Yenixeber.org: Uşaqları bağçaya göndərərək onları ev mühitindən çıxarıb başqa mühitə göndərmiş oluruq. Yeni dostlar, yeni ətraf qazandırmış oluruq ona. Uşaqların kiçik yaşdan həmyaşıdları ilə ünsiyyət qurmaq alışqanlığının yaranması onların gələcək həyatdakı uğurlarının təməl addımlarındandır.

Bəs uşaqlar üçün bağça seçimi edərkən nələrə diqqət etmək lazımdır?

AzNews.az bu barədə məlumatları sizinlə bölüşür.

Məsafə

Əsasən şəhər mərkəzində yaşayırsınızsa, özünüzə uzaq məsafədə bağça seçmək sizin üçün əlverişsizdir. Çünki şəhər mərkəzində tıxaclar daha çox olur. Buna görə də yaşadığınız yerə yaxın ərazidəki bağçalara üstünlük verməyiniz məsləhətdir.

Bağça fəaliyyəti

Seçiminizi uşağınızın xarakterinə və sevimli fəaliyyətinə görə edə bilərsiniz. Uşaqların sevdiyi məşğuliyyətlər fərqlidir. Bəziləri idman edib, oynamağı sevərkən bəziləri də musiqi dinləməyi, şəkillər çəkməyi sevir. Buna görə də uşaqlarınızın sevdiyi məşğuliyyətlərlə bağçada məşğul ola biləcəyi haqqında məlumatlar toplayın.

Bağça gəzintiləri

Uşaqlar çox aktiv olduqları üçün çöldə oynamağı daha çox sevirlər. Amma bəzi bağçalar havalar soyuyanda uşaqlara çöldə oynamağa icazə vermir, gəzintiyə aparmaqdan imtina edir. Səbəb kimi isə uşaqların xəstələnə biləcəyini göstərirlər. Amma bu yanlışdır, çünki soyuq havalarda qalın geyinərək uşaqları soyuqdan qorumaq mümkündür. Buna görə də bağça seçimi edərkən əsasən uşaqlarınızın istəklərini nəzərə alın.

Ad günləri

Bütün ailələrin maddi imkanları eyni olmadığı üçün uşaqların bağçada dostları ilə ad günlərini qeyd etdikləri zaman gətirdikləri tortlar da fərqli olur. Bəzən bu fərqlər uşaqlarda utanma, özgüvənsizlik yaradır. Bunları aradan qaldırmaq üçün bəzi bağçalar doğum günləri olan uşaqlar üçün öz mətbəxlərində uşaqların özləri ilə birgə tortlar hazırlayır. Belə bağçalara üstünlük verməyiniz daha doğru olar.

Verdikləri yeməklər və yemək yedirmək üsulları

Bəzi bağçalarda uşaqlara yeməklərini bitirməsən masadan qalxa bilməzsən, yeməlisən deyilir. Bunlar uşaq psixologiyasına mənfi təsir göstərir. Uşaqları belə şəylə hədələmək yerinə, həmin yeməyin onlar üçün nə qədər xeyirli olduğunu başa salmaq daha doğrudur. Buna görə də, bağçaların necə yemək yedirtdiklərini öyrənmək lazımdır.

Bağçada həkim varmı?

Bağçada hər zaman həkim və ya ilkin tibbi yardım biliyi olan birinin olması çox vacibdir. Bu uşağınızın sağlamlığı üçün əsas şərtlərdən birincisidir.