Yenixeber.org: “Bu gün çox təəssüf ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərən müntəzəm maşrut xətləri üzrə daşıyıcıların bir çoxunu yalnız biznes maraqlandırır”.

Bunu AzNews.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki,sərnişindaşıma əslində daha çox sosial məsuliyyət tələb edən sahədir: “Yəni burda fəaliyyət göstərən sahibkar hər zaman üzərində bir məsuliyyət olduğunu hiss eləməlidir. Nəinki sahibkarlar, onun sürücüsü də, digər işçiləri də özlərində bu məsuliyyəti hiss eləməlidirlər”.

M. Ağayev bildirib ki, dövlət tərəfindən sahibkarlığın inkişafı üçün münbit şərait yaradılıb: “Ən son Tarif Şurasının qiymət dəyişməsində qərarı da ona hesablanıb ki, sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkarlar bu sahəyə sərmayə qoyuluşunu artırsınlar, daha keyfiyyətli xidmət göstərsinlər. Amma görünən odur ki, çox az sahibkar bu sahədə keyfiyyət artımı göstərir. Böyük əksəriyyəti bu vəziyyətdənsui-istifadə edir. Sosial məsuliyyəti unudur, öz qazanclarına uyğun davranır. Belə olan halda təbii ki, artıq müvafiq dövlət qurumunun, Bakı şəhərində deyək ki, Bakı Nəqliyyat Agentliyinin artıq sərnişindaşınma fəaliyyətində payı artırılmalıdır. Bu, vacibdir və eyni zamanda sərnişinlərin də xeyrinə olan bir addımdır. Məsəl üçün dövlət qurumu olan “BakuBus” MMC göstərdiyi xidmətə, sürücülərin peşəkarlıq səviyyəsinə, avtobusların texniki vəziyyətinə və digər xüsusiyyətlərinə görə digər daşıyıcılarla müqayisə olunmayacaq səviyyədədir. Dövlət qurumu tərəfindən idarə olunan sərnişindaşıma daha keyfiyyətlidir. Bütün maşrut xətlərinin dövlətin tabeliyinə keçməsinin bir çox müsbət tərəfi var. Biz sükan arxasında qeyri-peşəkar sürücülər görməyəcəyik, qeyri-peşəkar sürücülər tərəfindən törədilən qəzaların sayında azalmalar müşahidə olunacaq. Eyni zamanda dövlət qurumuna keçiriləndə kart sistemi sürətləndiriləcək. Kart sisteminin özünün də müsbət cəhətləri var. Sərnişindaşımada gedişhaqlarının ödənişində şəffaflıq maksimum dərəcədə təmin olunacaq. Sərnişin axınına uyğun avtobusların sayı düzənlənəcək, dispetçer məntəqəsindən idarəetmə olacaq. Bu zaman da artıq biz onların intervallarında yaranan problemlərin böyük bir faizinin aradan qalxmasına nail olacağıq”.

M. Ağqayev xatırladıb ki, dövlət başçısı tərəfindən avqustun 1-də 300 ədəd yeni sərnişindaşıma avtobusunun alınması haqqında sərəncam imzalanıb.

“Artıq bu istiqamətdə işlərə başlanılıb. Həmin avtobuslar gətirildikdən sonra təbii ki, onların istismarı yəqin ki, BNA tərəfindən həyata keçiriləcək və həmin avtobuslar maşrut xəttlərinə müsabiqə yolu ilə buraxılacaq. Yalnız müsabiqənin şərtlərinə uyğun şəxslər seçiləcək. Bizim əsas məqsədimiz vətəndaşlara layiqli sərnişindaşıma xidmətini göstərməkdir”, - deyə o əlavə edib.