Yenixeber.org: Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 5-ci nömrəsini və jurnalın bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını nəşr edib.
DİM-dən verilən məlumata görə, jurnalın 5-ci nömrəsində orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.
Bildirilib ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır: "Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır.
Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar. “Abituriyent” jurnalının xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc edilib".
Jurnalları Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.