Gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib-Nərimanovda - (fotolar)
Yenixeber.org: 04 oktyabr 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında hərbi xidmətə yolasalınan gənclərlə görüş keçirilib. Görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hərbi xidmətə yeni çağırılmış gənclərə yollarının açıq, sağ-salamat gedib, sağ-salamat evlərinə, ailələrinə dönmələrini arzulayıb, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.
Ş.İbadov əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirdiyini bildirmiş, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib.
Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Qəşəm Mahmudov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, şəhid anası Sona Vəliyeva, Əmək Müharibə və Silahli Qüvvələr Veteranların Təşkilatının sədr müavini Cəlil Xəlilov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov və 258 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Ləman Əzizli dövlətimizin hərbi xidmətə çağırılmış gənclərə diqqət və qayğısından söhbət açıblar.
Diqqətə çatdırıblar ki, bu gün Azərbaycan Silahlı Qüvvələri mənfur düşməni hər an məhv etməyə qadir güclü maddi-texniki bazaya malikdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Çağırışçı gənclər adından Arif Məmmədov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şərəflə vətənin müdafiəsinə, işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsinə hazır olduqlarını bildirdi.
Sonda hərbi vətənpərvərlik sahəsi üzrə keçirilən tədbirlərdə fəal iştirakına, həmyaşıdları arasında nümunəvi davranışına və təhsilində fərqləndiyinə görə bir qrup şagirdlərin Fəxri Fərmanla, hərbi xidmətə yolasalınan gənclər isə hədiyyələr ilə təltif olunub və Azərbaycan Respublikasının üçrəngli bayrağını öpərək həqiqi hərbi xidmətə yola salınıblar.