“Sovetski”də köçürmə işlərinin ilk real nəticələri açıqlandı
“Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr, 2013-cü il tarixli sərəncamına əsasən söküntü ərazisinə düşən 10500-dək yaşayış və qeyri-yaşayış sahəsində 6 mərhələ üzrə ölçü və inventarlaşdırma işləri aparılmalı idi. İndiyə qədər 6676 təsərrüfatda tam ölçü və inventarlaşdırma işləri aparılıb ”.
"Xeberinfo.com": Məlumata görə, bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini, Yasamal RİH nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.
İ.Səmədov bildirib ki, sərəncamda Bakı şəhərinin Baş Planının icrası və yol infrastrukturunun təkmilləşdirilməsini təmin etməyi nəzərdə tutulub: “Görülən işlərin ilkin nəticəsi olaraq indiyə qədər çox pis şəraitdə yaşayan 2300 ailənin köçürülməsi təmin edilib, 2280 ev sökülüb. Bu, çox pis şəraitdə yaşayan bu insanlara dövlət başçısının yaratdığı şəraitin nəticəsidir. Görülən işlərin digər ilkin mühüm nəticəsi yol infrastrukturu ilə bağlıdır. Komissiya artıq sərəncamda yol infrastrukturu ilə bağlı göstərilən birinci bənddə nəzərdə tutulan işləri yerinə yetirib və bu mərhələdə qarşımızda duran məsələni həll etdik. Konkretləşdirsək, sərəncama əsasən Nəriman Nərimanov heykəlinin arxasından Qurban Xəlilov küçəsi boyu Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinə daxil olmadan Hüseyn Cavid parkına qədər 600 metr yolun çəkilməsi üçün həminə ərazidə yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı köçürülmənin təmin edilməsi nəzərdə tutulmuşdu. Artıq bu tapşırıq yerinə yetirilib, yolun çəkilməsi üçün həmin ərazi tamamilə boşaldılıb, yaşayış və qeyri-yaşayış sahələri o ərazidə tam köçürülüb, yolun çəkilməsi üçün tam imkan yaradılıb. Hüseyn Cavid parkının ətrafında bir çox nazirliklər – Vergilər, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, ölkənin bir sıra ali təhsil müəssisələri yerləşir. Çəkilən yol vasitəsi ilə həmin nazirliklərə və ali təhsil müəssisələrinə birbaşa çıxışı təmin edəcəyik. Bu, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektində tıxacların kəskin şəkildə azalmasına səbəb olacaq.
Tutaq ki, Nəriman Nərimanov heykəlinin yanından Bakı Dövlət Universitetinə getmək istəyən zaman bunun üçün Nəriman Nərimanov heykəlinin yanından Mikayıl Müşfiq küçəsi ilə qalxıb, Əzizbəyov heykəlinin yanından dönərək Hüseyn Cavid prospekti ilə getmək lazım idi. Nazirliklərə, təhsil müəssisələrinin hamısına axın bu yolla idi. İndi bu yol çəkiləndən sonra Nəriman Nərimanov heykəlinin arxası ilə Hüseyn Cavid parkının yanına gəlmək mümkün olacaq. Yolun solunda Vergilər Nazirliyi, yolun sağında Ekologiya və Təbii Sərvətlər Nazirliyi olacaq”.
S.İslamov artıq yolun smeta-layihə sənədlərinin hazır olduğunu, icraçı təşkilatın müəyyənləşdirildiyini açıqlayıb. Onun sözlərinə görə, bir neçə gündür yolun nişanlanması tədbirləri həyata keçirilir.
S.İslamov hazırda Köçürmə Komissiyasının əsas diqqəti ölçü və inventarlaşdırma işlərinə yönəltməsinin səbəbini də açıqlayıb: “Ölçü və inventarlaşdırma işlərinin tam yekunlaşdırılması nəticəsində bizim əlimizdə tam, komplektləşdirilmiş sənəd olacaq ki, nəzərdə tutulan bütün yaşayış və qeyri-yaşayış sahələri ölçülüb. Bu proses başa çatandan sonra müraciət edən bütün sakinləri qəbul etməyə və bütün mərhələlər üzrə söküntü işlərini aparmağa hazır olacağıq. Əvvəlcə belə idi ki, ölçü və inventarlaşdırma işlərinin aparıldığı birinci mərhələ Bakının Yasamal rayonunda N. Nərimanov heykəlindən Vergilər Nazirliyinə qədər ərazini, ikinci mərhələ “Sovetski”dən Abdulla Şaiq küçəsinə qədər ərazini əhatə edirdi, bu ərazilərdə 3500 yaşayış və qeyri-yaşayış sahəsi var idi. Biz o insanları qəbul edə bilirdik. Amma bütün 6 mərhələ - 10 min 500 obyekt üzrə ölçü və inventarlaşdırma işlərini apardıqdan sonra bu ərazidə yaşayan insanların sorğusuna cavab verəcəyik və bütün ərazi üzrə onların köçürülməsini təmin etmək iqtidarında olacağıq. Yoxsa indiyə qədər sakin köçmək üçün müraciət edirdi, bizdə onun sənədi, evinin ölçüləri olmurdu. Ölçü və inventarlaşma işləri başa çatandan sonra bu işləri tam görmək mümkün olacaq. Digər tərəfdən ölçü və inventarlaşdırma işlərinin başa çatdırılması qanunsuz tikinti işlərinin aparılması cəhdlərinin də birdəfəlik aradan qaldırılmasını şərtləndirəcək. Yəni vətəndaşların apardığı hər hansı əlavə tikinti onların sadəcə vəsaitlərini itirməsinə səbəb olur. Ölçü və inventarlaşdırma işlərinin tam yekunlaşması ilə vətəndaşlar da bir daha biləcək ki, sərəncamdan sonrakı dövrdə bu ərazidə aparılan hər hansı tikintinin pulu ödənilməyəcək”.
Qeyd edək ki, Bakının “Sovetski” məhəlləsində 10 500-ə qədər yaşayış və qeyri-yaşayış sahəsi var. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.