Laçın dəhlizi nəzarətə götürüldükdə düşmənin şah damarı kəsiləcək –Polkovnikdən AÇIQLAMA
Ordumuz torpaqların işğaldan azad edilməsi istiqamətində hərbi əməliyyatlara uğurla davam edir. Bir aya yaxındır davam edən müharibədə, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı və bir çox yaşayış məntəqələrimiz Ermənsitanın işğalından azad edilib.
Yenixeber.org: Hazırda gündəmdə olan əsas məsələlərdən biri Laçın dəhlizidir. Laçın dəhlizi 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan arasında açılan dəhlizdir. 1994-cü ildə Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra Ermənistan ordusunun nəzarəti altındadır. Ermənlərin ciddi şəkildə qoruyub saxlamağa çalışdığı dəhlizin Ordumuzun nəzarətinə keçməsi nələri dəyişəcək?
Bu barədə ehtiyatda olan polkovnik Şair Ramaldanovla danışdıq.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov açıqlamasında bildirdi ki, Azərbaycan Ordusunun apardığı əməliyyatların davamında Laçının xüsusi yeri var. Çünki, düşmən Laçın dəhlizi vasitəsilə bir çox strateji hədəflərini silah-sursatla təminat edir:
“Laçın dəhləzi düşmənin şah damarıdır. Qubadlının işğaldan azad edilməsi bizi Laçın dəhlizini nəzarətə götürməyə daha da yaxınlaşdırır. Biz əgər həmin dəhlizi azad etsək artıq o yoldan ermənilər məhrum olur. Ermənilərin möhkəmlənmiş əsas müdafiə mövqeləri məhz həmin dəhlizlə bağlıdır. Digər iki yol, Zod “perevalı” və Vardanes-Ağdərə yolu da Murovdağdan mütəmadi olaraq Azərbaycan Ordusu tərəfindən atəş altında saxlanılır. Oranı nəzarətdə saxlamaq olur. Hələlik ən aktiv işlənən yol məhz Laçın dəhlizidir”.
Şair Ramaldanov bildirdi ki, ermənilər Laçın dəhlizindən başqa daha bir neçə yoldan da təminat məqsədi ilə istifadə edir ancaq, həmin yollardan istifadə etmələri hava şəraitindən asılı olaraq bir müddət sonra mümkün olamayacaq:
“Biz əgər Laçın dəhlizini azad etsək düşmənin əsas təminat imkanlarını xeyli sayda məhdudlaşdırmış olacağıq. Orada başqa ara yollar da var. Ancaq, əsas yollar bunlardır. Qışı nəzərə alsaq o yollardan ermənilərin istifadəsi mümkün olmayacaq. Dəhlizin ələ keçirilməsindən sonrakı mərhələ isə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin verdiyi qərarlarda öz əksini tapacaq".
(yeniavaz)