Bakıda "Gilan Holding"ın vergi borcuna görə sakinlər əziyyət çəkir-"Zaman" isə iynə olub, samanlıqda "itib"...
Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski 54/56 ünvanında yaşayan sakinlər illərdir ki, yaşadıqları binada mənzillərinə qeydiyyata düşə bilmirlər. “Zaman” Elmi-İstehsalat Müəssisəsi tərəfindən inşa olunan 19 mərtəbəli bina 2015-ci ildən dövlət istismarına qəbul edilib və 4 ilə yaxındır ki, qaz, su, elektrik enerjisi və digər kommunal xidmətlərlə təmin olunur. Amma buna baxmayaraq, sakinlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yəni “kupça” verilmir.
Yenixeber.org: Bu şikayətlə saytımıza həmin binada yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, bu illər ərzində tikinti şirkəti onları “bütün sənədlər hazırdır, 2-3 aya çıxarış olacaq” vədi ilə yola verib.
Sözügedən bina dövlət planına əsasən sökülən Azadlıq prospekti 159 ünvanındakı 1 bloklu, 17 mərtəbəli binanın əvəzinə tikilib. Yeni binanın inşası elə əvvəlki sahibkara “Zaman” Elmi İstehsalat Birliyinin rəhbəri Sabir İslamova həvalə olunub və tikintiyə dövlət tərəfindən 5 milyon manat vəsait ayrılıb. Binanın bir il ərzində tikilib başa çatdırılması isə Fövqaladə Hallar Nazirliyinə tapşırılıb.
Amma sakinlər deyirlər ki, tikintiyə nəzarəti qeyri-rəsmi olaraq “Gilan” Holdinq həyata keçirib. İnşaat şirkətinin rəhbəri Sabir İslamov bir neçə dəfə sakinlərlə görüşərək bildirib ki, problemin tikinti şirkətinə heç bir aidiyyatı yoxdur. Belə ki,“Zaman” Elmi-İstehsalat Müəssisəsi ilə “Gilan” Holdinq arasında bağlanan müqaviləyə görə, bina tikilib təhvil veriləndən sonra generator, pulsuz dayanacaq sahəsi ilə təmin etmə və bütün digər xərcləri “Gilan” öz üzərinə götürüb. Amma sonradan holdinq razılaşmanın şərtlərini pozub. “Gilan” Holdinqin sözügedən binaya görə Vergilər Nazirliyinə təxminən 350-400 min manat borcu olduğundan “kupça” verilməsi illərdir ki, yubadılır.
“Vergi borcunun bizə heç bir dəxli yoxdur!” – sakinlər etiraz edir
Qeydiyyat sənədinin verilməməsi ciddi problem yaratdığından sakinlərin bəziləri əlacsız qalıb qohumlarının evinə, bəziləri polis idarəsinə evsiz kimi qeydiyyata düşüb, bəziləri isə eləcə “havada” qalıblar. Vergilər Nazirliyinə olan borcu ödəmək isə sakinlərin imkanı xaricindədir.
Bina sakini Fəxrəddin Mirzəyev deyir ki,şirkətin vergini ödəyib-ödəməməsinin sakinlərə heç bir dəxli yoxdur. Vergi orqanları ödəniş etmək istəməyən şirkətə sanksiya tətbiq edərək vergini alsın: “Bizim əvvəlki binada 92 mənzil var idi, hazırki binada isə mənzillərin sayı 167-dir (2 blok, 19 mərtəbə). Bir blok və hər iki blokda iki mərtəbə, təxminən 8-10 min kv metr ərazi “Gilan” Holdinqə verilib və ona məxsus “Qaya” əmlak şirkəti vasitəsilə satılaraq qazanc əldə edilib. Amma buna baxmayaraq vergi borclarını ödəmək istəmirlər. Bu axı bizim problemimiz deyil, biz pulumuzu verib evimizi almışıq. Buna görə niyə sakinlər sənədsiz qalmalıdır ki?!”
Şikayətçi deyir ki, ötən ilə qədər binanın idarə olunması inşaat şirkəti olan “Zaman” Elmi-İstehsalat Müəssisəsi tərəfindən həyata keçirilib. Şirkət binaya öz nümayəndəsini komendant təyin edib və sakinlərə yaşadıqları mənzilin hər kvadrat metrinə görə 35 qəpikdən kommunal vergi hesablanıb. Sonradan bu verginin 45 qəpiyə qaldırılacağı və sakinlər üçün binanın həyətində ayrılmış avtomobil dayanacağının ödənişli olacağı ilə bağlı xəbərdarlıq olunub. Buna etiraz edən bina sakinləri toplaşaraq “Zaman” Elmi-İstehsalat Müəssisəsinin rəhbərliyini binanın idarəçiliyindən uzaqlaşdırıblar. Rəsmi olaraq təhvil-təslim prosesi tamamlanmasa da, sakinlər arasından binaya yeni komendant təyin olunub və təsərrüfat işləri ona tapşırılıb.
“Zaman” getdi, amma heç nə dəyişmədi…
Yalnız bundan sonra sakinlərdən mənzillərinin kv metrinə görə alınan vergi azaldılaraq 25 qəpiyə salınıb. Amma dövlət reyestrindən çıxarışı almaq müşkülə çevrilib. Sakinlər deyirlər ki, binanı inşa edən şirkət də, satan da pullarını götürüb aradan çıxıblar, ortada isə qanuni qeydiyyat sənədini ala bilməyən sakinlər və 400 min manatlıq vergi borcu qalıb.
Bina sakini Elçin Əliyev deyir ki, yaranmış problemlə bağlı demək olar ki, bütün aidiyyati dövlət orqanlarına müraciət olunub. “ASAN” Xidmətdən sakinlərə binanın çıxarışının çoxdan hazır olduğunu, vergi borcuna görə verilmədiyini deyiblər.
“Bu ilin yanvar ayında Prezident Administrasiyasına da şikayət ərizəsi yazmışıq. Bundan başqa, “Gilan” Holdinqə, “Qaya” əmlak şirkətinə məktubla müraciət etmişik. Hətta prokurorluğa burada vergidən yayınma halının olması ilə bağlı müraciət etmişik, amma hələ indiyə kimi cavab almamışıq”, - deyə E. Əliyev bildirir.
“Zaman” zənglərə cavab vermir, “Gilan” isə ancaq yazılı şikayətləri cavablandırır
Şikayəti araşdırmaq üçün tikintini həyata keçirən “Zaman” Elmi-İstehsalat Müəssisəsinin rəhbəri Sabir İslamovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.
“Gilan Holdinq”-dən isə hər hansı şikayətə yazılı şəkildə baxıldığını dedilər: “Hazırda rəhbərlik işdə yoxdur. Əgər nəsə şikayətiniz varsa, onu yazılı şəkildə göndərin. Biz ancaq yazılı formada şikayətləri araşdırırıq”.
Xatırladaq ki, saytımız daha əvvəl də həmin binada yaşayan sakinlərin müraciətini işıqlandırıb, lakin problem öz həllini tapmayıb.(virtualaz.org)
Gülnar Əliyeva