Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daha 300 ədəd və daha 48 milyon manat...-10 qəpiklik artımın əsl səbəbləri

 

Ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncam Azərbaycanda avtobus nəqliyyatında və metroda gediş haqlarının Tarif Şurası tərəfindən 10 qəpik artırılmasının əslində sərnişindaşımada xidmət səviyyəsini Avropa standartlarına yaxınlaşdırmaq və bu sahədə illərdir mövcud olan problemləri kökündən aradan qaldırmaq istiqamətində görülən kompleks tədbirlərin bir hissəsi olduğunu təsdiq edib. Belə ki, prezident özünün ehtiyat fondundan Bakı şəhərində marşrut xətlərinə buraxılmaq üçün 300 ədəd yeni avtobusun alınmasına 48 milyon manata yaxın vəsait ayırıb.

Yenixeber.org: Prezidentin sərəncamında xatırladıldığı kimi son illərdə Bakı şəhərində sərnişin  avtobusu parkının yenilənməsi üçün dövlət büdcəsi hesabına 300-ə qədər yeni avtobus alınaraq Bakı Nəqliyyat Agentliyinin sərəncamına verilib. Prezidentin dünənki sərəncamı isə paytaxtın sərnişin avtobusu parkından sınıq-salxaq, təhlükəsizlik normalarına cavab verməyən, isti yay günlərində qızıb “hamama dönən” avtobuslardan təmizlənməsi üçün növbəti iri addımdır.

Sərnişinə “20 qəpik” kimi baxanlar...və islahatlar

Bakıda xüsusən avtobuslarla sərnişindaşımada problemlər uzun müddətdir sistemli xarakter daşıyırdı, bu sahə sərnişinlərə “20 qəpik” kimi baxan, heç bir normalara əməl etməyən, sükan arxasında bir çox hallarda hətta narkomanları əyləşdirən ayrı-ayrı sahibkarların de-fakto inhisarında idi.

Nəhayət 2015-ci ildən başlayaraq bu sahədə sistemli islahatlar, dəyişikliklər həyata keçirilməkdədir. Sərnişindaşımanı tənzimləmək üçün xüsusi struktur-Bakı Nəqliyyat Agentliyi yaradılıb, sərnişinlərə “İVECO-Fransa” şirkətinin istehsalı olan müasir, rahat avtobuslarda nümunəvi xidmət göstərən “BakuBus” şirkəti fəaliyyətə başlayıb. Və sərnişindaşımada vəziyyət nəhayət müsbətə doğru dəyişməkdədir. Gediş haqlarının artırılmasından sonra sərnişinlər ödədikləri 30 qəpiyin əvəzində haqlı olaraq daha yüksək keyfiyyətli xidmət-daha rahat, təhlükəsiz və kondisionerli avtobuslarda getmək imkanı da əldə edəcəklər. Çünki prezidentin ayırdığı vəsait hesabına alınacaq avtobuslar standartlara uyğun olmayan sınıq-salxaq avtobusları xətlərdən kənarlaşdırmağa imkan yaradacaq.

BNA: “İyunun 21-də tender elan etmişik…”

Bakı Nəqliyyat Agentliyi də sərnişinləri buna əmin edir. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev virtualaz.org-a bildirib ki, iyunun 21-də müasir sərnişin avtobuslarının alınması ilə bağlı tender elan edilib. Tenderin nəticələrinə uyğun olaraq sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımdan müəyyən edilən tələblərə cavab verən avtobusların prezidentin ayırdığı vəsait hesabına alınaraq Bakıya gətirilməsi təmin ediləcək. Həmin nəqliyyat vasitələri qanunvericiliyin tələbinə uyğun müsabiqə yolu ilə marşrut xətləri üzrə istismara buraxılacaq.

Təzə avtobuslarla iş bitmir, “bespredel” də aradan qaldırılacaq

BNA təkcə yeni avtobusları xətlərə buraxmaqla kifayətlənməyəcək, nəhayət narkomanları, sərxoşları, sürücülük vəsiqəsi belə olmayan kriminal keçmişə malik şəxsləri sükan arxasına əyləşdirən daşıyıcı şirkətlərə qarşı da hərəkətə keçəcək. Ağayev deyir ki, Bakı Nəqliyyat Agentliyi bütün müntəzəm marşrut xətlərinin yenidən müsabiqəyə çıxarılması ilə bağlı qərar qəbul edib.

“Müsabiqəyə ilk olaraq sərnişinlərin daha çox narazılığına səbəb olan, fəaliyyətini sərnişindaşıma tələblərinə uyğun qurmayan, işində ciddi nöqsanlara yol verən, müasir avtobus parkına və peşəkar sürücü heyətinə sahib olmayan daşıyıcıların istismarında olan xətlər çıxarılacaq. Beləliklə, işinə məsuliyyətsiz yanaşan, sərnişindaşıma sektorunun inkişafına sərmayə yatırmayan, bu sahəyə yalnız gəlir mənbəyi kimi baxan, sosial məsuliyyətlərini unudan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq”, - Ağayev söyləyib.

