BAĞA BAXMAZSAN, DAĞ OLAR-FOTO
Yenixeber.org: 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanmış və ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyənləşdirilmişdi. Bakının Nəsimi rayonundakı əsaslı təmir edilən "Qərənfil” körpələr evi-uşaq bağçası bu istiqamətdə atılan addımlardan biridir. "Qərənfil" körpələr evi - uşaq bağçası 1968-ci ildən fəaliyyət göstərir. 2017-ci ilin fevral ayından başlayaraq bu uşaq tərbiyə müəssisəsində təmir işləri görüldü, lazımi şərait yaradıldı. Bağça lazımi inventarla təchiz edildi, bütün mebel dəstləri və avadanlıq yenisi ilə əvəz olundu. 225 uşaq yerlik müəssisə azyaşlı sakinlərin zövqünə uyğun qurulmasında məqsəd, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək idi. Körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradıldı. Üçkorpuslu məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradıldı. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyəti gözoxşayan səviyyəyə çatdırılmış, xüsusi istirahət guşələri quruldu, müasir uşaq əyləncə qurğuları quraşdırıldı. Keçən ilin sentyabr ayında əsaslı təmirdən sonra yenidən balaca sakinləri qəbul edən bağça ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tanış olub, müəssisənin işinə uğurlar arzulayıb. Bundan başqa, keçən ilin oktyabr ayında Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində “Qərənfil” uşaq bağçası- körpələr evinin həyətində iməcilik keçirilmiş, müxtəlif növ meyvə ağacları əkilmişdir. Sonrakı aylarda da bağçanın infrastrukturunun təkmilləşdirilməsinə yönəlik işlər davam etdirilmişdi.
Yəqin müşahiidəli oxucular diqqət yetirdilər ki, uşaq müəssisəsində görülmüş işləri təsvir edərkən, keçmiş zaman şəkilçilərindən istifadə edirik. Bu da səbəbsiz deyildir. Həmin səbəbi izah etməzdən əvvəl bir atalar sözünü xatırlatmaq istərdik: "Bağa baxarsan - bağ olar, baxmazsan - dağ olar". Bu məsəldə əlbəttə ki, "dağ" sözü dərdin böyüyüb dağ boyda olması, sinəyə dağ çəkilməsi ilə müqayisə ediləcək qədər ağır olması anlamına gəlir. Məhz bağça müdiriyyətinin nəzarətsizliyi (yumşaq ifadədir - red.) nəticəsində sözügedən körpələr evi - uşaq baçasının ətrafı baxımsız vəziyyətə düşərək, sözün həqiqi mənasında zay olub. Otlar quruyub. Hazırki isti günlərdə xırdaca bir qığılcım yetər ki, yanğın törənsin və onsuz da yararsız hala düşmüş qazondan əsər-əlamət qalmasın.Gözlənilməz hər hansı bir kiçik yanğının baş verəcəyi halda ətrafdakı ağacların məhv olma təhlükəsi vardır.Hətta həyətin bir tərəfində bağça infrastrukturunda nəzərdə tutulmayan, uşaqların qida rasionuna aid olmayan, hansısa şəxsi məqsədlərə xidmət edən bostan-tərəvəz bitkilərinin əkildiyi də müşahidə olunur ki, bu da müdiriyyətin göz yumması sayəsində mümkün olmuşdur. Yəqin ki, əlaqədar qurumlar bu məsələni nəzarətə götürəcəklər və "Qərənfil" körpələr evi- uşaq bağçasında digər müstəvilərdəki işlərin də təravətini itirməsinin qarşısını vaxtında alacaqlar.(mediatv.az)