“Dostluq xalçası” adlı ədəbi-musiqili gecə keçirilib-Həştərxanda
Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbində “Dostluq xalçası” adlı ədəbi-musiqili gecə keçirilmişdir
Yenixeber.org: 21 dekabr 2017-ci il tarixdə Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbində “Dostluq xalçası” adlı ədəbi-musiqili gecə keçirilmişdir. Bu tədbir “Bədii-maarifləndirici inteqrasiya tədbiri” layihəsi çərçivəsində keçirilmiş üçüncü tədbirdir. İlk iki tədbir “Yesenin və Azərbaycan” və Nizami yaradıcılığına həsr olunmuş “Ürəkdən gələn söz” mövzularında olmuşdur.
Tədbirdə Sosial-iqtisadi və mədəni əməkdaşlığa dəstək üzrə Azərbaycan Mərkəzinin sədri Ədalət Hüseynov, Həştərxan vilayətinin Təhsil və Elm Nazirliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, məktəbin müəllim, şagird və onların valideynləri iştirak etmişlər.
İlk öncə şagirdlər Azərbaycan xalqının zəngin mənəvi dünyasının, xüsusiyyətlərini, intellektini, dünyagörüşünü, estetikasını, həyat fəlsəfəsini əks etdirən Azərbaycan xalçaçılığının inkişaf tarixindən danışmışlar.
Daha sonra qeyri-maddi mirasın qorunmasının vacibliyindən bəhs edən Bakıda yerləşən Xalça Muzeyi haqqında videofilm nümayiş etdirilmişdir.
Məktəbin direktoru T.Tixomirova çıxış edərək belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmiş, Azərbaycan və Rusiya , o cümlədən Azərbaycan və Həştərxan vilayəti arasında dostluq münasibətlərinə toxunmuş, Azərbaycan xalçalarının dünyada məşhur olduğunu vurğulamışdır.
Tədbirin sonunda Sosial-iqtisadi və mədəni əməkdaşlığa dəstək üzrə Azərbaycan Mərkəzinin sədri Ədalət Hüseynov belə gözəl bir gecənin keçirilməsində əməyi olan təşkilatçılara və çıxış etmiş şagirdlərə öz minnətdarlığını bildirmiş, məktəbə Heydər Əliyev Fondu adından Azərbaycan xalçasını hədiyyə etmişdir.