Başçının müavini yaşlı və xəstə qadını rayondan didərgin saldı
Saatlı rayon sakini, peşə liseyinin yataqxanasında müvəqqəti məskunlaşmış, 2-ci qrup əlil, 63 yaşlı Gövhər Həsənova on gündür ki, rayon icra hakimiyyti rəsmilərinin təzyiqi nəticəsində rayonu tərk edib
"Xeberinfo.com": Gundeminfo.az--a danışan G.Həsənovaya təzyiqlərin ona ölkə başçısına rayon icra hakimiyyətindən etdiyi şikayətdən sonra başladığını deyir.
Belə ki, xəstə və yaşlı olan şikayətçi yaşayış şəraitinin normallaşdırılması üçün rayon icra hakimiyyətinə etdiyi müraciətlərə hər dəfə rədd cavabı alırmış. Müraciətlərinin birində isə Saatlı rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev “ev olsa özüm yaşayaram”, digər müavin Reyhan Ocaqova isə “lazım gələrsə səni kimsəsizlər evinə yerləşdirərəm. Bu mənim əlimdə iki vur ikidir”- deyərək xəstə və yaşlı qadınla məmura yaraşmayan formada davranıblar. Bundan sonra G.Həsənova yaşayış şəraitinin normallaşdırılması üçün dövlət başçısına 16 dekabr 2014-cü ildə ərizə ilə müraciət edib.
G.Həsənovanın ərizəsindən bir neçə gün sonra onun yaşadığı peşə liseyinin yataqxanasına bir polis zabiti və iki nəfər icra hakimiyyətinin nümayəndəsi gəlib. Tək yaşayan, xəstə və yaşlı qadın səbəbsiz gəlişdən təlaş keçirərək gizlənməyə məcbur olub. Bundan sonra 23.12.2014-cü il tarixdə saat təxminən 20.50 radələrində Saatlı rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev +99450212…. nömrəsindən G.Həsənovaya zəng edərək ölkə başçısına ərizə yazdığı üçün ona irad bildirib. Eyni zamanda israrla tələb edib ki, o mütləq Saatlı Rayon İcra Hakimiyyətinin binasına gəlsin. Bundan qorxan qadın gizlənməyə məcbur olub. Hətta davamlı təzyiq və təqiblər G.Həsənovanı yatağa salıb. Bu azmış kimi 24.12.2014-cü il tarixdə saat 11.16 radələrində +9942128534.. nömrəsindən zəng edən, lakin özünü təqdim etməyən bir nəfər kişi “əgər mən sənə Saatlı rayonunda yaşamaq üçün ev verərəmsə məni ya boğazından asarlar, ya da güllələyərlər” - deyib.
Bu sarsıdıcı sözlər və naməlum zənglərdən bezən, hal-hazırda qorxu və təlaş içərisində olan xəstə və yaşlı qadın ötən gün, son on gündə ikinci dəfə (25.12.2014-cü il tarixdə ölkə başçısına müraciət edib. Müraciətdə deyilir: Artıq nəinki müvəqqəti yaşadığım ünvana, hətta Saatlı rayonuna belə qayıtmağa ehtiyat edirəm. Bu gün (25.12.2014-cü il tarixdə) isə müvəqqəti məskunlaşdığım ünvandan zəng edib bildirdilər ki, mənə verilən cüzi yardımı belə naməlum səbəblərdən kəsiblər. Deməli qorxum əbəs deyilmiş.
Kifayət qədər yaşlı və xəstə olan G.Həsənova hal-hazırda təzyiq və təqiblərdən qurtulmaq, eyni zamanda yaşayış şəraitinin yaxşılaşdırılması üçün ölkə başçısının müdaxiləsini gözləyir. Onu da qeyd edək ki. G.Həsənova on günə yaxındır ki, Saatlı rayon icra hakimiyyəti rəsmilərinin təzyiqi nəticəsində rayonu tərk edib.Məsələni gündəmdə saxlayacağıq.