Bakıda avtobusların yarısı yararsızdır

Onun sözlərinə görə, bu gün Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətləri üzrə avtobusların 50 faizindən çoxu istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var. Xüsusən də, ətraf kənd və qəsəbələr istiqamətində olan sərnişin avtobusları texniki baxımdan köhnəldiyindən tələblərə cavab vermir. Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, bəzi daşıyıcılar tərəfindən 1000-ə yaxın avtobus əsaslı təmir edilərək xəttə buraxılıb.

“Buna baxmayaraq, sərnişindaşıma sahəsində mövcud vəziyyət sərnişinlərimiz kimi bizi də narahat edir. Prezidentin 8 avqust tarixli sərəncamı bu kimi narahatlıqların aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Yeni avtobusların alınıb gətirilməsi və marşrut xətləri üzrə istismara verilməsi prosesi təkcə bununla yekunlaşmayacaq və bütün marşrut şəbəkəsi üzrə avtobuslar yenilənədək davam edəcək”-BNA rəsmisi bildirib.

M.Ağayev əlavə edib ki, gətiriləcək yeni nəqliyyat vasitələrinin idarə edilməsi Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlim keçən peşəkar sürücülər tərəfindən həyata keçiriləcək. Bunun üçün də zəruri olan tədbirlər görülməkdir. Bir avtobusun idarə edilməsi üçün iki nəfər sürücüyə ehtiyac olduğunu nəzərə alsaq, dövlət başçısının sərəncamı yeni iş yerlərinin açılması baxımından da olduqca mühüm əhəmiyyət kəsb edən bir sənəddir. Vətəndaşa yüksək keyfiyyətli nəqliyyat xidmətlərinin, o cümlədən sərnişindaşıma xidmətinin göstərilməsi dövlət başçısı tərəfindən qarşıya əsas tapşırıq olaraq qoyulub.

Nazirlik də daşıyıcılara yeni tələblər qoydu

Gediş haqlarının artırılmasının sərnişindaşımada Ziya Məmmədov dövründə yaranmış xaosu aradan qaldırmağa hesablanmış kompleks tədbirlərdən ancaq biri olduğunu ötən gün verilən daha bir qərar təsdiqləyir.

Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişin daşıyıcı şirkətləri qarşısında tələbləri yeniləyib və gedişhaqqı artırılandan sonra daşıyıcı şirkətlər qarşısında yeni tələblər qoyub.

“Sərnişin nəqliyyatı parkında nəqliyyat vasitələrinin bir hissəsi texniki baxımdan köhnəlib və bununla bağlı məlumat da açıqlanıb. Əvvəllər sərnişin daşıyıcı şirkətlər tariflərin aşağı olmasını əsas gətirirdilər. Lakin tariflər artırıldıqdan sonra daşıyıcılar qarşısında tələbləri yeniləmişik və bununla bağlı iş aparılır. Belə ki, avtonəqliyyat vasitələrinin daha təhlükəsiz olması, texniki cəhətdən daha standartlara cavab verən, daha yüksək səviyyəli xidmətlə bağlı tələblər yenilənib və bu istiqamətdə tədbirlər görülür”-Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahverdiyeva məlumat verib.

Ekspert: “Tezliklə vəziyyətin ciddi dəyişməsinin şahidi olacağıq”

Yol və nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov da virtualaz.org saytına deyib ki, prezident İlham Əliyevin sərəncamı sərnişindaşınmada keyfiyyəti yüksəltməklə mövcud problemlərin aradan qaldırılmasına səbəb olacaq. Nəticədə sərnişinlər razı qalacaqlar.

“Gediş haqqlarının artırılmasına gəldikdə, qiymət artımından əldə olunan vəsait nəqliyyat sahəsində infrastrukturun yenilənməsinə yönələcək. Çünki müasir avtobus texnikasının istismarı, onlara ehtiyat hissələrinin alınması 20 qəpik gediş haqqı ilə mümkün deyildi. Sahibkarlar gediş haqlarının aşağı olduğunu bəhanə gətirib avtobus parklarını yeniləmirdilər, vaxtlı-vaxtında texnikanı təmir etmirdilər və təhlükəsizlik normalarını kobud şəkildə, müntəzəm pozurdular. İndi isə görülən tədbirlər sayəsində köhnə, istismar müddətini bitirmiş avtobuslar yenisi ilə əvəzlənəcək, yeni marşrut xətti açılacaq. Biz tezliklə sərnişindaşımada vəziyyətin ciddi şəkildə dəyişməsinin şahidi olacağıq”, -Allahverənov bildirib.

Prezidentin ayırdığı vəsait hesabına avtobusların hansı şirkətdən alınacağı BNA tərəfindən elan edilmiş tenderin nəticələrinə əsasən məlum olacaq. Amma ehtimal edilir ki, Bakıya 300 yeni avtobusun böyük qismini yenə də “İVECO Fransa” şirkəti təmin edə bilər. Prezident İlham Əliyev ötən ay Fransaya səfəri zamanı bu şirkətin Silvan Blezlə görüşmüşdü və şirkətin Bakı şəhərinin müasir sərnişin avtobusları ilə təchizatındakı rolunu yüksək qiymətləndirmişdi.

F.Məmmədov

Ü.Xudiyeva


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam