna görə tələf olunması qərarı vermiş qadınları bu fikirlərdən yayındıracaq maarifləndirmə işləri aparılmalı idi.
Bir çox, hətta inkişaf etmiş ölkələrin əksəriyyətində uşağın cinsinə görə ultrasəs müayinəsi aparılmır. Bunu heç cür mənəviyyata sığmayan, qeyri-etik hal kimi qəbul edirəm. Məgər abort olunan uşaqlar lazımsız əşyadır? Gələcəkdə bu cür hallar ölkəmiz üçün demoqrafik problemlər ortaya çıxardacaq”.
QHT rəhbəri yaranmış problemlə bağlı öz təklifini də bildiridi: “Nə qədər ki, gənc ailələrə yeni doğulan uşaqlar üçün imtiyazlar verilməyəcək, bu tendensiya davam edəcək. Bu yaxınlarda doğru olmayan bir təklif səsləndi: “Qız uşaqları dünyaya gətirənlər üçün ayrıca vəsait ayrılsın”. Fikrimcə, bu, uşaqlar arasında qoyulan ayrı-seçkiliyin təzahürü olardı. Oğlan uşaqlarının dünyaya gəlməsini daha çox qadınların özləri istəyir. Lakin onlar unudurlar ki, bir zaman onlar da qız uşağı olaraq, dünyaya gəliblər”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova problemin kökündə selektiv abortların dayandığını dedi. Onun sözlərinə görə, bu amil ölkə gələcəyi üçün qarşıalınmaz bəla ola bilər:“Hazırda selektiv abortların qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilir. Ölkədə bununla bağlı kifayət qədər həyəcan siqnalı var. Yeni doğulanlar arasında balansın pozulması həqiqətən həm hökümət, həm də ictimaiyyət üçün böyük narahatlıq doğrurur. Gənc ailələrdə belə bir fikir yaranır ki, “əgər evdə qız varsa, digər qıza ehtiyac yoxdur”.
Bəzən doğulan qız uşağına görə dağılan ailələrə də rast gəlirik. Bunun qarşısı alınması üçün təbiii ki, ilk növbədə təbliğat kampaniyası olmalıdır. Əgər selektiv abort bu gün də varsa, deməli, ölkədə qadına qarşı böyük təhlükə hələ də var və davam edir. Ultrasəs müayinəsi aparatlarında çalışan həkimlərin uşaq dölü haqqında qabaqcadan məlumat vermələri qadağan olunmalıdır. Bu bir göstəricidir və zorakılığın deyərdim ən pis formasıdır”.
Mehriban Zeynalova abort hallarının ailədaxili baş verən məsələlərlə əlaqədar olduğunu dedi: “Əvvəllər də bu problem var idi, qız uşağı ailədə arzuolunmaz sayılırdı. Hazırda isə qız uşağına kapital qoyulmaması, onların mənəvi-əxlaqi dəyərlərlə əlaqələndirilməsi, valideyinə gəlir gətirməyən bir övlad olması və s. bu kimi qiz uşaqları üçün formalaşan fikilər problemi yaradan əsas amillərdir”.
“Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova selektiv abort vasitəsilə ilə qız uşaqlarının məhv edilməsini hüquqi baxımdan cinayət olduğunu bildirdi: “Hər kəsə məlumdur ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” Qanuna əlavə edilən müddəaya əsasən ciddi göstəriş olmadan ultrasəs müayinəsi aparılmasını qadağandır. Həkimlər buna görə məsuliyyətə cəlb olunmaldırlar. Dölün cinsi haqda məlumatın valideynlərə verilməsinə qadağa qoyulsa da, buna əməl olunmur. Bu barədə ciddi tədbirlər görülərsə, qız uşaqların abort edilməsinin qarşısı alınar.
Reginonlarda da bu problem narahatlıq doğurur. Deyim ki, bu cür hallar çox zaman qadınların öz istəyi ilə olur. Şəxsən mənim ətrafımda olan ali təhsilli, ziyalı xanımlar da bu yola əl atırlar. Müayinə zamanı dölün qız olduğunu görüb, onu abort edirlər.
Bir çox dini ölkələrdə ölkə qanunlarına əsasən abort qəti qadağan olunub. Ümumiyyətlə isə, bu, cinayət olduğu qədər də həm də günahdır. İnsanlar sonradan bunun bədəlini ödəyəcəklər”.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Azərbaycan dünyada selektiv abortlar vasitəsilə qız uşaqlarının məhv edilməsi sayına görə ikinci ölkə sayılır. Avropa Şurası (AŞ) da Azərbaycanı bu baxımdan problemli dövlətlər sırasına daxil edib. AŞ-nın siyahısında Avropa üzrə Azərbaycan, Ermənistan, Gürcüstan sözügedən problemlə ən çox üzləşən ölkələrdir.
Qeyd edək ki, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çin, Əfqanıstan, İran, İraq və Yəmən kimi ölkələrdə abort qadağan olunmaqla yanaşı, bu, daxili orqanlara qarşı cinayət sayılır. Belə ki, yalnız uşağın anadan olması ananın həyatına təhlükə törədərsə, aborta icazə var. Bəzi Avropa ölkələrində abort etdirmək üçün qadının istəyinin olması kifayət etdiyi halda, İngiltərə, Macarıstan, İslandiya, Lüksemburq və Finlandiyada aborta yalnız sosial və tibbi göstərişlər əsasında icazə verilir.
Azərbaycanda isə qanunvericilik abortları qadağan eləmir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası qanununun 30-cu maddəsində göstərilir ki, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var. Amma Cinayət Məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur etmək cinayət məsuliyyəti yaradır.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna görə hamiləliyin süni şəkildə pozulması hamiləliyin 12-ci həftəsinə qədər olmalıdır. Hamiləliyin 12-ci həftəsindən 22-ci həftəsinə qədər pozulma üçün sosial əsaslar göstərilməlidir. 22-ci həftədən sonra hamiləliyin dayandırılması ciddi tibbi göstərişilər olduğu halda qanunvericilikdə nəzərdə tutulur.
"Musavat.com"